“Bəzi mənbələr deyir ki, peyğəmbərə də cadu olunub” – MÜSAHİBƏ

17.02.2016 13:10     Sosreaksiya     1341

Reaksiya.info  Teleqraf.com-a istinadən ilahiyyatçı Elşad Miri ilə müsahibəni təqdim edir:

 

– Elşad bəy, bəzən  dindarlar müəyyən ziyarətlərdən sonra bir-birlərinə “kərbəlayi”, “məşədi” deyir.  

– İslam dinində “kərbəlayi”, “məşədi” anlayışları yoxdur. Kərbəla hadisəsi peyğəmbərimizin ölümündən çox sonra olub. İslam dininin qaydaları 632-ci ildə peyğəmbərin vəfatı ilə yekunlaşıb, bitib, insanlara təhvil verilib. Kərbəla hadisəsi isə peyğəmbərimizin vəfatından çox sonra – 680-ci ildə baş verib.

 

– Bəs dindəki “hacı” titulu ilə bağlı nə deyə bilərsiniz? 

– Peyğəmbərimiz sağlığında bir neçə dəfə həccə, ümrəyə gedib. Amma heç zaman Ümrə Məhəmməd Peyğəmbər, Hacı Məhəmməd Peyğəmbər sözünə rast gəlmək olmaz. Bu, tək sonuncu peyğəmbərimizlə bağlı deyil. Məsələn, digər peyğəmbərlərin adının qarşısında başqa bir ifadənin görə bilmərik. Bundan başqa səhabələrin, imamların da adlarının qarşısında  belə titul yoxdur. Bəlkə, “hacı” titulu sonrakı dövrlərdə insanların ora gedib-gəldiyini bildirməkdən ötrü, bəzən özlərini süddən çıxmış ağ qaşıq olduğunu bildirməkdən ötrü, bəzən də özlərini nə qədər doğru-dürust insan olduqlarını göstərməkdən ötəridir. 

 

– Yəni bunun dinə aidiyyəti yoxdur...

– Təbii ki, yoxdur. Amma həccə gedən bəzi insanlara xitabən “həciyyə”, “hacı” kimi ifadələr işlədilir. Müqayisə üçün deyim ki, hərbi xidmətdə olan hansısa bir Azərbaycan vətəndaşına müraciət edərkən deyir ki, əsgər Filankəsov Filankəs. Amma həmin insan hərbi xidmətdəki qulluğunu bitirəndən sonra əsgər kimi yox, adı və soyadı ilə çağırılır. 

 

– Bir  insan namaz qılmır, amma yaxşı əməlləri var. Din bu barədə nə deyir?

  – Bu yaxşı əməlləri nəyə görə eləyir, əsas budur. Əgər hər hansı bir əməli dünyada mənfəət qazanmaq üçün edirsə, onun qarşılığını alacaq. Amma hər hansı bir yaxşı əməli özünü göstərmək üçün edirsə, bu bəyənilmir. Ümumiyyətlə isə, namaz allahla insan arasında olan bir şeydir. 

 

– Məhəmməd Peyğəmbərin dövründə islam fəlsəfəsi var idim?

  – Fəlsəfə nədir? Əgər bu gün düşüncəni, məntiqi, ağlı istifadə eləməyi nəzər alırıqsa, bu mənada, əlbəttə, Allah Quranda dəfələrlə dediyi kimi düşünməyimizi istəyir. Fikir ortaya qoymağımızı, soruşmağımızı, öyrənməyimizi istəyir və tələb eləyir. Əgər bunlar olmasaydı, onda deyərdik ki, yox idi. Amma təbii ki, bunlar fəlsəfə terminiylə əlaqəli deyil. Bu gün bəzi insanlar var ki, fəlsəfə sözü gələndə çəkinirlər, qorxurlar. Fəlsəfəni düşüncə, fikir mənasında hərfi mənada götürsək, bəli, fəlsəfə anlayışı hər bir yerdə var. Bunu inkar eləmək olmaz. 

 

– Elşad müəllim, sizcə, qanadlı mələklər, peyğəmbərin atın belində meraca qalxması, qır qazanı, huri-mələk söhbətləri ilə “Apple”ı  yaradan düşüncənin qabağına çıxmaq olarmı?

– Bu gün dindəki düşüncə ilə “Apple”ı yaradan düşüncədən daha böyük işlər görmək olar. Amma təəssüflər olsun ki, bu gün müsəlmanların tənbəllikləri, müəyyən bürokratik əngəllər bu işlərin görülməsinə maneə olur. Amma din heç bir zaman əngəl törətmir, əksinə, təşviq edir. Yəni bu allahın qoyduğu qayda-qanundur. 

 

– Quranın tərcümə qüsurlarından birini deyə bilərsiniz? 

– Birini deyim. Məsələn, yazılır ki, Allah istədiyini cənnətə, doğru yola yönəldər, istədiyini isə azdırar. Burda allah istədiyini deyil, allah istəyəni olmalıdır. Yəni allaha istəyənə doğru yolu göstərər, istəyənə də zəlalət yolunu açar. 

 

– Dində cadu var? 

Bəzi mənbələrdə var ki, peyğəmbərimizin də özünə cadu ediblər. Amma bu yanlışdır. Çünki baxın, orda belə bir ziddiyyət var. Əvvəla deyilir ki, peyğəmbərimizin özünə cadu olmur. Sonra isə göstərilir ki, həmin o cadu olunandan sonra Qurani-Kərimin iki surəsi gəlir: Fələq və Nas.  Amma deyim ki, peyğəmbərimizə cadu olunduğu iddia olunan dövr Mədinədə olub. Həmin iki surənin gəlişi isə Məkkə dövründə olub. Yəni zaman etibarı ilə bir-biri ilə əlaqəli deyil və bu, xətadır.  

 

– Xristian dinində müəyyən islahatlardan sonra Avropa yüksəliş dövrü keçirdi. Ümumiyyətlə, islam dinində reformasiya olubmu və ya ola bilərmi, yoxsa buna heç ehtiyac da yoxdur? 

– İslam xristianlıqda olan reformasiyanın tam əksinədir. İlk ayəsindən etibarən insanların oxumağını öyrənməyini, yaşamağını, yaşatmağını istəyir. Təəssüf ki, insanlar özləri allahın endirdiyi dinə paralel bir din uydururlar. Sırınan din anlayışından uzaqlaşa bilsək, təbii ki, gözəl bir nəticə əldə edilə bilər. O zaman da insanlar intibah dövrünü yaşaya bilər.

 

  – Dini işlərlə bağlı hansı planlarınız var? 

– Hazırda bir kitab hazırlayıram. Yəni bu iddia olunan məsələlərə aydınlıq gətirməyə çalışıram. Bundan başqa Quranın tərcüməsini düşünürəm. 

Şərhlər

Çox oxunanlar