Xocalı faciəsinin növbəti ildönümü ərəfəsində “Ana fəryadı” abidəsinə hörmətsizlik

25.02.2016 12:10     Sosreaksiya     918

Sabah bütün azərbaycanlılar müasir tariximizdə üzləşdiyimiz ən dəhşətli faciəmiz olan Xocalı soyqırımının 24-cü ildönümünü qeyd edəcəyik.
 
Bir çox insanlar faciəni yad etmək üçün Xətai rayonu ərazisində ucaldılan “Ana fəryadı” abidəsini ziyarət edəcək.
 
Amma bu gün, yəni fevralın 25-i o abidənin yanına gedənlər heç də xoş olmayan bir mənzərə ilə üzləşiblər. Bu qanlı yaddaşımızı özündə təcəssüm edən “Ana fəryadı” abidəsi isə ziyarətdən öncə baxımsız vəziyyətdə qalıb. 
 
Belə ki, abidədə Xocalı soyqırımı haqqında məlumat lövhəsinin üstünü toz-torpaq bürüyüb, tərkibi bilinməyən qırmızı rəng yazıların üstünü örtüb.
 
Qarşılaşdığımız mənzərə ürəkağrıdıcıdır. Xocalı faciəsi haqqında dünyaya həqiqətləri çatdırmağa çalışdığımız bir zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü isə aparılan “Xocalıya ədalət” kampaniyası çərçivəsində dünya miqyasında işlərin görüldüyü bir vaxtda Bakıda bu faciəni təcəssüm etdirən abidəyə belə bir münasibət ağlasığan deyil.
 
Hər il bütün dünyaya Xocalıda baş verən faciələri çatdırmaq üçün müxtəlif tədbirlər keçirilir, kitablar çap edilir, filmlər çəkilir, abidələr açılır və təbliğat materialları paylanılır. Amma bütün bunlara baxmayaraq, hələ də öz ölkəmizdə Xocalı soyqırımı ilə bağlı abidələrə hörmətsizlik edildiyinin şahidi oluruq.
 
Əgər biz öz dəyərlərimizə hörmət etmiriksə, dövlət səviyyəsində aparılan “Xocalıya ədalət” kampaniyasına kölgə salırıqsa, bəs başqa dövlətlərdən, millətlərdən hansı səbəblə ədalət tələb edə bilərik?
 
Yəqin ki, hər il olduğu kimi bu dəfə də ziyarətə az qalmış abidənin ətrafını təmizləyib “gül kimi” edəcəklər. Amma görəsən o abidə bizə sadəcə 26 fevralda lazımdır?
 
İlin digər günlərində o abidə əgər lazım deyilsə və nəzarət edilməyəcəksə, onda niyə ucaldılıb?
 
Onda abidəni söküb başqa yerdə saxlasınlar, yalnız 26 fevralda gətirib qoysunlar, onda Xətai rayonunun müvafiq qurumları da abidəyə nəzarət etməkdən canını qurtarmış olar.
 
Xatırladaq ki, “Ana fəryadı” abidəsi 1993-cü ildə ucaldılıb. 2008-ci ildə soyqırımın ildönümü ərəfəsində yeni abidə ilə əvəz edilib. Hər iki heykəldə əlində öldürülmüş körpəsini tutan ana təsvir olunub.
 
(Gün.az)

Şərhlər

Çox oxunanlar