Azərbaycanda 170 min dollar rüşvət alan məmurun kimliyi bəlli oldu
15.02.2016 15:07 Sosreaksiya 685
Xəbər verdiyimiz kimi, Azərbaycanda böyük səs-küy yaradacaq çox ilginc məhkəmə işi başlayır. Modern.az saytının xəbərinə görə, bu barədə məlumatı tanınmış vəkil Adəm Məmmədov verib. Vəkil bildirib ki, icra başçısının müavini olmaq istəyən şəxsi aldadıb170 min dollarını alıblar.
“Çox böyük səs-küyə səbəb olan bir işlə bağlı müqavilə bağladım. Hüquqlarını müdafiə etdiyim şəxsi icra başçısının müavini vəzifəsinə təyin etmək adı ilə 170 min ABS dollarını aldadıb, ələ keçirən şəxsin birbaşa Komitə sədri olması, çox təəccübə səbəb oldu. Həmin Komitə sədri xanımdır. Komitənin aparat rəhbəri isə bu yaxınlarda göstərilən səbəblərdən Azərbaycandan qaçmışdır”,-deyə vəkil Adəm Məmmədov bildirib.
Lakin vəkil konkret ad çəkməyib və hələlik söhbətin kimlərdən getdiyini açıqlamayıb.
Modern.az saytına məlum olub ki, söhbət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) Aparat rəhbəri Səfər İmanovdan gedir.
Səfər İmanov bir müddət əvvəl - 1 noyabr 2015-ci ildə öz ərizəsi ilə işdən çıxıb.
Onun vətəndaşlardan birindən 170 min ABŞ dolları aldığı, həmin şəxsə bu vəsait müqabilində rayon icra başçısının müavini vəzifəsinə təyinat vəd etdiyi bildirilir.
Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov "Report"un sorğusuna cavab olaraq bildirib ki, S.İmanovun 170 min dollar pul alması iddiası ilə bağlı rüşvət verən şəxsin vəkili Adəm Məmmədov AQUPDK-də olub. A.Məmmədovla söhbətdən sonra vəkilin iddia etdiyi faktın araşdırılması üçün bu il fevral ayının 7-də Dövlət Komitəsi rəsmi şəkildə Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət edilib.
"Müraciət edilib ki, məsələ araşdırılsın, ehtiyac varsa müvafiq tədbir görülsün. Biz hələ də baş idarədən cavab gözləyirik. Məsələ hələ təsdiqini tapmayıb, həmçinin təkzib edilməyib", - E.Səfərov əlavə edib.
Şərhlər