Tənha analarla bağlı qanun qəbul olunsun! - EKSPERT RƏYİ

03.07.2015 18:38     Sosreaksiya     9112

Cəmiyyətimizdəki ən ağır və ən az işıqlandırılan problemlərdən biri də tənha anaların problemidir. Və çox maraqlıdır ki, aliment haqqında qanun var, amma çox az kişi öz keçmiş ailəsinə əl tutur.

Ailəsini atan və ya boşanan kişiləri çoxu bir müddət sonra övladını yaddan da çıxarır, çünki əksər hallarda aliment məsələsi şifahi sözləşmə əsasında olur, dəqiq məbləğ müəyyənləşmir. Bəzən qanun qeyri-rəsmi olaraq işləyən kişilərin tərəfində də olur, çünki onların ayda nə qədər qazandığını sübut etmək çətindir...

Hətta körpə uşaqlar üçün 2013-cü ildə müəyyənləşmiş aylıq yaşayış minimalı 93 manatı da, bir çox atalar öz doğma övladına çox görür... Belə olduqda isə ananın ümidi qalır öz valideynlərinə, bacı-qardaşlarına, bir də öz zəhmətinə...

Əgər cəmiyyətimizdə milli-mənəvi dəyərlər qorunmalıdırsa, ilk növbədə əziyyətlə uşaq saxlayan anaları da qorumalı, qayğılarına qalmalıyıq. Təbii ki, mən vaxtaşırı kampaniya keçirib pul toplamağı nəzərdə tutmuram. Görəsən, valideynlər və yaxınlar da kasıbdırsa, səfalət içində əziyyət çəkən ana dövlətdən aylıq müavinət ala bilərmi? Bu barədə kim nə deyə bilər?

Ümumiyyətlə, Azərbaycanda tənha analarla, boşanmış, dul və ya zorakılığa məruz qalan və təklikdə uşaq böyütməyə məcbur olan xanımlarla bağlı hansısa sosial yardım və ya müavinət proqramı varmı? Cəmiyyətimizdə aliment məsələsi yetərincə kök salmayıb. Çox zaman boşanan kişilər şifahi olaraq söz verir ki, uşağın böyüməsinə kömək edəcək, lakin bir müddətdən sonra cüzi yardım da eləmir. Analar işləyəndə belə, övladı böyütmək və yaxşı bəsləmək üçün yetərli olmur. Dövlət tənha anaların durumunu yaxşılaşdırmaq üçün nə edir, nə edə bilər?

Bu istiqamətdə Reaksiya.Az-ın suallarını qadın problemləri üzrə ekspert,  “Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova cavablandırıb.

Mehriban Zeynalova bildirib ki, tənha qadınlar, zorakılıq qurbanları və digər həssas vəziyyətdə olan qadınların ayrıca sosial müdafiəsinə dair qanun mövcud deyil: “Lakin məişət zorakılığının qarşısının alınması haqqında qanun, İnsan alverinə qarşı mübarizə haqqında qanun və digər bir neçə qanunda  bu hədəf qrupunun reabilitasiya və reinteqrasiyasnı nəzərdən tutan qanunlar  və Nazirlər kabinetinin qərarları var. Lakin bu, “sosial yardım  olunur” demək deyil”.

O qeyd edib ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ var: “2014-cü ilin yanvarın 1-dən qüvvəyə minmiş, “Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, 2014-ci il üçün yaşayış minimumu uşaqlar üçün 103 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin VI bəndinə əsasən, uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Həmin Qanunun 5-ci maddəsinə əsasən, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır”.

M.Zeynalova əlavə edib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

“Lakin dul qadınlar və ya  ailə başcısı olmayan qadınlar üçün ümumi sosial yardım proqramları cinslerə görə yox umimi əhali üçün nəzərdə tuutulub. Belə deyək həssas vəziyyətdə olan qadınlar üçün xüsusi sosial proqramlar mövcud deyil. Qadınların sosial müdafiəsini, ələlxüsus da, həssas vəziyyətdə olan qadınlar üçün hər hansı proqrma nəzərdə tutulmur”.

Ekspert təklif edir ki, ilk öncə beynəlxalq təcrübənin öyrənilməlidir: “Daha sonra, həssas qurplarda olan qadınların ehtiyaclarının qiymətləndirilməsini  bu sahədə ciddi araşdırmanın aparılmasını təklif edirəm və nəhahyət real vəziyyət ciddi öyrənildikdən sonra  qadınların sosial müdafiəsini təşkil edən ayrıca qanunun qəbulunu təklif edirəm”.

Mehriban Zeynalova vurğulayıb ki, bu qanun dul qadınlar, zorakılıq qurbanı olan qadınlar, təklikdə ailə başçısı olan qadınlar üçün  nəzərdə tutulmalıdır.

“Əks halda  zorakılıq qurbanı olan qadının sosial proqramlardan bəhrələnə bilməməsi  bəzi hallarda  kifayət qədər sənədləşdirmə və digər  məslələrə bağlı olar və onların sonrada cinayətkəar qruplara yem olmasna gətirib çıxarır”,– deyə təşkilat sədri əlavə edib.

Şərhlər

Çox oxunanlar