Azərbaycanda yeni model: - `Tik, idarə et, təhvil ver`
03.03.2016 17:32 Sosreaksiya 747
Azərbaycanda tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələri xüsusi maliyyələşmə əsasında həyata keçiriləcək.
Reaksiya.info AzVision.az-a istinadən xəbər verir ki, bu məsələ “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” yeni qanun layihəsi öz əksini tapıb.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, eləcə də Hüquqi siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında Qanun layihəsi barədə məlumat verilərkən bildirilib ki, xüsusi maliyyələşmə tikinti və infrastruktur obyektlərinin və onlara oxşar obyektlər ilə əlaqədar investisiya layihələrinin "Tik, idarə et, təhvil ver" (TİT) modelinə uyğun maliyyələşməni nəzərdə tutur.
Bu qanun körpülərin, tunellərin, su anbarlarının, sutəmizləmə qurğularının, suvarma, içməli və məişət su sistemlərinin, habelə kanalizasiya sistemlərinin, xəbər və konfrans mərkəzlərinin, habelə təhsil, səhiyyə, mədəniyyət və turizm obyektlərinin, kommersiya məqsədli binaların, topdansatış bazarlarının, fabriklərin və oxşar obyektlərin, idman mərkəzləri, yataqxana, istirahət və əyləncə parklarının, təbiət parklarının, qoruqların, sənaye və texnologiya parklarının, aqroparkların, yüksək texnologiyalara əsaslanan avtomatlaşdırılmış idarəetmə sistemlərinin və informasiya texnologiyaları sahəsində digər sistemlərin, hər hansı növ məhsulun tədarük edilə biləcəyi anbar və digər bu tip obyektlərin, geotermik və tullantı istiliyinə əsaslanan obyektlərin və qızdırıcı sistemlərin, elektrik enerjisi istehsalı, ötürülməsi, paylanması və satışı ilə məşğul olan müəssisələrin, şoselərin, nəqliyyatın sıx olduğu magistral yolların, dəmiryolunun və relsli sistemlərin, avtovağzal komplekslərinin, stansiyaların, funikulyor və qaldırıcı sistemlərin, logistika mərkəzlərinin, yeraltı və yerüstü avtomobil dayanacaqlarının, metro xətlərinin və stansiyalarının, xüsusi iqtisadi zonaların, mülki məqsədlərlə istifadə edilən dəniz və hava limanlarının, yük, sərnişindaşıma və yaxta limanlarından ibarət komplekslərin TİT modelinə uyğun maliyyələşmə əsasında tikintisinə (inşasına, cari və əsaslı təmirinə, yenidən qurulmasına, bərpasına), idarə edilməsinə və təhvil verilməsinə investisiyanın cəlb olunmasının hüquqi əsaslarını müəyyən edir.
Qanun layihəsinə görə, bu tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin TİT modelinə uyğun həyata keçirən investor həyata keçirdiyi fəaliyyətlə bağlı dövlət rüsumlarından və yığımlardan azaddır.
İnvestorun öhdəlik götürdüyü tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihəsinin müddəti müəyyənləşdirilərkən investisiya xərclərinin ( əldə ediləcək gəlir də daxil olmaqla) və investisiya məqsədi ilə götürülmüş kreditlərin ödənməsi müddəti, eləcə də layihənin xüsusiyyətləri, investisiyanın miqdarı və idarə olunma prinsipləri nəzərə alınmalıdır. TİT modelinə uyğun bağlanan müqavilələrin müddəti 49 ildən artıq ola bilməz.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini, deputat Ağalar Vəliyev bildirib ki, TİT modeli dünyada qəbul olunmuş bir praktikadır. Sədr müavini qeyd edib ki, qardaş ölkə Türkiyə bu qanununu 1994-cü ildə qəbul edib və bundan sonra ölkəyə 122 milyard manata yaxın vəsait qoyulub. Qonşu Gürcüstanda, Tbilisi şəhərinin mərkəzi, hava limanı türkiyəli investor tərəfindən vəsait cəlb olunub, tikiblər və 28 illiyə işlədib təhvil verəcək. Bəzi iş adamları, xüsusilə də Asiya iş adamları Azərbaycana investisiya qoymaq niyyətindədirlər. Azərbaycanda da bəzi yerlərdə su elektrik stansiyaları tikilə bilər. Maksimal müddət 49 il olduğundan hesab edək ki, su elektrik stansiyasını tikən məsələn 35 il ərzində enerjini sata bilər. Bu müddətdə qoyduğu vəsaiti və mənfəəti götürə bilər. Sonra həmin su elektrik stansiyasını dövlətə təhvil verə bilər və idarəetməni dövlət həyata keçirir. Eyni zamanda, dövlət bu yolla ölkəyə böyük məbləğdə investisiya cəlb edəcək, yeni iş yerləri açılacaq, məşğulluğun səviyyəsi artacaq”-deyə A.Vəliyev vurğulayıb.
Bu qanunu pozanlar mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar.
Müzakirələrdən sonra yeni qanun layihəsi plenar iclasa tövsiyə olunub.
Şərhlər