6 yaşlı oğlunun başını kəsən ata yaxalandı - YENİLƏNİB - VİDEO
16.02.2016 13:50 Sosreaksiya 1914

Hadisə ailədaxili münaqişə zəminində törədilib
Beyləqan rayonunda 6 yaşlı oğlunun boğazını kəsərək öldürən ata saxlanılıb.
APA-nın yerli bürosunun xəbərinə görə, Beyləqan rayonunun Yuxarı Kəbirli kənd sakini Zahid İsgəndərov tutularaq rayon prokurorluğuna gətirilib.
Qeyd edək ki, Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb.
İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.
Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
***
11:33
Dünən Beyləqan rayonunda baş vermiş dəhşətli qətlin bəzi təfərrüatı məlum olub. Lent.az-ın məlumatına görə, Yuxarı Kəbirli kəndində 6 yaşlı oğlunu amansızlıqla öldürən Zahid İsgəndərov bir müddət əvvəl həyat yoldaşından ayrılıbmış. Onların iki övladı olub. 6 yaşlı oğlan və ondan kiçik olan qız uşağı.
Belə ki, Z.İsgəndərovun Cəbrayıl rayonundan məcburi köçkün düşmüş Mahirə adlı qadınla nikahı pozulduqdan sonra onların birgə nikahından olan oğlu, 6 yaşlı Ümid atası, kiçik qız isə anası ilə qalıb. Lakin münaqişələr bununla bitməyib. Z.İsgəndərov keçmiş həyat yoldaşını dəfələrlə ölümlə hədələyibmiş.
Dünən isə kəskin psixoloji vəziyyətdə Z.İsgəndərov əvvəlcə 6 yaşlı oğlunu öldürüb, daha sonra isə keçmiş həyat yoldaşını qətlə yetirmək üçün onların evinə gedib. Qohum-qonşu yığışaraq onun qadını öldürməsinə mane olub. Yaxalanacağını görən Z.İsgəndərəv qaçıb.
Hazırda Z.İsgəndərovun tutulması istiqamətində iş aparılır.
*****
10:15
Beyləqanda dəhşətli qətl törədilib.
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Yuxarı Kəbirli kəndində qeydə alınıb. Kənd sakini Zahid İsgəndərov 6 yaşlı oğlu Ümidin boğazını kəsərək qətlə yetirib. Z. İsgəndərov hadisəni törətdikdən sonra qaçıb. Hazırda onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.
İlkin məlumata görə, hadisə ailədaxili münaqişə zəminində törədilib.
Qətlə yetirilən Ümid 1-ci sinifdə oxuyurmuş.
Faktla bağlı Beyləqan Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Şərhlər