Mətbuat Şurası bəzi KİV-lərə tövsiyə etdi

24.02.2016 19:22     Sosreaksiya     814

Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib.   İclasda MŞ sədrinin müavini, Jurnalistlərin Həmkarlar İttifaqının (JUHİ) rəhbəri Müşviq Ələsgərlinin sədrliyi ilə keçirilən tədbirdə 5 kütləvi informasiya vasitəsi ilə bağlı müraciətlər araşdırılıb.   Öncə Mingəçevir Şəhər İcra Hakimiyyətinin «Xeberinfo.com» saytı ilə bağlı müraciətinə baxılıb. Belə qərara gəlinib ki, xəbər portalı qarşı tərəfə məqalə şəklində sorğu ünvanlayarkən prosedur qaydalarının tələblərini pozub. Həmçinin yayımlanmayan materialın təxminən oxşar şəkildə bir sıra digər KİV-lərdə təqdim olunması etik prinsiplərin tələblərinin pozulması ilə diqqəti çəkib. Sayta gələcək fəaliyyətində bu kimi praktikadan imtina tövsiyə edilib.   Bundan başqa, Qafqaz Müsəlmanları İdarəsinin «Reytinq» qəzeti barədə müraciətinin müzakirəsində mətbu orqanın bu qurum və onun rəhbəri barədə dərc etdiyi yazıda şərəf və ləyaqətin təhqirinə, ictimai nüfuzun aşağılanmasına yönələn fikirlərin yayımlandığı göstərilib. Çıxarılan rəydə mətbu orqana qarşı tərəfdən üzr istəməsi, təkzib verməsi tövsiyə olunub. Həmçinin «European Tobacco-Bakı» ASC-nin sədri, millət vəkili Rüfət Quliyevin «Poliqon» İnforsmasiya Agentliyi (Pia.az) barədə müraciəti araşdırılarkən xəbər portalının rəhbərliyi şikayətə səbəb olan yazının başqa KİV-dən götürüldüyünü deyib. Lakin onun nəzərinə çatdırılıb ki, bu zaman sərlövhədəki aşağılayıcı ifadənin orada getməsinə imkan verilməməli idi. Buna əməl edilmədiyindən peşə etikasının tələbləri pozulub. Komissiya həmin saytın da qarşı tərəfdən üzr istəməsini, təkzib verməsini məqsədə müvafiq sayıb. Bir qrup ziyalının «Azadlıq» qəzeti və «Moderator.az» saytı barədə müraciətinə baxılarkən müəyyən məqamlara diqqət yetirilib. Bildirilib ki, görkəmli şəxsiyyətlər bütövlükdə xalqa məxsus olduğundan, iftixarı sayıldığından onlara hər bir yazar, kütləvi informasiya vasitəsi həssaslıqla yanaşmalıdır. Bəzi KİV-lərdə gedən materialda bu ümummilli marağın gözlənilməməsi haqlı narazılıqlara səbəb olur. Komissiya mediada M.Ə. Rəsulzadə haqqında gedən fikirlərə də məsuliyyətlə yanaşmanın vacibliyini KİV-lərin nəzərinə çatdırıb. «Azadlıq» qəzetinə və «Moderator.az» saytına qarşı tərəfin mövqeyini təqdim etmək tövsiyə olunub.

Publika

Şərhlər

Çox oxunanlar