Prokuror jurnalist Rasim Əliyevi öldürməkdə təqsirləndirilənlərə cəza istədi - 63 il

23.02.2016 12:36     Sosreaksiya     1606

Məhkəmə martın 1-də davam etdiriləcək

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Ann.Tv-nin əməkdaşı jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən Cəbrayıl rayon sakini, 1994-cü il təvəllüdlü Elşən İsmayılov,  Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Samir Mustafayev, Şabran rayon sakini 1995-ci il təvəllüdlü Camal Məmmədov,  Bakı şəhər sakini 1995-ci il təvəllüdlü Kənan Mədətov və Şərur rayon sakini 1996-cı il təvəllüdlü Arif Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

 

Lent.az-ın məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə jurnalistin döyülmə anının və döyüləndən sonra verdiyi müsahibənin videogörüntüləri izlənilib. Daha sonra prokuror təqsirləndirilən şəxslərə cəza tələb edib. Dövlət ittihamçısı E.İsmayılov və A.Əliyevin 14, C.Məmmədovun 12, S.Mustafayev və K.Mədətovun isə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

 

Proses martın 1-də davam etdiriləcək.

 

 

Qeyd edək ki, jurnalist Rasim Əliyevin 8 avqust 2015-ci il tarixdə Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırda məhkəmə davam etdirilir.

 

Həmin cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata ayrılıb.

 

C. Hüseynovun üzvü olduğu "Qəbələ" futbol klubu bildirib ki, futbolçunun adının fotojurnalist Rasim Əliyevin qətli ilə əlaqələndirilməsi klub tərəfindən bütün ciddiyyəti ilə qarşılanıb. Klub bu oyunçunun Avropa Liqası kimi məşhur turnirdə komanda üçün nə qədər böyük əhəmiyyətə malik olmasına baxmayaraq, öz dəyərlərinə sadiq qalaraq, hüquq-mühafizə orqanları tərəfindən həbsdən əvvəl onu komandadan uzaqlaşdırıb.

 

 

Klub məsələnin ədalətli, obyektiv və şəffaf şəkildə araşdırılacağına və mərhum Rasim Əliyevin valideynlərinin dərdinə şərik olaraq bütün günahkarların cəzalarını alacağına inandığını qeyd edib, bunun ölkəmiz və idmanımızın imici üçün də çox vacib olduğunu vurğulayıb.

Şərhlər

Çox oxunanlar