Toyda namus cinayəti: qıza baxan oğlan bıçaqlandı - BİR QƏTLİN TARİXÇƏSİ

28.02.2016 18:51     Sosreaksiya     940

Publika.az “Bir qətlin tarixçəsi” rubrikasında namus mübahisəsi zəminində törədilmiş daha bir qətlin təfərrüatını təqdim edir.

 

Rusiya vətəndaşı, 1991-ci il təvəllüdlü Ərəstun Əşrəfli şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Ağdaş rayonun Qarağan Şıxlar kənd sakini, 1993-cü il təvəllüdlü İsgəndər Umarovu bıçaqlayıb. Bir neçə bıçaq yarası alan İ.Umarovu küçənin ortasında yaralı vəziyyətdə qoyaraq Rusiyaya qaçmaq üçün Bakıya gedən Ə.Əşrəfli polis əməkdaşları tərəfindən isti izlərlə tutularaq Ağdaşa aparılıb, istintaqa təhvil verilib.

Ağır vəziyyətdə Ağdaş Mərkəzi Rayon Xəstəxanasına çatdırılan İ.Umarovu orada dünyasını dəyişib.

 

Cinayət...

 

Hadisə 2014-cü il oktyabrın 20-də baş verib. Ərəstun Ağdaş rayonunun Qarağan-Şıxlar kəndində yaşayan dayısı Dəyanət Əbdürrəhimovun oğlunun kiçik toy məclisində iştirak edən zaman əvvəllər tanımadığı İsgəndər Umarovun onun məclisdəki qadın qohumlarına baxdığını görüb. Və onu toy mağarından təxminən 60 metr aralıda yolun kənarında saxladığı “Toyota RAV 4” markalı avtomobilinin yanına aparıb. Orada aralarında mübahisə düşüb, Ərəstun bıçaqla İsgəndərin bədinin müxtılif nahiyələrinə zərbələr vurub...

Ərəstun Əşrəfli Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham olunub. Cinayət işi araşdırılmaq üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

“Qonaqsan, çaşma, özünü qonaq kimi apar...”

 

Məhkəmədə ifadə verən Ərəstun Əşrəfli ittiham olunduğu maddə üzrə özünü təqsirli bilməyib: “Saat 9-da toy mağarının qarşı tərəfində dayanаrkən üzbəüz tərəfdə tanımadığım kənd sakinlərindən birinin “nə bomba şeydi” dediyini eşitdim. Bu sözü mağarda rəqs edən qadın qohumlarımdan birinə dediyini bildim. Əlimlə həmin oğlanın əlinə vurdum və dedim ki, hamının anası, bacısı var, qohumlarımız oynayır... O isə mənə “qonaqsan, yerini bil” deyərək cavab qaytardı. Ona bildirdim ki, “səhvin var, qonaq gəlmisən, bizim evdə səhv hərəkət edirsən”. Sonra dedim ki, burda adam çoxdur, çıxaq o tərəfdə söhbət edək. O da razılaşdı, lakin dedi ki, burda adam ola bilər, qaranlıq yerə gedək. Həmin oğlanla toy mağarı olan küçə ilə əsas yola tərəf getdik. Bu zaman o, əlini çiynimə qoyaraq “qonaqsan, çaşma, özünü qonaq kimi apar” dedi. Ona əlini çəkməsini bildirdim...”.

 

“Dedi ki, saqqalını qırxaram...”

 

Təqsirləndirilən şəxsin sözlərinə görə, birlikdə artezianın yaxınlığında saxladığı avtomobilin yanına gəliblər: “Oğlan əlini çiynimə qoyaraq yaşımı soruşdu. Bir daha “bomba şeyə baxarlar” deyərək şalvarının cibindən bıçaq çıxartdı. Bıçağı mənə tərəf tutaraq dedi ki, “sənin saqqalını qırxaram”. Sağ əlimlə oğlanın bıçaq tutduğu sol əlinin bilək nahiyəsindən tutdum və onun sağ üzünə sillə vurdum. Üstümə gəldiyini görərək sağ qolundan tutdum və özümə tərəf dartaraq arxaya çevrdim, oturaq vəziyyətdə başımın üstündən yerə atdım. Başımın üstündən beli üstə yerə düşən oğlan 3-4 saniyə ayağa qalxmadı və həmin vaxt oğlanın məni vuracağını düşünərək bıçaq olan sol əlini buraxmadım. Bu zaman yenə üstümə gəldi. Bu zaman öz maşınımın qabaq sağ güzgüsünə dəyərək müvazinətimi itirdim və yerə yıxıldım. Oğlan da mənim üstümə yıxıldı. Onu kənara itələyərək ayağa qalxdım və qırağa çəkildim. Bu vaxt oğlan əli ilə qarnını tutaraq yola tərəf qaçdı. Mən isə öz maşınıma əyləşərək Qarağan-Şıxlar kəndindən yaşadığım Qolqəti kəndinə tərəf getdim...”.

 

Qaçış...

 

Ərəstun Əşrəfli qeyd edib ki, Qolqəti kəndinə çatmağa bir az qalmış qohumu Varislə görüşüb: “Lakin hadisə barədə Varisə heç nə demədim. Sonra avtomobilimi evimizdə qaraja qoydum. Əynimdə olan paltarları dəyişdim və piyada Ləki dördyoluna getdim. Orаdаn dа Bakı şəhərinə gəldim. Səhəri günü eşitdim ki, məni polis əməkdаşlаrı аxtаrır. Onа görə də tutulаcаğımı bildim və Bаkıda hüquq firmаsınа getdim. Oradan Telmаn Əzizovla Ağdаş Rаyon Poliş Şöbəsinə gələrək könüllü təslim oldum”.

 

Təqsirləndirilən şəxs ifadəsinin sonunda ittihamda Bakıda Rusiyaya qaçması barədə yazılanları təkzib edib. Bildirib ki, Rusiyaya getmək fikri olmayıb.

 

Mərhumun məhkəmdə ifadə verən atası Qalib Umarov bildirib ki, oktyabrın 20-də İsgəndər Dəyanətin oğlunun kiçik toy məclisinə gedib: “Axşam saat 10-dan sonra qaynım Asim bizə gələrək İsgəndərin bıçaqla vurulduğunu, xəstəxanada olduğunu dedi. Biz xəstəxanaya getdik. Xəstəxanada İsgəndərin öldüyünü eşitdim. Oğlumu Ərəstun Əşrəfli öldürüb. Onа аğır cəzа verilməsini istəyirəm”.

 

... Və cəza

 

Şahidlıri də dinləyən hakim heyəti hökmü elan edib. Beləliklə, məhkəmənin hökmü ilə Ərəstun Əşrəfli 17 il müddətinə azadlıqdan məhrum edilib.

 

Lakin hökmdən narazı qalıb və apellyasiya şikayəti verib. O, əməlinin Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən həmin məcəllənin 124.1-ci (ehtiyatsızlıqdan adamöldürmə) maddəsinə tövsif edilməsini xahiş edib.

Şikayət araşdırılmaq üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilib, hakim Mirbahəddin Hüseynovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakimlər şikayəti təmin etməyib.

Şərhlər

Çox oxunanlar