İntihar edən sahibkarın yoldaşları cəzalandırıldı
04.03.2016 19:24 Sosreaksiya 1193
Mütəşəkkil dəstənin başçısı uzun illər daxili işlər orqanlarında çalışmış polkovnik olub.
Gəncə Apelyasiya Məhkəməsində qaçaqmalçılıq, qanunsuz sahibkarlığa cəhd ittihamları ilə həbs olunan polis polkovnik-leytenantı, uzun illər daxili işlər orqanlarında müxtəlif yüksək vəzifələrdə çalışmış Əfsəl Həsənəliyev, iş adamları - Orxan Abdullayev, Sərdar İsmayılov, Elman Məsimov, Məcid Anqubazovun cinayət işi üzrə proses başa çatıb. Qeyd edək ki, 20 sentyabr 2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyi əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutulan Əfsəl Həsənəliyev, bir gün sonra Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı törətmə) maddəsi ilə ittiham edilib, barəsində həbs-qətimkan tədbiri seçilib. Ancaq səhhəti imkan vermədiyindən həbs-qətimkan tədbiri dəyişdirilib və o, 19 fevral 2014-cü ildə başqa yerə getməmək şərti ilə sərbəst buraxılıb. Həyata keçirilmiş əməliyyat nəticəsində saxlanılan Əfsəl Həsənəliyev Məcid Anqubazov, Cahangir Məmmədov, Elman Məsimov, Orxan Abdullayev və Sərdar İsmayılovdan ibarət bir qrup şəxslə tamah məqsədi ilə külli miqdarda dəyəri olan pirotexniki malların və “skoç” yapışqan lentinin Gürcüstandan qaçaqmalçılıq, sənədlərdən aldatma yolu ilə istifadə etməklə, gömrük nəzarətindən keçirərək Azərbaycana gətirməkdə ittiham olunublar. İstintaqın gəldiyi nəticəyə görə, 2013-cü ilin sentyabr ayının əvvəlində ailəvı dostlarının yaxın qohumu Məcid Anqubazov Əfsəl Həsənəliyevdən Gürcüstanda olan “TIR” yük avtomobilinin yarısı həcmində “skoc”dan ibarət malın Azərbaycana gətirilməsinə kömək göstərməyi xahiş edib. O da bununla bağlı karqo daşımaları şirkəti olan dostu, Cahangir Məmmədovla əlaqə saxlayıb. Həmin vaxt Gürcüstanda olan Cahangir Məmmədov yükün Azərbaycana göndərilməsini təşkil etməyə razılıq verib. Məcid Anqubazovun təkidli xahişi ilə Əfsəl Həsənəliyev də öz maşını ilə Gürcüstana gedib. Ancaq Gürcüstanda ona məlum olur ki, mal Məcid Anqubazovun deyil, bir başqasınındır. Elə cinayət işində adları keçən Elman Məsimov, Orxan Abdullayev və Sərdar İsmayılovu da Əfsəl Həsənəliyevlə Məcid Anqubazov tanış edir. Orxan Abdullayev və Sərdar İsmayılov Əfsəl Həsənəliyevin maşınında Tiflisə gedirlər. Məlum olur ki, həmin şəxslər Gürcüstan vətəndaşı Karlo Katrikadzeyə məxsus malları Məcid Anqubazovun köməyi ilə Azərbaycana keçirməkdə vasitəçilik edirlərmiş. Daha sonra o da məlum olur ki, Məcid Anqubazov və dostları Azərbaycana yalnız “skoc” yox, həm də xeyli “pirotexnika” da keçirmək istəyirlər. Əfsəl Həsənəliyev bunu bildikdə həmin malların Azərbaycanda qadağan edildiyini və aparılmasının qeyri-mümkün olduğunu söyləyir. Gürcüstanda görüşdükləri Cahangir Məmmədov da eyni fikirdə olur. İş adamlarına şərti cəza İstintaq sonda təqsirləndirilən şəxslərə ittiham verib. Onlar Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı törətmə) və 29, 192.2.2-ci (mütəşəkkil dəstə tərəfindən qanunsuz sahibkarlıq etmək) maddələri ilə ittiham ediliblər. Onların barəsində olan cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Birinci instansiyada məhkəmə prosesi 2014-cü ildə, hakim Kəramət Əliyevin sədrlik etdiyi kollegiyada keçirilib. Məhkəmənin 22 sentyabr 2014-cü il tarixli hökmü ilə Əfsəl Həsənəliyev, Məcid Anqubazov, Cahangir Məmmədov, Elman Məsimov, Orxan Abdullayev və Sərdar İsmayılovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Məhkəmənin hökmü ilə Əfsəl Həsənəliyev, Məcid Anqubazov 3 il 11 ay 20 gün, Cahangir Məmmədov 3 il, Elman Məsimov 3 il 11 ay, 21 gün, Orxan Abdullayev 4 il 7 ay 1 gün, Sərdar İsmayılov 5 il 7 ay 6 gün müddətinə şərti cəza alıblar. Onlar məhkəmə zalından azadlığa buraxılıblar. Hökmdən məhkumlar Gəncə Ağır Cinayətlər Məhkəməsinə 1 il 2 aydan sonra apelyasiya şikayəti verilib. Onlar ərizələri ilə həmçinin apelyasiya şikayəti verilməsinə dair buraxılmış müddətin bərpa edilməsi xahiş ediblər. “Bizə təzyiqlər olub” Gəncə Ağır Cinayətlər Məhkəməsinin 3 dekabr 2015-ci il tarixli qərarı ilə məhkumların apelyasiya şikayətləri vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair vəsatətləri təmin edilməyib. Sözügedən məhkəmə qərardan məhkumlar təkrar apelyasiya şikayəti verilib. Apelyasiya şikayətləri ümumən belə əsaslandırılıb ki, məhkəmənin çıxardığı hökm qanunsuz və əsassızdır. Lakin MTN işçilərindən gələn hədə-qorxulardan çəkiniblər və vaxtında apelyasiya şikayətləri verə bilməyiblər. Onların apelyasiya şikayəti araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Elşad Bayramovun sədrlik etdiyi kollegiyada araşdırılıb. Əfsəl Həsənəliyev məhkəmə kollegiyasının iclasında apelyasiya şikayətinin dəlillərini müdafiə edib. O, qeyd edib ki, MTN əməkdaşlarının qanunsuz hərəkətlərindən, onlara olan təzyiqlərdən çəkindikləri üçün vaxtında məhkəmə hökmünü mübahisələndirməyiblər: “Lakin son vaxtlar respublikada MTN-lə, onun əməkdaşlarının qanunsuz hərəkətləri ilə bağlı aparılan araşdırmalardan sonra şikayət vermək, məhkəmə hökmünü mübahisələndirmək qərarına gəldik. Əgər müddət bərpa olunaraq işə yenidən baxılarsa, çoxsaylı qanun pozuntuları ortaya çıxar”. Orxan Abdullayev, Sərdar İsmayılov, Elman Məsimov və Məcid Anqubazov də Əfsəl Həsənəliyevin göstərdikləri ilə razılaşıblar. Onlar da MTN əməkdaşlarından qorxub və çəkindikləri üçün şikayət vermədiklərini, hazırda şikayət vermək üçün imkan yarandığını qeyd ediblər. Prokuror ittihamları cavablandırdı Dövlət ittihamçısı Qalib Rizvanov bildirib ki, apelyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair məhkumların vəsatətlərinin dəlilləri tamamilə əsassızdır: “Cinayət-prosessual qanunvericiliyə görə, hökmdən onun elan olunduğu andan 20 gün müddətində şikayət və ya protest verilə bilər. Hökm hər bir məhkum tərəfindən dinlənilib, onlar və vəkilləri tərəfindən vaxtında alınıb, işdə hökmün vaxtında alınmasına dair rəsmi sənədlər var. Həmçinin artıq hökm icra üçün də göndərilib və icra edilir. Məhkumlar və onların vəkilləri hüquqlarından qanunla nəzərdə tutulan müddətdə istifadə etməyiblər. Məhkumların qorxub-çəkindikləri üçün hökmdən apelyasiya şikayəti verməmələrinə dair hazırda göstərdikləri dəlillər tam əsassızdır. Hazırkı dəlillər şikayətlərin təmin edilməsi üçün əsas hesab oluna bilməz". Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Məhkum olunmuş şəxslərin şikayətləri rədd edilib. 80 min manat borca düşdü və intihar etdi Qeyd edək ki, cinayət işində adı keçən Cahangir Məmmədov 2015-ci ilin iyulun 13-də intihar edib. Onun intihar etməsinə səbəb MTN tərəfindən saxlanması zamanı çoxlu borca düşməsi olub. Məlum olur ki, MTN-nin bir qrup yüksək rütbəli əməkdaşı Gürcüstandan Azərbaycan vasitəsilə İrana qanuni şəkildə mal aparmaq istəyən şəxsləri qaçaqmalçı adı ilə həbs edərək, külli miqdarda rüşvət alıblar. Elə bu məqsədlə MTN-in yüksək rütbəli əməkdaşları tərəfindən Məcid Anqubazov adlı şəxs, necə deyərlər, tələyə salmaq üçün onlara yaxınlaşıb. Bundan sonra 80 min manat borca düşən Cahangir Məmmədov çıxış yolunu intihar etməkdə görüb.
Teleqraf.com
Şərhlər