Baxçalar Təhsil Nazirliyinə qaytarılır
09.03.2016 16:17 Sosreaksiya 1219
2011-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyindən alınaraq yerli icra hakimiyyətlərinin tabeliyinə verildi.
Məqsəd isə körpələr evlərinin, körpələr evi-uşaq baxçalarının, uşaq baxçalarının, xüsusi uşaq baxçalarının və uşaq evlərinin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulması, uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək idi.
Reaksiya.info Modern.az-a istinadən xəbər verir ki, baxçaların yenidən Təhsil Nazirliyinə qaytarılması istiqamətdə artıq işlərə başlanılıb.
Təhsilin ilk pilləsinin yerli icra hakimiyyətlərinə verilməsi həmin qurumlarda idarəetmə baxımından müsbət dəyişiklərə səbəb oldu.
Amma uşaqların məktəbə hazırlığı, ilkin biliklərin öyrədilməsində problemlər qalmaqdadır. Bunu elə təhsil naziri Mikayıl Cabbarov da qeyd edib.
O, məktəbəqədər təhsil müəssisələrinin fəaliyyətinin qənaətbəxş olmadığını qeyd edərək, məktəblərdə məktəbə hazırlıq kurslarının açıldığını vurğulamışdı.
Elə Ombudsmanın 2015-ci il üzrə hesabatında da bu məsələyə toxunulub. Hesabatda məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması, həmçinin istər bu müəssisələrin, istərsə də orta məktəblərin birbaşa həmin nazirliyin büdcəsindən maliyyələşdirilməsinin məqsədəmüvafiq olduğu qeyd edilib.
Məruzədə qeyd olunub ki, uşaq baxçalarında mövcud olan uşaq yerlərinin sayı müvafiq ərazidə, rayonda, şəhərdə yaşayan məktəbəqədər yaşlı uşaqların sayından olduqca azdı. Eyni zamanda bildirilir ki, I siniflərə şagirdlərin qəbulu zamanı 6 yaşlılara verilən məntiq testlərinin sualları çətin olmaqla, bu yaşda uşaqların əksər hissəsinin real təfəkkür və düşünmə tərzi ilə ciddi fərqlər təşkil edir.
Bu da bir çox valideynləri məktəbə hazırlıq dövründə uşaqlarını xüsusi repetitorlara yönəldərək pul sərf etmək məcburiyyətində qoyur. Bunun əsas səbəbləri kimi məhz uşaqların intellektinin və düşüncə tərzinin düzgün formalaşmasında rol oynayacaq məktəbəqədər təhsil müəssisələrinin az olması, tərbiyəçi müəllimlərin peşəkarlıq tələblərinə cavab verməməsi və həmin müəssisələrinin yerli icra hakimiyyətlərinin tabeliyində olmaqla təhsil və Təhsil Nazirliyi sistemindən uzaqlaşmasıdır.
Şərhlər