Bakıdan Moskvaya: “Narahatıq…”
18.02.2016 11:57 Sosreaksiya 1084
Fevralın 17-də Rusiyanın “Sputnik” agentliyinin Bakı ofisində maraqlı diskussiya keçirilib.
Axar.az xəbər verir ki, dəyirmi masada rusiyalı ekspert Stanislav Pritçin, politoloq İlqar Vəlizadə, Fikrət Sadıqov və Elxan Şahinoğlu iştirak ediblər.
Qafqaz politoloqlar klubu formatında Azərbaycanın təşəbbüsü ilə keçirilən görüşdə Rusiya-Türkiyə böhrannın inkişafı və regionda baş verən hadisələrlə bağlı fikir mübadiləsi aparılıb. Politoloqlar diskussiya ətrafında maraqlı açıqlamalarla çıxış ediblər.
Azərbaycanlı iştirakcılar bildiriblər ki, vəziyyətin bu həddə çatmasında Rusiyanın da qüsurları var.
İlqar Vəlizadənin sözlərinə görə, Rusiya-Türkiyə gərginliyi Azərbaycan-Rusiya münasibətlərinə də mənfi təsir edir:
“Aydındır ki, Ankara tərəfindən xüsusi olaraq belə bir addımın atılması Moskva üçün çox gözlənilməz idi. Çünki heç Kreml də belə bir böhranı gözləmirdi. Türkiyə dəfələrlə rəsmi şəkildə bununla bağlı mesajlar vermişdi. Vəziyyətin ciddiliyini nəzərə alaraq, məsələ ilə əlaqədar hər iki ölkə ilə bağlı öz narahatlığımızı ifadə etdik. Xüsusilə də hazırda Rusiya KİV-lərində müxtəlif fikirlər səsləndirilir. Bir sıra erməni ekspertlər rus mətbuatında ictimaiyyət arasında çaşqınlıq yaradan açıqlamalar verirlər. Türkiyəyə qarşı səsləndirilən əsassız ərazi iddiları yolverilməzdir. Çünki iki ölkə arasındakı böhranın inkişafı Azərbaycan-Rusiya münasibətlərinə də mənfi təsir edir. Hesab edirəm ki, rus və türk ekspertləri arasında da bu cür görüşlərin keçirilməsi problemin həllində səmərə verə bilər”.
Fikrət Sadıqovun qənaətinə görə isə iki dövlət arasında gərginlik artıq ciddi hal alıb:
“Qarşı tərəfə bəzi iradlarımı bildirdim. Türk amilinin qabardılması, Türkiyənin ərazi bütövlüyünə xələl gətirəcək addımlar yolverilməzdir. İndi də gündəmi ermənilər zəbt edib. Rusiyada meydanlara çıxaraq Türkiyəyə qarşı tənqidlər yağdırır, aranı qatmaq istəyirlər. Qeyd etdik ki, AB-nin Rusiyaya qarşı sanksiyalarına Türkiyənin qoşulmaması faktorunun unudulması çox acınacaqlıdır. Bakı Ankara ilə müttəfiq olduğu kimi, Moskva ilə də strateji tərəfdaşlıq münasibətlərinin inkişafında maraqlıdır”.
Şərhlər