11 yaşlı qızın şokedici intiharı - TƏFƏRRÜAT
09.03.2016 13:01 Sosreaksiya 1164
Ötən gün axşam saatlarında Neftçala rayonunun 2-ci Mayak kəndində 11 yaşlı Kazımova Xədicə Rüstəm özünü ip ilə asaraq intihar edib.
Faktla bağlı Neftçala Rayon Prokurorluğunda araşdırmalara başlanılıb.
Mayak 2 saylı orta məktəbin direktoru Lətifə Cəfərova intihar hadisəsi ilə bağlı azvision.az-a açıqlamasında Xədicənin savadlı şagird olduğunu bildirib.
“Xədicə çox yaxşı qız idi. Heç kim onun intihar edəcəyini gözləməzdi. Niyə belə edib? Hamı onun ölümü ilə şoka düşüb. Dünən bayram günü evlərində süfrə açıb, çərşənbəni qeyd ediblər. Xədicə yemək yedikdən sonra anasına çölə çıxıb, 5 dəqiqəyə geri qayıdacağını deyib. Üstündən 5 dəqiqə vaxt keçsə də, o geri qayıtmayıb. Anası tövləyə gedərək görüb ki, Xədicə özünü asıb. Anası Xədicənin heç bir probleminin olmadığını deyir. Onlar özləri də bilmirlər ki, Xədicə niyə canına qıyıb. Müəmmalı hadisədir.
O, çox fəal uşaq idi. Dərslərini yaxşı oxuyurdu. Onlar 3 bacıdırlar. Anası hazırda hamilədir. Bir-iki aya yenidən ana olacaq. Normal ailədirlər. Həmin gün ana qızlarını başına yığaraq 8 mart bayramını və çərşənbəni qeyd edirmiş. Xədicə anasına qadınlar bayramında hədiyyə də alıbmış. Həmçinin sinif yoldaşlarına bayramdan qabaq anası üçün pul yığdığını, ona hədiyyə alacağını deyib”-, deyə L.Cəfərova bildirib.
Direktorun sözlərinə görə, Xədicə ev işlərində də anasına kömək edirmiş: “Xədicə anasının sağ əli idi. Ev işləri görürdü, anasına köməklik edirdi. Yazıq qız bütün günü əziyyət çəkirdi. Kənddə hamı onları balıqçı ailəsi kimi tanıyır. Atası balıqçıdır. Ailənin maddi vəziyyəti normaldır. Onların arasında heç bir narazılıq olmayıb. Hamımız çaş-baş qalmışıq, ailədə hər şey qaydasında olduğu halda qız niyə özünü öldürsün. Hazırda polis faktla bağlı araşdırma aparır. Yəqin, araşdırmadan sonra səbəb məlum olacaq”.
(AzVision.az)
Şərhlər