Dövlət vəsaitləri hər il eyni üsullarla dağıdılır - ARAŞDIRMA

03.03.2016 18:32     Sosreaksiya     920

Büdcə pulları rəqabətsiz tenderlər, naməlum podratçılar, şişirdilmiş qiymətlərlə talan olunur.
Hesablama Palatasının aşkarladığı cinayətlər niyə hər il təkrarlanır?

 

Uzun zamandan bəri büdcədən ayrılan vəsaitlərin müxtəlif dövlət qurumlarında hansı formada xərcləndiyini araşdırırıq. Çoxunun web-saytında maliyyə hesabatları yerləşdirilmədiyindən, sadəcə tender yolu ilə istifadə olunan pullara münasibətləri barədə fikir söyləyə bilirik. Müşahidələrimizə görə büdcə vəsaitlərinin istifadəsində vəziyyət ürəkaçan deyil. Dövlət hesabına yaşayan təşkilatların xərcləmələrinə maliyyə qurumları nəzarət etməli və nöqsanların aradan qaldırılmasına çalışmalıdırlar. Lakin necə nəzarət etdikləri göz qabağındadır: neqativ hallar hər il təkrarlanır. Bu gün talandığı ortaya çıxan yalnız Beynəlxalq Bankdır, amma talansa da, hələ nəzarət orqanlarının ört-basdır etdikləri onlarla belə qurum var. Dövlətin əsas büdcə-maliyyə nəzarəti orqanı Hesablama Palatasıdır (HP). Palatanın web-saytındakı illik hesabatlarında yoxlamalara dair məlumatlar ümumiləşdirilmiş şəkildə verilir. Konkret təşkilatlarda yoxlamalar haqqında mətbuat yalnız bu qurumun azsaylı açıqlamaları ilə kifayətlənməli olur, bir də KİV nümayəndələrinə yaxın olan deputatların vasitəsilə Milli Məclisə (MM) hesabat zamanı onu əldə edə bilirdik. 
 
Konstitusiyanın 92-ci maddəsinə əsasən Hesablama Palatasını Milli Məclis yaradır, Palata da öz növbəsində Parlamentə hesabat verir. Qurumun fəaliyyət dairəsinə dövlət büdcəsinin təsdiq edilməsi və icrasına, dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək daxildir. Palata fəaliyyətini ölkə Prezidentinin, MM və onun komitələrinin sorğu və təkliflərinin nəzərə alındığı iş planı əsasında həyata keçirir. 
 
Sessiyalararası dövrdə Parlament sədri Palataya iş planından əlavə yoxlama aparılması haqqında tapşırıq verə bilər. Yoxlamalarda cinayət əlamətləri olan hüquqpozmalar aşkar etdikdə müvafiq materiallar təxirəsalınmadan Baş Prokurorluğa göndərilir. Palatanın 2015-ci ilin 6 ayı ərzində həyata keçirdiyi nəzarət tədbirlərinin nəticələri ilə bağlı ümumi məlumatda qeyd edilir ki, bərpa edilmiş pul vəsaitlərinin nöqsanlar üzrə tərkibi əsasən artıq əmək haqqı xərclərinin ödənişi, təmir-tikinti işlərinin dəyərinin artırılması və maddi dəyərlərin çatışmazlığı ilə bağlı olub. Əmək haqqı xərclərinin ödənişi ilə bağlı nöqsanlar əmək haqlarının hesablanması və verilməsi zamanı artıq ödəmələrin, vakant ştatlar hesabına qanunvericilikdə nəzərdə tutulmayan ödənişlərin, nəzərdə tutulmadığı halda əlavələrin, maddi yardım və mükafatların verilməsi ilə əlaqədardır. Təmir-tikinti xərclərinə ayrılan vəsaitlərin istifadəsi zamanı görülmüş işlərin faktiki başa çatmamış təsdiq edilməsi, layihə-smeta sənədlərində nəzərdə tutulan inventar və avadanlıqların tam təhvil verilməməsi, tikinti obyektlərinin təhvil verilməsi müddətinə əməl olunmaması kimi xarakterik nöqsanlara yol verilib. 
 
Həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində müəyyən edilmiş xarakterik nöqsanlar arasında dövlət satınalmalarını tənzimləyən normativ-hüquqi aktların və vəsaitlərin istifadəsi zamanı funksional və iqtisadi təsnifatı tələblərinin pozulması halları xüsusilə seçilir. Bu nöqsanlarla yanaşı satınalmalar zamanı müvafiq sahədə peşəkarlığı olmayan, texniki və maliyyə imkanları araşdırılmadan iddiaçıların satınalma proseslərinə cəlb olunması, işçi qüvvəsi, idarəetmə səriştəsi və müvafiq sahədə təcrübəsi olmayan müəssisələrin qalib elan olunaraq satınalma müqavilələrinin bağlanması, satınalma predmetindən asılı olmayaraq yalnız bir müəssisənin bütün satınalmalarda qalib elan edilməsi halları mövcud olub. Əvvəlki audit tədbirlərinin nəticələrinə dair hesabatlarda da qeyd edildiyi kimi, rəqabətsiz satınalma metodlarından istifadə hallarının üstünlük təşkil etməsi, bir mənbədən satınalma metodundan istifadə edilərək aparılan satınalmalarda qənaətin olmaması, tenderin vacib şərti kimi görüləcək iş və xidmətlərin ehtimal olunan dəyərinin düzgün hesablanmaması, keçirilmiş satınalmalar haqqında müvafiq icra hakimiyyətinə vaxtında məlumat verilməməsi kimi nöqsanlar da aşkar edilib. Eyni zamanda, bir sıra hallarda tələbatdan artıq mallar və inventarların alınması, avadanlıqların istismara verilməyərək istifadəsiz qalması, iş və xidmətlərin dəyərinin, həcminin lazım olduğundan artıq müəyyən edilməsi nəticəsində  səmərəsiz xərclərə yol verildiyi də nəzarət tədbirlərində rast gəlinib. 
 
"Dövlət Satınalmaları haqqında" Qanunda "rəqabətsiz satınalma" deyilən bir metod yoxdur. Qanunun 16-cı, "Satınalma metodları" maddəsinə görə malların (işlərin və xidmətlərin) dövlət satınalmaları tətbiq şərtlərindən asılı olaraq açıq, ikimərhələli, məhdud iştiraklı və qapalı tender, təkliflər sorğusu, kotirovka sorğusu və bir mənbədən satınalma metodları ilə həyata keçirilir. Həddən artıq mürəkkəb və ya xüsusi xarakterli olduğuna görə müvafiq mallar yalnız məhdud sayda potensial podratçılarda olduqda, çoxsaylı tender təkliflərinə baxılması və onların qiymətləndirilməsi üçün tələb olunan vaxt və xərclər satın alınacaq malların dəyəri ilə mütənasib olmadıqda məhdud iştiraklı tenderdən istifadə edilir. Mallar müdafiə və milli təhlükəsizlik ehtiyacları üçün nəzərdə tutulduqda satınalan təşkilat qapalı tender keçirir. Həmin ehtiyaclar üçün geyim, ərzaq, əşya, inventar, tibb avadanlıqları, dərman ləvazimatları, xidməti nəqliyyat vasitələri, təmir-tikinti işləri üzrə satınalmalar açıq tender üsulu ilə aparılır. "Məhdud iştiraklı və qapalı tender prosedurları" maddəsinə əsasən satınalan təşkilat məhdud iştiraklı və ya qapalı tender keçirirsə, rəqabəti təmin edəcək sayda 3-dən az olmamaq şərti ilə podratçıları cəlb edir və onlar arasında ayrıseçkiliyə yol verməməklə müsabiqə baş tutur.
 
Qanunun 21-ci, "Bir mənbədən satınalma metodundan istifadə şərtləri"nə görə satın alınan mallar yalnız hər hansı konkret podratçıda və ya hər hansı konkret malgöndərən həmin mallar üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; mallara təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda; fövqəladə hallarla əlaqədar həmin mallara təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda; sifarişçi təşkilat hər hansı podratçıdan mallar, avadanlıqlar, texnologiya və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin podratçıdan satın alınması qənaətinə gəldikdə müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bir mənbədən satınalma üsulundan istifadə edə bilər. Podratçı tərəfindən təklif edilən işlərin qiymətlərinin müəyyənləşdirilməsi məqsədi ilə satınalan təşkilat Qanunun 27-ci maddəsinə uyğun olaraq onların ehtimal olunan qiymətini hesablayır.
 
Əksər müsabiqələrdə heç bir səbəb olmadan yalnız bir şirkət iştirak edib və tenderi də o "qazanıb". Onda bunun harası müsabiqə oldu? Büdcə xərcləmələrini araşdırarkən biz də deyirik ki, tenderləri daim eyni şirkətlər götürür və həmin müsabiqələrdə ikinci şirkətlərin iştirak etmədiyini irəli sürürdük. Palatanın yoxlamaları da haqlı olduğumuzu təsdiqləyir. Həm də deyildiyinə görə bir mənbədən satınalma üstünlük təşkil edir. Deməli, qanunvericilik kütləvi şəkildə pozulur. Maraqlı da burasıdır ki, Palatanın yoxlamalarına baxmayaraq qanun pozuntusu eyni təşkilatlarda hər il təkrarlanır və qurum bu halı "xarakterik" adlandırıb. Bu da Palatanın öz funksiyasına daha məsuliyyətlə yanaşmasını zəruri edir. 2014-cü ildə də dövlət büdcəsinə bərpa olunan vəsaitlərin tərkibində əməyin ödənişi, əsaslı xərclər və çatışmazlıqlar üzrə nöqsanlar xüsusi çəkiyə malik olub. Əsaslı xərclər üzrə nöqsanlara işlərin həcminin artırılması, həmçinin, müqavilə məbləğindən çox vəsaitin ödənilməsi və tamamlanmamış qəbul aktına daxil edilməsi kimi hallar aid edilib. Hesabat ilində aparılmış nəzarət tədbirlərində dövlət satınalmaları ilə bağlı nöqsanlar və vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi demək olar ki, bütün audit obyektlərində rast gəlinib. Palatanın ondan əvvəlki illər üzrə hesabatlarında da qeyd edildiyi kimi, yerinə yetirilməsi tələb olunan satınalma prosedurlarının pozulması və qanunvericiliyin tələblərinə əməl edilməməsi ilə yanaşı, satınalma metodlarının düzgün tətbiq edilməməsi, rəqabətsiz satınalma metodlarına daha çox üstünlük verilməsi, müsabiqəli satınalmalarda iddiaçıların sayının məhdudluğu, satınalınan malların ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi və satınalma ilə bağlı hesabatlılığın tam təmin olunmaması kimi nöqsanlara da yol verilib. Bunlarla yanaşı, müvafiq icra hakimiyyəti orqanının razılığı olmadan və heç bir satınalma proseduru keçirilmədən birbaşa müqavilələrin bağlanılması hallarına da rast gəlinib. Hər bir nəzarət obyektində rast gəlinən ikinci nöqsan vəsaitlərin təyinatı üzrə istifadə olunmamasıdır. 
 
Təhlil zamanı nöqsanlara vəsaitlərin Vahid Büdcə Təsnifatının iqtisadi təsnifat üzrə kodunun dəyişdirilməsi yolu ilə icra olunması halları da aid edilib və bunlara iqtisadi təsnifatın "digər alışlar və xidmətlər" yarımmaddəsi, "sair xərclər" və "abadlaşdırma xidmətləri haqlarının ödənilməsi" paraqrafları üzrə daha çox rast gəlinib ki, araşdırmalarımızda bu maddələr də diqqəmizi həmişə çəkib. "Abadlaşdırma xidmətləri haqlarının ödənilməsi"nə ayrılan büdcə vəsaitləri yalnız küçələr, səkilər, park və meydançaların süpürülməsindən yaranan tullantıların daşınmasına cəlb olunan nəqliyyat vasitələrinin xərclərinin ödənilməsinə nəzərdə tutulduğu halda, bu vəsait təsərrüfat gəlirləri hesabına maliyyələşdirilməli olan digər təyinatlı xərclərə yönəldilib. Eyni zamanda, "Mənzil və kommunal təsərrüfatı" bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlərin istifadəsi zamanı abadlıq, yolların və mənzil fondlarının əsaslı təmir işlərinə ayrılmış vəsait bu bölməyə aid olmayan kənar obyektlərin əsaslı təmirinə yönəldilib. Aparılmış təhlillər göstərir ki, "Sair xərclər" paraqrafı üzrə ayrılan vəsaitlər malların alınmasına, iş və xidmətlərin haqqının ödənilməsinə sərf edilib. Dövlət büdcəsinin yerli xərclərindən maliyyələşən təhsil və səhiyyə müəssisələrində xərclər smetasında nəzərdə tutulmayan və funksional fəaliyyətlə əlaqəsi olmayan müxtəlif bayram tədbirlərinə "Sair xərclər"dən vəsaitin yönəldilməsi hallarına rast gəlinib. "Digər alışlar və xidmətlər" yarımmaddəsi üzrə vəsaitlərin təyinatının dəyişdirilməsi rast gəlmə tezliyinə görə aşağı göstəriciyə malik olsa da, məbləğ baxımından nəzərəçarpacaq çəkiyə sahibdir. Palatanın hesabatında o da deyilir ki, aşkarlanan cinayət tərkibli faktlar Baş Prokurorluğa göndərilir. Görünür, cəzasız qaldıqlarına görə hər il həmin təşkilatlar eyni "nöqsanlar"a yol verirlər...
 
 
(Bizimyol.info)

Şərhlər

Çox oxunanlar