Mart ayında 9 gün iş olmayacaq

20.02.2016 13:46     Sosreaksiya     1400

Novruz bayramı ilə əlaqədar şagirdlərin qeyri-dərs günləri açıqlanıb.

Mart ayında bayram günləri ilə əlaqədar Azərbaycanda 9 gün qeyri-iş günüolacaq. ANS PRESS-in məlumatına görə, Nazirlər Kabinetinin qərarına əsasən,  8 Mart Qadınlar günü, 20, 21, 22, 23, 24 mart Novruz bayramı kimi qeyd ediləcək. 

20 mart bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iş və istirahət günlərinin yerləri dəyişdiriləcək, 25 mart qeyri-iş günü olacaq. 26 və 27 mart tarixləri isə şənbə və bazar günlərinə təsadüf etdiyindən bayramda ardıcıl 8 gün – 20, 21, 22, 23, 24, 25, 26 və 27 mart tarixləri qeyri-iş günüdür.

Azərbaycan Təhsil Nazirliyi Novruz bayramı ilə əlaqədar şagirdlər üçün neçə gün dərs gününün olmayacağına aydınlıq gətirib. Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, bayramın ilk günü bazar gününə təsadüf etdiyindən bayramdan əvvəlki həftənin dərs günlərində dəyişiklik olmayacaq. Belə ki, 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 19-u, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 18-i dərs günüdür.

Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq, 20 mart tarixinin bazar gününə təsadüf etməsi ilə əlaqədar martın 25-i iş günü hesab olunmur. Bununla əlaqədar olaraq, bayramdan sonra 6 günlük iş həftəsi ilə işləyən ümumtəhsil məktəblərində mart ayının 26-sı, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə mart ayının 28-i dərs günü olacaq.

Beləliklə, 5 günlük iş həftəsi ilə işləyən məktəblərdə 9, 6 günlük iş həftəsi ilə işləyən məktəblərdə isə 6 gün dərs günü olmayacaq.

2016-cı ildə qeyri-iş günlərinin sayı
2016-cı ildə qeyri-iş günlərinin sayı

Xatırladaq ki, ötən tədris illərində bütün şagirdlər üçün martın 17-dən 24-dək 8 günlük “Yaz tətili” olurdu. Tədris ilinin uzadılması və tətil günlərində müəyyən dəyişikliklərin edilməsi ilə əlaqədar bu tədris ilində şagirdlər üçün ayrıca “Yaz tətili” nəzərdə tutulmayıb.

Bu il ilk dəfə olaraq, tədris ili iyunun 14-də başa çatacaq. 2015-2016-cı tədris ilində Azərbaycanın ümumi təhsil müəssisələrində dərslər iyunun 14-də başa çatacaq. Dərs ili müddətində 5 gün payız tətili (16-20 noyabr), 5 gün qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün isə 5 gün (1-5 may) əlavə yaz tətili müəyyən edilib.

 

Şərhlər

Çox oxunanlar