Azərbaycan ordusunun əşya-əmlak mərkəzi - REPORTAJ
03.03.2016 11:01 Sosreaksiya 2069
“Bunun nəticəsində xəstəlik halları azalıb”.
Martın 2-də kütləvi informasiya vasitələrinin nümayəndələri Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarına səfər edib.
Reaksiya.az Oxu.Az-a istinadən xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən, təşkil olunan səfər zamanı media nümayəndələri inzibati və texniki ərazilərə baş çəkib, yaradılan şəraitlə yerində tanış olublar.
Müdafiə Nazirliyinin Arxa Cəbhə İdarəsinin rəisi, polkovnik Münasib Babayevbildirib ki, bu cür bazalar cəbhəyanı bölgələrdə də fəaliyyət göstərir:
“Bu bazalar müxtəlif istiqamətlərdə yerləşən hərbi hissələrin şəxsi heyətinin təminatını tam ödəyir”.
Arxa Cəbhə İdarəsinin rəisi qeyd edib ki, Müdafiə Nazirliyinin 70 faiz hərbi hissələrində müasir tələblərə cavab verən stasionar və ya səhra tipli çamaşırxanalar tikilərək şəxsi heyətin istifadəsinə verilib:
“Burada hərbi qulluqçular üçün müasir tələblərə cavab verən camaşır xidməti təşkil olunur. Eyni zamanda, camaşırların yuyulması, qurudulması, ütülənməsi və polietilen steril paketlərdə qablaşdırılaraq hərbi hissələrə çatdırılması yüksək səviyyədə həyata keçirilir.
Bundan başqa, stasionar, çöl şəraitindəki hərbi hissələrdə də hamam-camaşırxana və məişət otaqları üçün avadanlıqların yenisi ilə əvəz olunması istiqamətində iş aparılır”.
Sonra jurnalistlər Silahlı Qüvvələrin şəxsi heyətin təminatı üçün nəzərdə tutulmuş əşya əmlakının etalon nümunələrinə baxıblar.
Silahlı Qüvvələrin şəxsi heyətinin təminatı üçün nəzərdə tutulan əşya əmlakın etalon nümunələrinə baxış zamanı bildirilib ki, istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlüyü ilə seçilir:
“Hərbi qulluqçuların yay və qış, bütün alt və üst geyim formaları daha rahat olması, keyfiyyəti və rəngləri ilə seçilir.
Bundan əlavə, pilot variantda hazırlanan və hərbi hissələrdə istənilən iqlim şəraitində sınaqdan keçirilən yeni formalar yüksək dözümlüyü və davamlığı ilə də fərqlənirlər.
Eyni zamanda, hərbi qulluqçuların yataq şəraitlərinin yaxşılaşdırılması məqsədilə köhnə tip əsgər çarpayıları müasir tipli bir və ikimərtəbəli çarpayılarla, pambıq yataq dəstləri yaylı döşək, sintepon balış və akril ədyallarla, kiçik həcmli dolabçaların isə iki nəfərlik iritutumlu metal dolablarla əvəz olunması həyata keçirilir.
Silahlı Qüvvələrdə döşək ağları, bütün dəsmallar hamısı yeni sistemdə dəyişdirilib. Əşya-əmlak Azərbaycanda hazırlanır. O cümlədən geyim formaları iqlimə uyğun şəkildə tərtib olunur.
İplik əl-üz dəsmalları xovlu əl-üz dəsmalları ilə əvəz edilir, o cümlədən şəxsi heyətin hərbi geyim və əşya əmlakı ilə təminatı normalarına hamam və ayaq dəsmalları da əlavə olunub.
Yataq dəstləri və geyim formasının dəyişdirilməsi Silahlı Qüvvələrdə çox böyük dönüş yaradıb. Silahlı Qüvvələrdə yataq dəstlərinin dəyişdirilməsi və şəxsi heyətin yeni geyim formasına keçməsi nəticəsində orduda çox saylı xəstəlik halları azalıb.”
Daha sonra KİV nümayəndələri əşya əmlakının müayinəsi və keyfiyyətinə nəzarət laboratoriyasının fəaliyyəti ilə tanış olublar.
Qeyd olunub ki, dövlət standartlarlarını, normativ texniki sənədləri, əsas şərtlər toplusunu və digər rəhbəredici sənədləri əsas tutaraq laboratoriyada şəxsi heyət üçün tədarük olunan bütün növ əşya əmlaklarının fiziki və mexaniki göstəricilərinin sınaqları aparılır.
Mərkəzi Ərzaq Anbarı haqqında ümumi məlumat əldə etdikdən sonra KİV nümayəndələri orada fəaliyyət göstərərən Mərkəzi Ərzaq Anbarının laboratoriyasına gələrək onun fəaliyyəti ilə tanış olublar.
Qeyd edilib ki, laboratoriyada Silahlı Qüvvələrin şəxsi heyəti tərəfindən qəbul edilən bitki, heyvan və qeyri-üzvi mənşəli ərzaq məsullarının orqanoleptik, texniki, fiziki-kimyəvi, bakterioloji müayinəsini həyata keçirərək, ərzaqın qida üçün tam yararlı olmasına və keyfiyyət standartlarına uyğun gəlməsinə nəzarət edir.
Sonra media nümayəndələri tonluq quru ərzaq məsulları, tonluq tərəvəz məsulları saxlancları, eləcə də tonluq tez xarab olan ərzaqların, ət və balıq məsulları soyuducu-saxlanclarında olublar.
Bildirilib ki, Silahlı Qüvvələrin şəxsi heyətinin ilboyu təzə və yüksək kalorili qida ilə təmin olunması məqsədilə yenidən yaradılan yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məsulları təminatı gücləndirmək məqsədilə birbaşa əsəgərlərin qidalanması üçün hərbi hissələrə verilir:
“Silahlı Qüvvələrin şəxsi heyətinin il ərzində təzə və yüksək kalorili qida ilə təmin olunması məqsədilə yenidən yaradılan yardımçı təsərrüfatlardan istifadə olunur. Yardımçı təsərrüfatlardan toplanan kənd təsərrüfatı məhsulları birbaşa hərbi hissələrə yola salınır.
Hərbi hissələrin yeməkxanalarında aşpazların, yeməkxana və mətbəx işçilərinin mülki işçilərlə əvəz olunması hazırlanan yeməklərin və görülən işlərin keyfiyyətinə müsbət təsirini göstərib”.
Qeyd olunub ki, hazırda yeməkxanalarda keyfiyyətli milli yeməklərin bişirilməsinə diqqət daha da artırılıb:
“Stasionar şəraitdə yerləşən hərbi hissələrdən fəaqli olaraq relyefinə görə daşıma yolları çətin və yüksək dağ şəraitində yerləşən hərbi hissələrin şəxsi heyəti konservləşdirilmiş milli yeməklərlə təmin edilir.
Bir nəfər üçün bir porsiyası 500-550 qramlıq tərəvəzli, yarmalı və tərəvəzli-yarmalı ət və sous şorbaları, 360-380 qramlıq badımcan, bibər, pomidor, kələm, qarışıq dolmalar və küftələr hazırlanıb.
Bundan əlavə, içməli su mənbəyi olmayan yerlərdə xidmət edən, eləcə də döyüş növbətçiliyi aparan hərbi qulluqçuların fıziki sağlamlığının qorunması məqsədilə gün ərzində bir nəfər üçün yeməklərin hazırlanmasına 2,5 litr, içmək üçün yay mövsümündə 2 litr, qış mövsümündə isə 1 litr qablaşdırılmış su verilir.
Silahlı Qüvvələrin hərbi qulluqçularının səhra şəraitində quru ərzaq payı dəsti çeşidinin və qida rasionunun enerji dəyərinin artırılması məqsədilə ərzaq payı normalarına 150 qram ciyər paşteti və 100 qram qatılaşdırılmış şəkərli süd əlavə edilib”.
Müdafiə Nazirliyinin (MN) Arxa Cəbhə İdarəsinin rəisi, polkovnik Münasib Babayev KİV nümayəndlərinə bildirib ki, Müdafiə Nazirliyinə aid olan bütün əşya-əmlak və ərzaq məhsullarının, təbii ki, ət, kartof və soğandan başqa, hər birinin üzərində “Satışı qadağandır” və “Müdafiə Nazirliyinə məxsusdur” sözləri qeyd olunub.
Sonda media nümayəndələri üçün əsgər naharı təşkil olunub və jurnalistlər hazırda əsgərlərin ərzaq payı normalarına daxil olan qida məhsullarının dadına baxıblar.
Qeyd edək ki, martın 20-də Novruz bayramı münasibətilə bütün hərbi hissələrdə keçirilməsi planlaşdırılan “Açıq qapı” günündə də əsgər valideynləri və yaxınları üçün hərbi qulluqçularımızın qida rasionuna daxil olan ərzaqlardan nahar təşkil ediləcəkdir.
Şərhlər