`YouTube`dən videoları kim və niyə silir? - ÖZƏL AÇIQLAMA
09.03.2016 15:52 Sosreaksiya 909
Son günlər Azərbaycanlı istifadəçilərin “YouTube” portalına yüklədiyi videoların silinməsi, bəzi kanalların bağlanılması ilə bağlı şikayətlərin sayı artıb. Bunun hansı səbəbdən baş verdiyi istifadəçilərə məlum deyil.
Portaldan daha çox yerli telekanallara məxsus görüntülərin silindiyi bildirilir.
AzVision.az “YouTube”dan videoları kütləvi şəkildə silən şəxsi taparaq onunla əlaqə saxlayıb.
“YouTube”nin partnyor şirkətlərindən birinin nümayəndəsi olan Çingiz Şirinov videoların silinməsinin müəllif hüquqları ilə bağlı olduğunu deyib.
“”Youtube”də “contact” adlı daxili sistem var. Biz bir sıra tanınmış şəxslərlə, televiziyalarla müqavilə bağlayaraq, onların müəllif hüquqlarını qoruyuruq. Müqavilənin sürətini həmin sistemə təqdim etməklə bütün videolara texniki olaraq nəzarət hüququnu əldə edirik. Hazırda 50-yə yaxın müğənni ilə əməkdaşlıq edirik. Müqavilə bağladığımız şəxslərə aid görüntülər başqa kanallara yüklənən zaman biz bunun qarşısını alırıq”,-deyə Ç.Şirinov bildirib.
Müsahibin sözlərinə görə, Azərbaycan filmlərinin “YouTube”də yayımlanmasına qarşı ermənilər tərəfindən xeyli əngəllər törədilir.
“Telekanallardan bizə bununla bağlı şikayətlər daxil olur. Bu şikayətləri nəzərə alaraq müəyyən addımlar atırıq. Azərbaycanda istifadəçilərin videoları piratçılığın qarşısını almaq üçün silinir. Telekanallardan daxil olan şikayətlər əsasında biz bu videoları silirik. Səbəbi isə telekanalların hüquqlarını tələb etməsidir. Piratçılıq baş alıb gedir. Çünki insanlar telekanalların verilişlərini “YouTube”-ə pirat yollarla, öz adları ilə yükləyib, qazanc əldə edirlər.
Araşdırmalarımız zamanı məlum olub ki, başqasının videolarını pirat yollarla “YouTube”a yükləyən şəxslər yaxşı pul qazanırlar. Bu, yolverilməzdir. Hər gün 500-600-ə yaxın pirat videolar tərəfimizdən silinir, bəzi hesablar isə bağlanır”.
Ç.Şirinov hesab edir ki, internet üzərindən piratçılıqla məşğul olan şəxslərə qanunvericiliyə uyğun olaraq cərimələr tətbiq olunmalıdır.
Şərhlər