Azərbaycanda iki qardaş güllələndi
26.02.2016 13:09 Sosreaksiya 1436
Qardaşları güllələyən şəxs sərxoş olub.
Azərbaycanda iki qardaş güllələnib. Kürdəmir Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, rayon sakini Məhəmmədəli Abdullayev həmyerlisi Natiq Dəmirovun evində olarkən onlarla aralarında mübahisə yaranıb. Baş vermiş münaqişə zamanı M.Abdullayev Natiq Dəmirova və onun qardaşı Raqif Dəmirova ov tüfəngindən atəş açaraq xəsarət yetirib. Yaralanan qardaşlar dərhal xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisədən xəbər tutan polis əməkdaşlarının apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində qardaşları güllələyən Məhəmmədəli Abdullayev tutulub, hadisə yerindən müvafiq sənədləri olmayan nömrəsi silinmiş “Arthems” markalı ov tüfəngi götürülüb.
Faktla bağlı rayon polis idarəsində cinayət işi açılıb, araşdırma aparılır. Əlavə edək ki, Məhəmmədəli Abdullayev hadisəni törətdiyi zaman sərxoş olub.
Bir neçə ay əvvəl də Göygöl rayonunda da oxşar hadisə yaşanıb. Rayon sakini 43 yaşlı Namiq İmanov aralarında yaranan mübahisə zəminində qonşusu İlyas Abbasov və onun qardaşını güllələyib. Hadisə zamanı N.İmanovun atdığı güllələrdən biri zərərçəkənlərin atını da yaralayıb.
Şərhlər