Azərbaycandan bu il Həcc ziyarəti üçün kvota 900 nəfər azaldılıb

15.02.2016 15:45     Sosreaksiya     1419

Azərbaycanda bu il Həcc ziyarətinə gedəcək zəvvarlarla ilə bağlı kvota məlum olub, yaxın günlərdə ziyarətin qiymətləri açıqlanacaq.

 

Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) APA-ya verilən məlumata görə, Səudiyyə Ərəbistanı Krallığında ilə aparılan danışıqlar nəticəsində əldə olunan razılığa əsasən, bu il Azərbaycandan Həccə ən çox 1500 zəvvar gedə biləcək. Hazırda Həcc ziyarətinin qiymətləri dəqiqləşdirilir və razılıq əldə olunan kimi ziyarət arzusunda olan zəvvarların sənəd qəbuluna başlanacaq. QMİ-nin nümayəndə heyəti bununla bağlı Səudiyyə Ərəbistanında səfərdə olub.

 

Ötən il Azərbaycan üçün kvota 2400 nəfər təşkil edib. İdarədən bildirilir ki, bütün hallarda builki Həcc ziyarətində səfər xərclərinin əvvəlki illərə nisbətən artacağı gözlənilir. Buna səbəb kimi manatın dollara nisbətdə bu il ucuzlaşması göstərilir. Ziyarət xərcləri artıq ötən ildən ABŞ dolları ilə hesablanır.

 

Qeyd edək ki, ötən ildən azərbaycanlı zəvvarların səfər xərclərinin ABŞ dolları ilə aparılmasına başlanılıb. Ötən Həcc ziyarəti zamanı daha yaxşı şəraitli hotellərdə qalmaq, bahalı yeməklərlə təmin olunmaq, o cümlədən hotellərdə 4 nəfərlik otaqlarda yerləşmək 5750 dollar, nisbətən ucuz şəraitli, 6 nəfərlik otaqlı hotellərdə qalmaq isə 4700 dollar olub. Ötən il Azərbaycandan Həcc ziyarətinə 2400 zəvvar gedib, onlardan 3-ü Məkkədə dünyasını dəyişib və orada dəfn olunub.  Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulunu yalnız QMİ aparır.

Şərhlər

Çox oxunanlar