«MTN-də əmanətçiləri şantaj edib qorxudublar»

05.03.2016 19:51     Sosreaksiya     768

«Texnikabank”da əmanəti batan 100-dən çox zərərçəkmişdən sensasiyalı müraciət

 

«İşlə əlaqədar  müxtəlif məhkəmə instansiyası hakimlərinin iştirakı ilə 420 dəfə məhkəmə iclası keçirilib»
 
"Texnikabank" ASC-nin Bakı filialının zərərçəkmiş bir qrup əmanətçisi üzləşdiyi problemlə bağlı "Bizim Yol"a müraciət edib. 
 
Müraciətdə bildirilir ki, əmanətçilər adıçəkilən bankın Bakı filialının sabiq müdiri Zal Yusifov və onun oğlu İslam Yusifovun dələduz əməlləri ilə üzləşiblər: "Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup əməkdaşının qanunsuz əməlləri ifşa edildikdən sonra yüzdən çox əmanətçi rəhbər şəxslərə müraciət etmək qərarına gəldik. 2008-ci ilin sentyabr ayında "Texnikabank" ASC-nin rəhbərliyi ilə MTN-in həmin ifşa edilmiş əməkdaşları arasında saziş bağlanıb. Bankda olan əmanətlər əllərindən alınıb. Belə ki, 2008-ci ilin axırlarında MTN-in sabiq nazir müavini, "Texnikabank" ASC-nin Müşahidə Şurasının sədri Etibar Əliyevlə "Texnikabank" ASC-nin "Bakı" filialının müdiri Zal Yusifov görüşüblər. Onlar həmin vaxt qərara gəlirlər ki, Etibar Əliyev Zal Yusifovun banka guya ziyan vurması ilə bağlı MTN-ə şikayət ərizəsi verməlidir.
 
Qeyd olunur ki, Etibar Əliyev guya banka ziyan dəyməsi ilə bağlı MTN-ə şikayət ediləndən sonra istintaqa başlayır. Bundan sonra əmanətçilər MTN-ə çağırılır. Əmanətçilər istintaqçılar tərəfindən təhqirlərə, həbs hədə-qorxularına, şantaja məruz qalırlar: "MTN istintaqçılarının bir məqsədləri var idi. Məqsəd biz əmanətçilər yüz zülmlə, halal zəhmətimizlə qazanaraq "Texnikabank"a qoyduğumuz əmanətlərdən imtina etməliyik və bunu yazılı surətdə istintaqa təqdim etməliyik".
Zərərçəkmişlər bildirir ki, bir qrup əmanətçilər bu hədələrdən qorxub əmanətlərindən imtina ediblər. Amma digər bir qrup əmanətçilər isə öz hüquqlarını müdafiə edib və əmanətlərini bankdan tələb ediblər: "Beləliklə, MTN-in istintaq qrupu "Texnikabank"ın rəhbərliyindən vəd olunmuş rüşvəti alıblar və daha sonra bəzi əmanətçiləri hədələyərək külli miqdarda pul alıb və iş Ağır Cinayətlər Məhkəməsinə göndərilir. Bir dəfə söhbət əsasında MTN-də istintaq qrupunun rəhbəri Vüsal Ələkbərova nə üçün belə ədalətsizlik etdiyini soruşduq. O, bildirdi ki, bizim qarşımızda "Texnikabank"ı məsuliyyətdən uzaqlaşdırmaq olub. Vüsal Ələkbərov etiraf edib ki, bu tapşırıq MTN-də nazirdən yox, nazir müavinindən gəlib".
 
Zərərçəkmişlər qeyd edir ki, cinayət işinə Ağır Cinayətlər Məhkəməsində hakim Əlövsət Abbasovun sədrliyi ilə baxılıb: "Məhkəmə məsuliyyət daşımalı olan bankı məsuliyyətdən uzaqlaşdırdı. Biz zərərçəkmişlər hökmdən Bakı Apellyasiya Məhkəməsinə şikayət verdik. Apellyasiya şikayətinə hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə baxıldı. Biz əmanətçilər və vəkillərimiz məhkəmədən bizə qarşı hüquqlarımızın pozulması və əsassız olaraq mülkiyyətimizin əlimizdən alınmasını bildirdik. Amma hökm qüvvədə saxlanıldı. Ali Məhkəməyə kassasiya şikayəti verdik. Məhkəmə baxışları zamanı artıq MTN-in müavini öz vəzifəsindən azad olundu. Nəhayət kassasiya instansiyasında bu iş dörd dəfə ayrı-ayrı məhkəmə kollegiyalarında baxılıb. Bu işlə bağlı çoxsaylı qanun pozuntuları aşkar edilib və işi apellyasiya instansiyası məhkəməsinə yenidən baxılması üçün geri qaytarılıb. Bu işlə əlaqədar ikinci dəfə apellyasiya məhkəməsi baxışı zamanı məlum olur ki, "Texnikabank"ın müşahidə şurasının sədri Etibar Əliyev MTN tərəfindən həbs olunub və bank başqa adamın əlinə keçirilib". 
 
İşdə olan zərərçəkmişlər onu da bildirir ki, bu sadə məhkəmə işi ilə əlaqədar müxtəlif məhkəmə instansiyası hakimlərinin iştirakı ilə 420 dəfə məhkəmə iclası keçirilib: "200-dən artıq qətnamə, qərardad, hökm və qərarlar verilib. Maraqlıdır ki, 42 hakim "Texnikabank"ın məsuliyyət daşıdığını, 12 hakim bankın məsuliyyət daşımadığını, qalan hakimlər isə hökmə istinad etdikləri barədə qərarlar qəbul ediblər. Bu faktlar onu göstərir ki, məhkəmələr təsirlər altında olaraq qanuni, ədalətli və obyektiv qərarlar əvəzinə, sifariş xarakterli qərarlar qəbul ediblər".
 
Bir qrup zərərçəkmiş prezident İlham Əliyevə, baş prokuror Zakir Qaralova, ədliyyə naziri Fikrət Məmmədova müraciət ünvanlayıblar: "500-550 ailə tərkibi olan 100-dən çox zərərçəkmiş bu gün çətin və acınacaqlı vəziyyətinin nəzərə alınmasını istəyiblər. Onlar qeyd ediblər ki, əmanətlərinin qaytarılması ilə əlaqədar qanuni, ədalətli və obyektiv araşdırma aparılması üçün müvafiq qurumlara göstəriş verilməsini istəyiblər".  
 
Qeyd edək ki, "Texnikabank"ın mülkiyyətçiləri və adı dəyişərək "Bank Technique" olub. (Sonradan yenidən bankın köhnə adı özünə qaytarılıb-red) Bir neçə ay əvvəl Ali Məhkəmənin qərarı ilə "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifovun oğlu İslam Yusifovun  kassasiya şikayəti təmin edilib və o, azadlığa buraxılıb. 
 
81 nəfərin 38 milyon manatdan çox pulunu mənimsəməkdə ittiham olunan Zal Yusifov Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15, oğul isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər. 
Məhkəmənin qərarına görə, Zal Yusifovun cinayət yolu ilə əldə etdiyi pullar hesabına tikilmiş mülkləri satılmalı, əldə olunan vəsait hesabına zərərçəkmişlərə dəyən ziyan ödənməlidir. Bununla bağlı Bakı Apellyasiya Məhkəməsi qərar çıxarıb.  81 nəfərə dəyən ziyan ödənmədən bankirin oğlunun azadlığa buraxılması narazılıqla qarşılanıb. 
 
 
(Bizimyol.info)

Şərhlər

Çox oxunanlar