Sərnişindaşıma şirkətləri niyə cəzalandırılmır? - Hüquqşünas qaranlıq məqamlara aydınlıq gətirdi

02.03.2016 17:24     Sosreaksiya     890

“Qanunu pozan sərnişindaşıma şirkətlərinin vəzifəliləri 8 ilə qədər həbs edilə bilər”.

Bir neçə gündür ki, mətbuatın gündəmini zəbt edən əsas mövzulardan biri sərnişin avtobuslarının səbəb olduğu qəzalardır.
 
Təkcə son 1 həftə ərzində 3 nəfərin ölümü, 17 nəfərin də xəsarət almasına səbəb olan avtobus qəzaları bu sahədə olan diqqətsizlik, məsuliyyətsizlik və aparılan nəzarət tədbirlərinin effeksiz olmasını üzə çıxarıb.
 
Reaksiya.info Gün.Az-a istinadən xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sərnişin avtobuslarına qarşı mütəmadi olaraq reydlər keçirildiyini, sürücülərin cəzalandırıldığını bildirib.
 
O deyib ki, kobud qayda pozan sürücülər cəzalanır, avtobuslar isə marşrut xəttindən çıxarılır. Hətta, ötən həftə 700-dən çox sərnişin avtobusu sürücüsü barəsində elektron protokol toplanıb.
 
Yol polisinin apardığı bu iş qeyri-adi deyil. Yəni ki, bu normal prosedurdur. Sürücü qaydanı pozursa deməli cəzalanmalıdır.
 
Amma məsələ burasındadır ki, sürücülərin cəzalandırılması ilə iş bitirmi? Bu cəzalar qəzaların sayının azalmasına səbəb olurmu? Bu avtobusları xəttə buraxan və qayda-qanunu bilməyən sürücüləri işə götürən şirkətlər haqqında niyə heç bir ölçü götürülmür?
 
Bu suallarımızı hüquqşünas Ərşad Hüseynov cavablandırıb. O bildirib ki, avtobus qəzalarının baş vermə səbəbi həmin sürücülərin seçilməsi, bu işin təşkili, qanunvericilikdən kənar fəaliyyətlə bağlıdır:
 
“Avtobus qəzalarına əsas səbəb odur ki, 20 qəpik uğrunda mübarizə gedir. Qanunvericilik kənarda qalıb, qarşılarına kim çıxdı, avtobusu idarə etməyə icazə verilir, işə götürülür. Harada narkoman, avara, axmaq varsa, avtobusları veriblər ki, gedin, bizim üçün pul qazanın. Avtobus sürücüsünü saxlayanda, əgər sənədi yoxdursa, buna görə hətta inzibati həbs cəzası var. Avtobusun məxsus olduğu həmin şirkətin özü üçün külli miqdarda sanksiyalar nəzərdə tutulur. Amma bunlar tətbiq edilmir”.
 
Hüquqşünasın sözlərinə görə, sərnişindaşıma işini təşkil edən şirkətlərin baş verən hadisələr zamanı məsuliyyətə cəlb edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş cəzalar var.
 
“Bu iki istiqamətdədir. Birinci daşıyıcı şirkətlərin hüquqi məsuliyyəti ilə bağlıdır. Belə ki, həmin şirkətlərə qarşı sanksiyalar tətbiq edilə bilər. Nəzərə almaq lazımdır ki, yol-nəqliyyat hadisəsi baş veribsə və burada daşıyıcı şirkətlərin səhvi varsa, cəza mexanizmi işə düşməlidir.
 
Qanun pozuntusunun xaratkerindən asılı olaraq onlara tətbiq edilən cəza 2 min manatdan 15 min manata qədərdir.
 
Bundan başqa, Cinayət Məcəlləsinə 267-1 maddəsi əlavə olunub ki, orada daşıyıcı şirkətlərin vəzifəli şəxsləri barədə 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
 
Sürücünün tibbi müayinədən, avtomobilin isə texniki baxışdan keçirilməməsi, sürücülük hüquqi olmayan şəxsin işə götürülməsi və ona sərnişin avtobusunun həvalə edilməsi baş vermiş qəzalarda rol oynayır. Belə qanun pozuntusuna yol verənlər isə daşıyıcı şirkətlərin vəzifəli şəxsləridir”.
 
Ərşad Hüseynov sözlərinə əlavə edib ki, bu zamana qədər daşıyıcı şirkətlərə qarşı heç bir iddianın qaldırılmamasında bir neçə qaranlıq məqam var:
 
“Burada qanunsuz himayəçilik, hüquq-mühafizə orqanlarına qanunsuz təsir və digər səbəblər olar. Bu işlərlə dərindən məşğul olunmayıb. Yaxşı olar ki, həmin şirkətlərə heç bir güzəşt edilmədən nəzarət həyata keçirilsin.
 
Sürücülərə plan qoyulması və “plandan artıq nə qazansan, sənindir” prinsipini aradan qaldırmaq lazımdır. Bunun üçün sərnişin avtobuslarının hamısı kart sisteminə keçirilməli və sürücülər əmək haqqı ilə çalışmalıdır. Sürücü 20 qəpik arxasınca düşməməlidir”.

Şərhlər

Çox oxunanlar