Siyəzəndə Xocalı fazicəsinin qurbanları yad olunub - FOTOLAR

23.02.2016 13:06     Sosreaksiya     2308

Rayon Gənclər və İdman idarəsi və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı xalqımıza qarşı törədilmiş ən böyük cinayətdir” mövzusunda rəsm müsabiqəsi keçirilib. 23 fevral 2016-cı il tarixdə Gənclər Mərkəzində təşkil olunan tədbirdə faciə qurbanlarının xatirəsi əvvəlcə 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçıları tərəfindən sənət əsərlərindən ibarət sərgiyə baxış keçirilib. 8 fevral 2016-cı il tarixdə elan olunmuş müsabiqəyə 40-a yaxın rəsm əsəri təqdim olunub. 
Məktəblilər tərəfindən çəkilən rəsmlərdə ermənilən Xocalı sakinlərinə qarşı törətdikləri vəhşilik və soyqırım rəngli boyalarla əks etdirilib. Tədbirdə edilən çıxışlarda 26 Fevral Xocalı faciəsinin təkcə xalqımıza qarşı deyil, bütövlükdə insanlığa qarşı törədilmiş ağlasığmaz bir cinayət olduğu qeyd olunub.
Çıxışlardan sonra müsabiqənin nəticələri elan edilib. Müsabiqəyə təqdim olunan rəsmlər içərisində şəhər 4 saylı tam orta məktəbin şagirdi Fidan Baxşıyevanın rəsmi I, Məşrif kənd tam orta məktəbin şagirdi Xumar Əliyevanın rəsmi II, şəhər 6 saylı lisey-məktəbin və şəhər 1 saylı tam orta məktəbin şagirdləri Fatimə Kəlbiyevanın və Elvin Babayevin əl işləri isə III yerə layiq görülüb. Şəhər 2 saylı tam orta məktəbin şagirdi Billurə Ramazanova, şəhər 3 saylı tam orta məktəbin şagirdi Reyhanə Dəmirova, şəhər 5 saylı tam orta məktəbin şagirdi Seyfulla Cabbarov, şəhər 6 saylı lisey-məktəbin şagirdi Röya Hüseynquliyeva, Zarat kənd tam orta məktəbin şagirdi Fərid Mütəllimov, Böyük Həmyə kənd tam orta məktəbin şagirdi Vüqar Heybətov, Balaca Həmyə kənd tam orta məktəbin şagirdi Şərəf Həsənov və Gil-gilçay qəsəbə tam orta məktəbin şagirdi İlahə Yarıyeva isə həvəsləndirici mükafata layiq görülüblər.
Tədbirin sonunda müsabiqədə yer tutmuş və fərqlənmiş şagirdlər rayon Gənclər və İdman idarəsi tərəfindən fəxri fərmanlarla mükafatlandırılib.

Şərhlər

Çox oxunanlar