Ukraynadan Azərbaycana narkotik keçirmək istədilər
02.07.2015 11:22 Sosreaksiya 2021

Ukraynadan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb. Gömrük Komitəsindən verilən məlumata görə, 5 kq-dan artıq narkotik vasitə aşkar edilib.
Hadisə Tovuz Gömrük İdarəsi “Sınıq Körpü” gömrük postunda qeydə alınıb. Gürcüstan Respublikasının ərazisindən tranzit keçməklə Ukrayna Respublikasından Azərbaycan Respublikasına gələn Ukrayna Respublikasının vətəndaşı İmanov Şahin Ənvər oğlunun idarə etdiyi “ZAZ SENS” markalı, AE7402CT nömrə nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.
Baxış zamanı nəqliyyat vasitəsinin yük yerində yerləşən qaz yanacağı balonunun içərisindən ümumi xalis çəkisi 5310 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Gizlədilən narkotik vasitə 37 ədəd polietilen torbalara bükülərək üzəri yapışqanlı lentlə bərkidilmiş vəziyyətdə olub.
Faktla bağlı DGK İstintaq İdarəsində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bir neçə gün öncə isə gömrüküçülər Gürcüstandan çox sayda telefon və texnikanın keçirilməsinin qarşısını ala bilmişdilər. Balakən Gömrük İdarəsinin “Mazımçay” gömrük postuna daxil olan Azərbaycan Respublikası vətəndaşı Mustafayev Musa Mustafa oğlunun idarə etdiyi “VAZ 21013” markalı, 08-BA-582 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilib. Baxış zamanı nəqliyyat vasitəsinin salonunun müxtəlif hissələrində və yük yerində gömrük nəzarətindən gizlədilən “Canon” markalı 3 ədəd fotoaparat, “Canon” və “Nikon” fotoaparatlarına aid 2 ədəd linza, 3 adda, ümumilikdə 11 ədəd mobil telefonlar, 1 ədəd planşet və 3 ədəd “Apple watch” markalı rəqəmsal qol saatı aşkar olunaraq götürülüb.
Gömrük nəzarətindən gizlədilən malların həmin nəqliyyat vasitəsində sərnişin kimi gələn Gürcüstan Respublikasının vətəndaşı Mamedov Tural Almaz oğluna məxsus olduğu müəyyənləşdirilib.
Şərhlər