“3 ayı sənin, 3 ayı bizim” – Məşğulluq Mərkəzində müavinət alveri İDDİASI

24.02.2016 17:55     Sosreaksiya     957

İşdən çıxdığıma və ailə problemlərimə görə ötən il Sumqayıt Şəhər İcra Hakimiyyətinə müraciət etmişdim. Məni işlə təmin olunmağım üçün Məşğulluq Mərkəzinə yönləndirdilər. Müraciətimdən 7 ay keçsə də, mənə nə müavinət verilib, nə də iş tapılıb.

   Bu barədə Publika.az-ın redaksiyasına müraciət edən Cəbrayıl rayonundan məcburi köçkün düşmüş və Sumqayıt şəhərində məskunlaşmış Kamal Abbasov deyib.   Onun sözlərinə görə, ilk dəfə Sumqayıt Şəhər Məşğulluq Mərkəzinə ötən ilin avqust ayında müraciət edib.  

“İdarəyə gedəndə əvvəlcə Cəfər müəllimlə görüşdüm, sonra  Rita xanıma yönləndirdilər. O da məni işlə təmin edə bilməyəcəklərini, ancaq 6 ay maaşın 70%-i dəyərində dövlət tərəfindən kompensasiya verəcəklərini bildirdi. Bunun üçün yaşayış yerindən sənəd, əmək kitabçasının, şəxsiyyət vəsiqəsinin surətini gətirməyimi istədilər. Cəbrayıl rayonundan məcburi köçkün olduğumuza görə bizə yaşayış yerindən arayışı “Qaçqınkom” verir.  Kirayə qaldığıma görə də daimi qeydiyyatda olduğum ünvan yoxdur. Lakin “Qaçqınkom”un verdiyi arayışı Məşğulluq Mərkəzində qəbul etmədilər. Məcbur qalıb Sumqayıt şəhər 9-cu mikrorayon MİS-dən arayış aldım. Dedikləri bütün sənədləri təqdim etsəm də, sentyabrdan bu günə qədər mənə dövlət tərəfindən müəyyən edilmiş vəsaiti vermirlər. Hər ay dəfələrlə müraciət etmişəm, sonuncu dəfə dekabrda müraciət edəndə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının dəyişdiyini və maliyyə ayrılmadığını dedilər. Yanvarda müraciətlərin çox olduğunu bəhanə gətirdilər, fevralın 15-nə kimi həll edəcəklərinə söz verdilər. Fevralın 23-də təkrar müraciət etmişəm, diplomumun, tələb olunan sənədlərin olmadığını, bəzi sənədlərimdə səhv olduğunu əsas gətirərək yenidən sənəd toplamağımı və təkrar müraciət etməyimi tövsiyə etdilər. Əslində, qanunla diplom tələb olunur, ancaq mən icra başçısının tapşırığı ilə müraciət etdiyimə görə tələb etmədilər. Amma diplomu olmayan tək mən deyiləm. Diplomu olmadan da həmin vəsaiti alanlar var”.

  K.Abbasov iddia edir ki, onun bu qədər get-gələ salınmasında başqa məqsədlər var.

  “İlk müraciətimdən 7 ay keçib, necə olub ki, sənədlərimin qaydasında olmadığı indi anlaşılıb? Son sözləri bu oldu ki, Məşğulluq Mərkəzinin rəisi dəyişib, yerinə yenisi təyin olunub. Bu həftənin 5-ci günü təkrar müraciət  etsəm, kömək edəcəklər. Bu il yanvar ayında müraciət edən insanlar var ki, onlara artıq pul ayrılıb. Bir neçə gün əvvəl həmin şəxslərdən birinə zəng olub ki, artıq "Kapital Bank"da hesab açılıb, lakin müavinətin 3 ayını onlara vermək şərti ilə. Düşünürəm ki, bəlkə, məndən də pul istəyirlər. Amma icra başçısının qəbulunda olduğuma görə açıq şəkildə deməkdən çəkinirlər. Bu vaxta qədər nə pulu verirlər, nə də hər hansı iş təklif edirlər. Maraqlıdır ki, bu aylar ərzində heç bir idarədə çilingərə ehtiyac olmayıb? Məşğulluq Mərkəzinə müraciət etməmişdən əvvəl İcra Hakimiyyəti mənə metlax sexində fəhləlik təklif etmişdi, onunla razılaşmamışdım. Məşğulluq Mərkəzi tərəfindən bir dəfə də olsun mənə iş təklif edilməyib”.  

Məsələ ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətindən Publika.az-ın sorğusuna verilən cavabda bildirilib ki, Kamal Abbasov işaxtaran kimi qeydiyyata alınıb.  

“1984-cü ildə anadan olmuş, hazırda Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 1, mənzil 28 ünvanında yaşayan Abbasov Kamal Məhərrəm oğlu sonuncu iş yerindən azad olunduğu 26 dekabr 2014-cü il tarixdən 8 ay sonra, yəni 2015-ci ilin avqustunda Sumqayıt şəhər Məşğulluq Mərkəzinə müraciət edib və işaxtaran kimi qeydiyyata alınıb.

  K.Abbasov heç bir ixtisas sahibi deyil və ona Sumqayıt şəhər ərazisində fəhlə peşəsi üzrə münasib iş yerləri təklif edilsə də, o yalnız işsizlik müavinəti almaq istədiyini bildirib. Halbuki “Məşğulluq haqqında” Qanuna əsasən, işaxtaran kimi qeydiyyata alındıqdan sonrakı 10 gün müddətində təklif edilən iki münasib işdən imtina edənlərə işsizlik müavinəti təyin edilə bilməz.  

Qanunun bu tələbi K.Abbasova izah olunub, lakin o, bundan sonra da dəfələrlə Sumqayıt şəhər Məşğulluq Mərkəzinə müraciət edərək işsizlik müavinəti almaq istədiyini bildirib.  

Onun iddia etdiyinin əksinə olaraq, Sumqayıt şəhər Məşğulluq Mərkəzi tərəfindən heç vaxt K.Abbasova ona 6 ay ərzində işsizlik müavinətinin veriləcəyi bildirilməyib və işsizlik müavinətinin təyin olunması məqsədilə ondan hansısa sənədlər də qəbul edilməyib. Hər dəfə müraciət edəndə ona işləmək üçün münasib iş yerləri təklif olunub”.  

Nazirlikdən bildirdilər ki, K.Abbasovun təyin olunmuş işsizlik müavinətlərinin 3 aylıq hissəsinin Məşğulluq Mərkəzinin əməkdaşlarına verilməsi barədə iddiası isə əsassızdır və böhtan xarakteri daşıyır.

Şərhlər

Çox oxunanlar