Yoluxucu xəstəliyi olan şəxslər işdən çıxarılacaq
03.03.2016 09:49 Sosreaksiya 759
Səhiyyə Nazirliyi “Dövlət sanitariya-epidemioloji nəzarətinin həyata keçirilməsi ilə əlaqədar istifadə edilən sənədlərin tərtibivə tətbiqi Qaydaları”nı təsdiq edib.
Qaydanın təsdiq edilməsi ilə bağlı müvafiq sənədi səhiyyə naziri Oqtay Şirəliyev imzalayıb.
Report xəbər verir ki, bu qaydalar dövlət sanitariya nəzarəti xidməti tərəfindən qeyri-sahibkarlıq subyektlərində aparılan yoxlamalar zamanı qüvvədə olan sanitariya normalarının və qaydalarının, gigiyena normativlərinin tələblərinin pozulması hallarında məhdudlaşdırıcı tədbirlərin tərtib və tətbiq edilməsi qaydasını müəyyən edir.
Qeyri-sahibkarlıq subyektlərinə münasibətdə normativ hüquqi aktların pozulması hallarında Xidmət tərəfindən təşkilatların, ayrı-ayrı sahələrinin, otaqlarının, binalarının, qurğularının, avadanlığının, nəqliyyat vasitələrinin istismarını, eləcə də ərzaq xammalının və qida məhsullarının saxlanmasını, daşınmasını, içməli su mənbələrindən, təsərrüfat və ya sağlamlaşdırma məqsədləri üçün su mənbələrindən istifadə olunmasını zəruri tədbirlər görülənədək və normativ hüquqi aktların mövcud pozuntuları aradan qaldırılanadək dayandırılır, normativ hüquqi aktlara əməl etmək mümkün olmadıqda işə xitam verilir, yoluxucu və parazitar xəstəlikləri yaymaq təhlükəsi yaradan şəxsləri, habelə sanitariya normalarını və qaydalarını, gigiyena normativlərini müntəzəm yerinə yetirməyən şəxsləri işdən kənarlaşdırılır.
Şəxs məcburi göstərişləri yerinə yetirməsi və məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırması barədə xidmətə yazılı məlumat təqdim etməlidir. Belə məlumatın təqdim edildiyi gündən 3 iş günü ərzində Xidmət pozuntuların aradan qaldırılıb-qaldırılmadığını yoxlayır.
Yoxlama nəticəsində məcburi göstərişlərin yerinə yetirilmədiyi və məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırılmadığı müəyyən olunduqda bu haqda hər bir pozuntu ayrıca təsvir olunmaqla müvafiq akt tərtib olunur, şəxsə yazılı məlumat verilməklə qərar qüvvədə qalır.
Yoxlama nəticəsində pozuntuların aradan qaldırıldığı müəyyən olunduqda xidmət məhdudlaşdırıcı tədbirlərin ləğvinə yazılı razılıq verir. Məhdudlaşdırıcı tədbirlərin tətbiqinə əsas olmuş pozuntuların aradan qaldırılması barədə xidmətə yazılı məlumatın təqdim edildiyi gündən 5 iş günü ərzində xidmət tərəfindən yazılı məlumat verilmədikdə qərar qüvvədən düşmüş hesab edilir.
Şərhlər