Bakının mərkəzində eskalatorlar niyə işləmir? - VİDEO

05.03.2016 12:07     Sosreaksiya     873

Bakının mərkəzi küçələrini birləşdirən keçidin eskalatorları uzun müddətdir ki, işləmir. Bir qrup paytaxt sakini bununla bağlı “Qafqazinfo”ya şikayət edib. Onlar bildiriblər ki, Heydər Əliyev parkı ilə Rəşid Behbudov və Füzuli küçələrini birləşdirən keçidin eskalatorları fəaliyyət göstərmir .
 
“Qafqazinfo”nun əməkdaşları sözügedən ərazidə olublar. Məlum olub ki, bir müddətdir istifadəsiz qalan eskalatorların üstünü artıq daş, qum və zibil örtüb.
 
Keçiddəki mağaza sahibləri eskalatorların artıq 5 aydan çoxdur ki, işləmədiyini bildirib:
 
“Səbəbini soruşuruq, demirlər. Heç bir qurum öhdəsinə götürmür. Bütün televiziya kanallarından gəlib çəkiblər, ancaq hələ də vəziyyət eynidir. Dedilər ki, “Azəryolservis” cavabdehdir, onlar da boynuna almadı”.
Yaranmış vəziyyətdən daha çox yaşlılar və uşaqlar narahatdır:
 
“Nəvəmi hər gün bağçaya aparıb gətirirəm. Təhlükəsizliyimiz üçün keçiddən istifadə edirik. Ancaq bu pilləkənləri qalxıb düşmək zülmdür. Bir əncam çəkilsə, çox yaxşı olar”.
 
Keçiddə mühafizə otağına yaxınlaşsaq da, xadimə tək olduğunu və mühafizəçilərin axşam 7-8 radələrində gəldiyini bildirdi. Eskalatorlarla bağlı sualımıza cavabı isə: “Xadimə adamam, mən nə biləcəm?” oldu.
 
“Qafqazinfo” məsələ ilə bağlı “Azəryolservis” ASC-nin mətbuat katibi Anar Nəcəfli ilə əlaqə saxlayıb. Katib bildirib ki, sözügedən keçidin eskalatorlarının fəaliyyətindən özəl şirkətlərdən biri cavabdehdir:
 
“Biz də həmin keçidin eskalatorlarının uzun müddətdir ki, işləmədiyindən xəbərdarıq. Məsələ diqqətimizdədir və öz səlahiyyətlərimiz çərçivəsində problemin həll olunmasına köməklik göstərməyə çalışacağıq”.

Şərhlər

Çox oxunanlar