“Azəryolservis”: Bakı-Sumqayıt yolunda çatların yaranmasına səbəb olan yaşıl təpəciklər yığışdırılacaq
25.02.2016 13:22 Sosreaksiya 973
Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı sürüşmə-çökmə sahəsində hazırda aparılan bərpa-gücləndirmə işləri ilə bağlı son durum açıqlanıb.
“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin APA-ya verdiyi məlumata görə, Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində baş vermiş sürüşmə zonasında “Azəryolservis” ASC-nin sifarişi ilə Avro-Asiya İnşaat Korporasiyası “EVRASCON” (keçmiş “Azərkörpü”) tərəfindən bərkitmə işləri aparılır.
Artıq bu istiqamətdə işlərin 80 faizə qədər icra olunub. Həmin işlər yekunlaşandan sonra sürüşmə nəticəsində yolda yaranmış çatların, yolun bərpası istiqamətində işlər aparılacaq: “Digər tərəfdən, həmin ərazidə yolun Bakıdan-Sumqayıta gedən hissəsində də 5-6 metr uzunluqda, 2 metr enində çatlar yaranıb, yolun müəyyən hissələri deformasiyaya uğrayıb. Bunun da səbəbi yol kənarında yaşıllıq təpəciklərinin salınmasıdır. Həmin yol inşa olunan zaman orada yaşıllıq təpəcikləri olmayıb, həmin təpəciklər sonradan salınıb. Təpəciklər həm də yolun çiyin hissəsində salınıb. Təpəciklərin orada inşa olunması yolun çiyin hissəsinə əlavə yük olub. Beləliklə, təpəciklərin sulanması ilə bərabər ağırlıq da artıb, yolda 5-6 metrlik hissədə çatlar əmələ gəlib”.
A. Nəcəfli bildirib ki, hazırda Bakı Beynəlxalq Avtovağzal Kompleksi ərazisində sürüşmə baş verən hissədə, yamacda bərkitmə işlərinin başa çatmasını gözləyirlər: “Bərkitmə işləri başa çatandan sonra yolun hər iki hissəsində bərpa işləri həyata keçiriləcək. Ümumiyyətlə, yaşıllıq təpəcikləri oradan yığışdırılacaq və yolun bərpası həyata keçiriləcək. Hazırda yolda avtonəqliyyat vasitələrinin hərəkətində heç bir problem və təhlükə yoxdur”.
Qeyd edək ki, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında sürüşmə-çökmə baş verib, Bakı-Sumqayıt yolunun əsas hissəsində çatlar əmələ gəlib, ərazidəki 25-30 metr hündürlüyündə istinad divarı üçün ciddi təhlükə yaranıb.
Xatırladaq ki, yolun kənarında yaşıllıq təpəcikləri Binəqədi rayon İcra Hakimiyyəti tərəfindən inşa edilib.
Şərhlər