Mütəxəssis: “Şəkərli diabet zamanı böyrəkləri zədələnmədən qorumaq mümkündür” - VİDEO

15.02.2016 20:49     Sosreaksiya     1033

“Yüksək təzyiq böyrək probleminin əsas əlamətidir”

“Hazırda şəkərli diabet dünyada ən çox yayılan xəstəliklərdən biridir. Azərbaycanda da belədir, şəkərli diabet gündən-günə gəncləşir. Xəstəliyin ən ağır fəsadlarında biri də diabetik nefropatiya, yəni böyrəklərin zədələnməsidir”.

 

 

Bunu APA TV-nin “Öncə sağlıq” proqramında həkim-nefroloq, tibb üzrə fəlsəfə doktoru, Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşı Elnur Fərəcov deyib.

 

Ümumilikdə müxtəlif böyrək xəstəliklərinin olduğunu deyən mütəxəssis bildirib ki, onların əsas müalicə prinsipi səbəbi, yəni böyrək toxumasını zədələyən, orada çapıq yaradan halı aradan qaldırmaqdır: “Böyrək zədələnməsi davam etdikcə böyrək çatışmazlığı yarana bilər. Böyrək xəstəlikləri iki mərhələdən ibarət olur. Birincisi, böyrək çatışmazlığına qədər olan mərhələ, ikincisi, böyrək çatışmazlığı diaqnozu qoyulan mərhələ. İkinci artıq  geri dönməyin mümkün olmadığı bir mərhələ olur. Ona görə də xəstələrin, onların yaxınlarının, ümumiyyətlə, hamının diqqətini birinci mərhələyə yönləndirmək lazımdır.

 

Birinci və ikinci tip, yəni insulinə bağlı olan və olmayan şəkərli diabet xəstələrinin hamısında qanda şəkərin miqdarı yüksək olur. Şəkərin miqdarının yüksək olması ilk növbədə böyrəklərdə filtrasiyanı artırır. Şəkərli diabeti olanlarda filtrasiya sürətlənir, nəticədə böyrək toxuması öz unikal strukturunu itirir. Belə olan halda qanda olan maddələr, ələlxüsus zülallar filtrasiya olunaraq sidikdə aşkarlanır. Ona görə də şəkərli diabetin böyrəyi zədələməsinin ilk işartısı sidiyin ümumi müayinəsi zamanı zülalın təyini, yəni sidikdə zülalın aşkarlanmasıdır. İstənilən halda sidikdə zülal təyin olunandan sonra ciddi müayinələrdən keçmək lazımdır”.

 

Həkim təəssüflə qeyd edib ki, Azərbaycanda bir çoxları böyrəklərdə ciddi zədələnmələr başlayandan sonra mütəxəssisə müraciət edirlər, onda isə çox gec olur: “Ağırlaşmalar

baş verməsin deyə ilk növbədə şəkərli diabet xəstələrində qanda şəkərin miqdarını nəzarətdə saxlamaq zəruridir. Ən başlıca tədbir bu olmalıdır. Daim qanda şəkərin miqdarı normada saxlansa, hətta şəkərli diabetin yaranmasından 30-40 il keçsə belə, nə böyrəklərdə, nə də digər orqanlarda ciddi fəsadlara rast gəlinir. Amma qanda şəkərin miqdarına nəzarət etməyən, yaxud düzgün nəzarət etməyən şəxslərdə şəkərli diabet aşkarlanandan 10-15 il sonra böyrək çatışmazlığı yaranır. Bu isə elə bir prosesdir ki, bu zaman böyrəyi qorumaq, prosesi geri qaytarmaq mümkün olmur. Əfsuslar olsun ki, belə hallar hemodializ müalicəsi və böyrək transplantasiyası ilə nəticələnir”.

 

 

Mütəxəssis vurğulayıb ki, qanda şəkəri normada saxlamaq üçün ilk növbədə pəhriz rejimi və həyat tərzində dəyişiklik zəruridir:

 

“Problem aşkarlanan kimi xəstəni tez bir zamanda dərmanlara yönəltmək lazım deyil.

Təbii ki, qanda şəkərin miqdarı yüksəkdirsə, fəsadlar yaranmasın deyə dərmanlar təyin olunur, amma müalicəni tamamilə dərmanların üzərində qurmaq düzgün deyil.

Zamanında tədbir görülsə, demək olar ki, 80-90 faiz hallarda böyrəklərdə zədələnmələr yaranmır. Yəni bu problemlə bağlı profilaktika çox önəmli bir yer tutur”.

 

E. Fərəcov onu da deyib ki, problem zamanı ən önəmli məqamlardan biri arterial təzyiqlə bağlıdır. Şəkərli diabet xəstələrində, xüsusilə stajlı xəstələrdə arterial təzyiq probleminin də inkişaf etdiyini bildirən mütəxəssis bunun səbəblərindən birinin diabetin böyrəkləri zədələməsi olduğunu vurğulayıb: “Hər kəs bilməlidir ki, böyrək xəstəliyinin əsas əlaməti yüksək təzyiqdir. Əgər bir insanda heç bir problem olmaya-olmaya birdən-birə yüksək arterial təzyiq müşahidə olunursa, böyrək problemindən şübhələnmək lazımdır. İkinci əsas şikayət isə göz altında və ayaqlarda şişkinliklərin olmasıdır.

 

Problemin yaranmasında əsas faktorlardan biri duzlu qidaların daha çox qəbul olunmasıdır. Ona görə də ən önəmli məsələ həm də duzsuz pəhriz məsələsidir. Duzdan mümkün qədər az istifadə olunmasına diqqət etmək lazımdır. Azərbaycan şəraitində gündəlik olaraq duzu qida rasionundan çıxarmaq lazımdır. Çünki bizim gündəlik qəbul etdiyimiz bəzi məhsullarda, məsələn, çörəyin tərkibində yetərincə duz var və duza olan ehtiyac da bununla ödənilir.  Əlavə olaraq duz qəbul olunmasa, bədən çəkisi normada olsa, ciddi nəticələr əldə etmək olar. Aparılan bəzi araşdırmalar göstərir ki, çəkinin bir kiloqram itirilməsi təzyiqi bir vahid aşağı salır. Yəni insan 10 kiloqram çəki itirəndə təzyiq də 10 vahid aşağı düşür. Qanda şəkərin miqdarını, arterial təzyiqi nəzarətdə saxlamaqla böyrəklərin zədələnməsinin qarşısını almaq, ən azı bu prosesi ləngitmək olar”.

 

Şərhlər

Çox oxunanlar