Azərbaycanlının qətlinin üstü 10 il sonra açıldı - Soydaşını öldürən azərbaycanlı həbs edilib.
15.02.2016 21:12 Sosreaksiya 1244
Türkiyədə cinayət törədən azərbaycanlı 10 ildən sonra həbs edilib. ANS PRESS-in məlumatına görə, hadisə ölkənin Bursa şəhərində baş verib. Rusiyada polis idarəsində işləyən Mehrəli Abbasov vəzifə müddəti başa çatdıqdan sonra Türkiyəyə gələrək, orada ticarətlə məşğul olmağa başlayıb.
Abbasov Rusiyada xidmətdə olarkən isə azərbaycanlı Rafel Miraliyevin qardaşı Rəsulu qeyri - müəyyən səbəblərdən döyüb. Bu hadisə Rafel Miraliyevə çox pis təsir edib. Həbs olunduqdan sonra istintaqa ifadəsində Miraliyev bildirib ki, həmin vaxt baş verənləri uzun illər unutmayıb.
“O, qardaşımı 2000–ci ildə döymüşdü. Mən heç nəyi yadımdan çıxara bilmədim. Uzun müddətdən sonra Mehrəli Abbasov xidmətini başa vurub Türkiyəyə qayıtdı. İstanbulda yaşadığını öyrəndim. Birlikdə iş qurmaq üçün onun yanına getdi. Məqsədim yalnız onunla söhbət etmək idi. Amma qardaşımı döydüyünü ona deyəndə mənə qarşı sərt ifadələr işlətməyə başladı. Üzərimə gəldikdə qorxdum və ona yanımda gətirdiyim silahdan atəş açdım”, - deyə Miraliyev bildirib.
Onun sözlərinə görə, Abbasovun öldüyünə əmin olduqdan sonra cəsədi götürüb Bursa şəhərinə gətirib. “Cəsədi Bursada yol kənarına atdım. Hazırda hadisədən tam 10 il keçib”, - deyə Miraliyev istintaqa açıqlamasında bildirib. 58 yaşlı Mehrəli Abbasov 2006-cı ildə qətlə yetirilib.
Bursa polisi əməliyyat axtarış tədbirləri nəticəsində Abbasovun cəsədi 2006 ilin fevral ayında Yalova yolunun üzərindən tapılıb. Amma həmin vaxt onun kim tərəfindən qətlə yetirildiyi məlum olmayıb.
Polis uzun müddət Abbasovun telefon danışıqları və yaxın qohumlarının verdiyi ifadələr ətrafından tədqiqat aparıb. Araşdırmalardan sonra həmin şəxsi Azərbaycan əsilli Rafel Miraliyevin öldürdüyü ortaya çıxıb. İstanbul və Bursa şəhərlərində ticarətlə məşğul olan Miraliyev polisin keçirdiyi əməliyyat nəticəsində Bursa şəhərində saxlanılıb. Rafel Miraliyev çıxarıldığı növbətçi məhkəmdə “qəsdən adam öldürmə” maddəsi ilə həbs edilib. Hadisənin ən maraqlı tərəfi isə Rafel Miraliyevin cinayəti törətdiyi gün, yəni 2016-cı ilin 12 fevralında həbs edilməsidir. Cinayət 2006–cı ilin 12 fevralında törədilib.
Yanvar ayında da Türkiyədə azərbaycanıların iştirakı ilə cinayət hadisəsi baş verib. 5 uşaq anası azərbaycanlı Xatirə Haqverdiyevının meyidi sevgilisi ilə birlikdə Antalya şəhərinin ərazisindən keçən Manavqat çayında, bir-birindən 400 metr aralıda tapılıb.
Hər iki şəxsin ailəsi televiziya vasitəsi ilə ötən il dekabrın 22-də onların itdiyi barədə məlumat veriblər. Daha sonra onların cəsədləri Manavqat çayında 2 gəminin arasında tapılmışdı.
Şərhlər