Bu gün milli – mənəvi dəyərlərin qorunması üçün proqram hazırlanmalıdır - SOS

31.05.2015 22:52     Sosreaksiya     583

Xalqımızın mənəvi dünyasını zənginləşdirən, tariximizi və mədəniyyətimizi ucaldan, birliyimizi təmin edən milli-mənəvi dəyərləri qoruyub saxlamaq hər birimizin müqəddəs borcudur. Bu gün milli-mənəvi dəyərlərimizə qarşı çıxmaq təşəbbüsləri və halları olduğu üçün, bu vacib məsələnin daim diqqətdə saxlanılması zərurəti yaranıb. Tarixi qürur duyduğumuz meyarların, nailiyyətlərimizin üstündən belə asanlıqla xətt çəkmək, onu aşağılamaq istəyinin bəzən baş qaldırması bizi çox qayğılandırır. İlk növbədə hər bir ziyalı əsrlər boyu cilalanmış, zamanın kəşməkəşli sınaqlarından çıxmış, ələnmiş, saflaşmış, bugünümüzün həyati tələbatına çevrilmiş, xalqımızın özünəməxsus milli mentaliteti meyarlarına çevrilmiş mənəvi dəyərlər xalqımızın yüksək əxlaqi xüsusiyyətlərinin təcəssümüdür, duz-çörək qədər hamımıza əzizdir.

Bu gün cəmiyyətdə milli – mənəvi dəyərlərin qorunması baxımından hansı işlər görülməlidir? İndiki halda bəzilərinin iddia etdikləri kimi milli – mənəvi dəyərləri heçə saymaq mümkündürmü?

Həmsöhbətimiz sosioloq Əhməd Qəşəmoğlu da bildirib ki, milli - mənəvi dəyərləri heç zaman heçə saymaq olmaz: “Bunu ancaq məsələnin təfərrüatını - fəlsəfi, psixoloji, sosioloji tərəfini yaxşı duymayan adam deyə bilər. Milli mənəvi dəyərlərə diqqətli olmayan hər bir xalq özünü lazımi şəkildə təşkilatlandıra, dövlətçiliyini qoruya bilməz. Amma bu dəyərləri yer üzünün tərəqqisinə kömək edəcək şəkildə formalaşdırmaq lazımdır. Milli - mənəvi dəyərlər başqa xalqlara zülm etmək, onları məhv etmək yönündə formalaşanda bu faşizmə, erməniçiliyə gətirib çıxarır. Milli mənəvi dəyərlər millətin, xalqın qüdrətini yer üzünün tərəqqisinə xidmət edəcək şəkildə artırmağa, mıhkəmlənməyə xidmət etməlidir. Bu gün bu sahədə ilk növbədə ciddi alimlərin köməyi ilə bir aydın, qurucu Fəaliyyət Proqramı hazırlanmalıdır. Bu proqramda bu sahədəki əsas strategiyalar aydın şəkildə dəqiqləşdirililməli, məqsəd konkretləşdirilməli, effektiv vəzifələr müəyyənləşdirilməlidir. O zaman məlum olacaq ki, bu sahədə hansı şəkildə maarifləndirmə işləri həyata keçirilməli, qanunvericilikdə nə kimi sənədlər qəbul edilməli, ictimai təşkilatlar, hökümət təşkilatları hansı işləri görməlidir. Ədəbiyyat, incəsənət, musiqi sahəsində daha keyfiyyətli, daha milli əsərlərin daha çox populyarlaşmasına ciddi şəkildə çalışmaq lazımdır. Gənclərimizə Azərbaycanın, Türk dünyasının, Azərbaycandakı digər xalqların həqiqi tarixini, fəlsəfəsini dərindən öyrətmək lazımdır. Qeyd etmək lazımdır ki, indi ölkəmizdə bu tip işlər getməkdədir və bu çox yaxşı haldır. Elmi təminat həmin işlərin daha da sistemləşməsinə, əhatəliliyini artmasına, daha effektiv istiqamət götürməsinə kömək edə bilər”.

Şərhlər

Çox oxunanlar