Əflatun Amaşov: “Prezidentə müraciət etmişik, cavab gözləyirik”
15.02.2016 14:43 Sosreaksiya 811
Manatın dəyərdən düşməsindən sonra mətbuatın durumu, çap xərclərinin artması, internet mediasının dövlət tərəfindən maliyyələşməsi məsələsi…
Bütün bu məsələlərlə bağlı sualları deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov cavablandırır.
- Əflatun bəy, artıq deputatlığınızın 100 günlüyü tamamlandı. Öz-özünüzə ötən müddətin hesabatını verdinizmi?
- Bəlkə hesabat vermək üçün hələ tezdir. Mənim parlamentə gəlməkdə məqsədlərim bundan ibarət olub ki, Mətbuat Şurası müstəvisində gördüyümüz vəziyyəti parlamentə daşıyım. Yəni hər hansı problem varsa, necə ki, biz onu Mətbuat Şurası müstəvisində həlli yollarını tapırıq, müvafiq qurumlara müraciət edirik, eyni zamanda bunları parlamentdə qoymaqla məsələləri daha çox ictimailəşdiririk. Bu, mənimçün maraqlı nüansdır. Digər tərəfdən hesab edirəm ki, Azərbaycan qanunvericilik bazası ümumiyyətlə, yenidən işlənilməli, müasirləşməlidir. Bura informasiya təhlükəsizliyi ilə bağlı qanun, “Diffamasiya haqqında” Qanunun qəbulu da daxildir.
Artıq yeni jurnalistika, onlayn jurnalistika meydana gəlib. KİV haqqında qanunvericilik aktlarımız demək olar ki, yazılı mətbuat, ənənəvi jurnalistika ilə bağlıdır. Cinayət Məcəlləsində və digərlərində internet mediasından demək olar ki, çox ötəri bəhs olunur. Ona görə də qanunverici bazamızı internet mediası ilə əlaqədar kifayət qədər zənginləşdirməliyik. Yəni qanunvericilik bazamızı beynəlxalq standartlara uyğunlaşdırmalıyıq. Parlamentə gəlməkdə əsas istəklərimdən biri də budur.
Digər tərəfdən mən Saatlıdan deputat seçilmişəm. Mütəmadi olaraq seçicilərimlə görüşürəm. Mətbuat Şurasına da hər gün seçicilər gəlir. Fərdi problemlərlə bağlı da, müalicə işi, yaxud məhkəmələrlə, işsizliklə əlaqədar müraciətlər də çox olur, çalışıram ki, köməyimi əsirgəməyim. Hesab edirəm ki, nələrsə etmək mümkündür, birinci, istəyəsən, ikincisi, insanlarla görüşdən qaçmayasan, problemi öyrənib müvafiq qurumlar qarşısında məsələ qaldırasan. Mən çalışıram ki, məsələlərə qlobal yanaşım, ayrı-ayrı nazirliklər və komitələrin diqqətini Saatlıya yönəldim.
- Yönəldə bilirsiniz? Həmkarlarınız şikayətlənir ki, nazirlər telefonu belə qaldırmır, əvəzində katibələr “alo” deyir...
- Mən istənilən nazirlə, komitə rəhbəri ilə çox asanlıqla görüşürəm, rayonun problemlərini onların diqqətinə çatdırıram. Elə olmayıb ki, mənə hansısa katibə cavab versin və nazirlə görüşə bilməyim.
- Bu, mətbuatın üstünlüyüdür, yoxsa...
- Bu, eyni zamanda əlbəttə, mətbuatın üstünlüyüdür.
- Görünən budur ki, devalvasiya qərarından sonra mətbuatın vəziyyəti günbəgün ağırlaşır. Parlament tribunasından qəzet kağızına tətbiq olunan Əlavə Dəyər Vergisinin (ƏDV) ləğvinə çağırış etdiniz. Ötən günlərdə bu çağırışa hökumətdən reaksiya oldumu?
- Artıq məsələ öyrənilir. Bizdə olan məlumata görə, ƏDV ilə bağlı müəyyən araşdırmalar aparılıb. Hesablamalara görə, kağız məhsullarına tətbiq edilən ƏDV-dən büdcəyə cəlb oluncaq gəlirin illik miqdarı yarım milyona qədərdir. Bu da kifayət qədər azdır. Hazırda bu məsələlər həm Nazirlər Kabinetində, həm də Prezident Administrasiyasında müzakirə olunur. Gözləntim var ki, biz bu problemi həll edə biləcəyik. Söhbət ƏDV ilə bağlı məsələdən gedir. Ancaq bizim istəyimiz yalnız ƏDV-nin ləğvi deyil. Dərindən araşdırma aparsaq, görərik ki, neftin qiymətinin dəfələrlə düşməsindən sonra Azərbaycandakı devalvasiya mətbuata da ciddi problemlər yaradıb. Hətta ƏDV olmasa da, qəzet kağızı ölkədən kənardan gətirilir və bu, valyuta ilə alınır. Əgər biz bunu Azərbaycan manatı ilə eyniləşdirsək, qiymət təqribən 100 faizdən çox artıb. Çap xərcləri 50-60 faiz qalxıb. İndiki şəraitdə bunlar istər-istəməz mətbuatın durumuna təsirsiz ötüşməyəcək. Belə bir məqamda Mətbuat Şurası təklif edir ki, KİVDF-yə ayrılan vəsait artırılsın.
- Ölkədə maliyyə çətinliklərinin olduğu şəraitdə bu, gözləniləndirmi?
- Bu, Mətbuat Şurasının istəyidir.
- KİVDF-nin İcraçı direktoru Vüqar Səfərli ilə birgə bu məsələni müzakirə etmisinizmi, mövqeyiniz üst-üstə düşürmü?
- Əlbəttə. Mən eyni zamanda KİVDF-nin Müşahidə Şurasının üzvüyəm, bu məsələni orda da müzakirə etmişik. Ümumi rəyimiz belədir ki, KİVDF-yə ayrılan vəsait artırılsa, biz mətbuatın qarşılaşdığı problemləri müəyyən mənada həll edə bilərik. KİVDF ildə iki dəfə ayrı-ayrı KİV-ləri maliyyələşdirir. Əgər biz vəziyyəti dərindən təhlil etsək, görərik ki, artıq KİVDF-nin verdiyi vəsait də yaranmış durumda problemləri əvvəlki kimi həll edə bilməyəcək. Vəsait artırılsa, bu böhranlı vəziyyəti arxada qoymaq mümkün olacaq.
- Əflatun bəy, internet mediasının dövlət tərəfindən maliyyələşdirilməsi məsələsi də gündəmdədir. Bununla bağlı vəziyyət nə yerdədir, bir aydınlıq yaranıbmı, yoxsa elə təklif olaraq qalır?
- Bir vaxtlar ictimai fikri televiziyalar formalaşdırırdı, indi yavaş-yavaş televiziyalar öz yerini internet üzərindən yayımlanan jurnalistikaya verir. Ötən il Azərbaycanda keçirilən Birinci Avropa Oyunları ərəfəsində, oyunlar vaxtı və daha sonra Azərbaycana qarşı qarayaxma kampaniyası vüsət almışdı. Bu kampaniyaya qarşı ölkəmizdə fəaliyyət göstərən onlayn jurnalistika daha çevik cavab verə bildirdi. Faktiki olaraq dünyada informasiya müharibəsi gedir, biz o müharibənin içərisindəyik. Hansı ölkənin daha çox informasiya resursu varsa, hansı ölkə daha çox onlayn jurnalistikaya söykənirsə, o ölkə kənarda öz imicini daha asan formalaşdıra bilir. Bu, bizə də aiddir. Azərbaycan mətbuatının 140 illiyi ilə bağlı keçirilən tədbirlərdə cənab prezident Mətbuat Şurasının İdarə Heyətinin üzvlərini qəbul edəndə biz bu məsələni qaldırdıq və müsbət rəy də aldıq ki, onlayn jurnalistikanın dövlətdən maliyyələşməsi vacibdir. Mən bunun da həyata keçiriləcəyinə əminəm. Yaxın günlərdə olub-olmayacağını deyə bilmərəm. Ancaq bu, jurnalistikamız üçün, Azərbaycanın imicinin kənarda formalaşması üçün kifayət qədər vacib məsələdir. Biz mütləq bu addımı atmalıyıq və addımın atılacağına inanıram.
- Mətbuat Şurasının onlayn medianın maliyyələşməsi ilə bağlı konsepsiyası varmı? Siz internet medianın bolluğu şəraitində bir təsnifat işlərini aparmısınızmı ki, maliyyələşmə hansılarını əhatə edə bilər?
- Biz keçən iclasda bu məsələni müzakirə etdik, qaydaların layihəsini hazırladıq. Burada əsasən informasiya gücünün olması, informasiyanın əhəmiyyətliliyi vacib olan məsələlərdəndir. Eyni zamanda əlbəttə, İP də burada rol oynamalıdır. Biz adətən, 80-120 arasında olan xəbər portalları ilə işləyirik. Bəzi xəbər portallarının ünvanı, telefonu olmur, sayğaclar yanlış olur, bəziləri ölkədən kənardadır, bilmirsən kimdir. Yəqin ki, maliyyələşəcək xəbər portalları jurnalistikanın Peşə Davranış Qaydalarına sadiq qalmalıdır, ölkədə baş verən olayları bu qaydalar çərçivəsində ölkə və dünya ictimaiyyətinə çatdırmalıdırlar. Yəni bu parametrlər var. Yaxın günlərdə ekspertlərin iştirakı ilə bununla bağlı bir tədbir keçirmək istəyirik. Ola bilsin Mətbuat Şurasının hazırladığı qaydaları mütəxəssislərin iştirakı ilə daha da təkmilləşdirək ki, yardımlar ayrılarkən səhvlərə yol verilməsin. KİVDF-nin yaradılması, KİV-lərə maliyyə ayırması, müsabiqələr əsasında jurnalistləri mükafatlandırması mətbuatda kifayət qədər şəffaflıq yarada bildi. Yol da şəffaflıqdan keçir. İndi də bəzi saytlara müəyyən mənbələrdən maliyyələr gəlir, müəyyən qurumlar özlərinə yaxın saytlar yaradır, öz imiclərini formalaşdırmaq üçün əllərindən gələni edirlər, özlərinə rəqib olan qurumların siyasi və iqtisadi cəhətdən imicini ləkələmək üçün onların fəaliyyətindən istifadə edir. Görünən budur ki, bu məsələlərin arxasında qeyri-şəffaflığın olması dayanır.
- Elektron medianın maliyyələşməsi yazılı medianın sıradan çıxmasına, yaxud qəzetlərə maliyyənin dayandırılmasına səbəb olmayacaq ki?
- Yox. Bir zaman radio, daha sonra isə televiziya yarananda da qəzetlərin sıradan çıxacağını deyirdilər, amma bu, baş vermədi. Hərəsinin öz yeri var. İnsan var qəzetin qoxusunu sevir. Amma istər-istəməz yazılı media öz yerini internet mediaya verir. Maliyyələşməyə gəldikdə, əlbəttə ki, onların bir-birinə aidiyyatı olmayacaq. Paralel maliyyələşəcəklər. Yazılı KİV-lər də maliyyələşməlidir, internet media da, biz belə düşünürük.
- Prezident İlham Əliyev məmurlara dəfələrlə deyib ki, onların açıqlamadığı, hətta gizlətdikləri faktları o, mətbuatdan oxuyur. Bu, onu deməyə əsas verirmi ki, ölkənin birinci şəxsi mətbuatı dəyərləndirir, mövcudluğunda, güclənməsində maraqlıdır?
- Bəli, əlbəttə. Azərbaycan prezidenti mətbuatın rolunu kifayət qədər dəyərləndirir. Hətta bizimlə ilk görüşündə mətbuatı dördüncü hakimiyyət yox, ikinci hakimiyyət adlandırdı və dedi ki, bəzi məsələlərdən məhz mətbuat vasitəsilə agah olur. Biz mətbuatın inkişafı, internet jurnalistikasının maliyyələşməsi, reklam bazarı ilə prezidentlə görüşdə müzakirələr aparmışıq və bütün bu məsələlərlə bağlı müsbət cavab almışıq.
Devalvasiyadan sonra Azərbaycan mətbuatında yaranan vəziyyətlə bağlı cənab prezidentə müraciət etmişik. Həmin məktubda həm ƏDV-nin aradan götürülməsi, onlayn jurnalistikanın maliyyələşdirilməsi, eyni zamanda KİVDF-yə ayrılan vəsaitin artırılması ilə bağlı öz istəyimizi bildirmişik. Hazırda cavab gözləyirik.
Şərhlər