İtkin düşən azərbaycanlı gəmiçilərdən - YENİ XƏBƏR

09.03.2016 17:13     Sosreaksiya     915

Türkiyədən Liviyaya gəmi aparan üç azərbaycanlıdan sonuncusunun kimliyi məlum olub.
 
Bu barədə APA-ya gəmidə olan azərbaycanlı Fərid Əliyevin qardaşı Zaur Əliyev məlumat verib.
 
O bildirib ki, həmin şəxs Möhlüd Rəşidbəylidir. Onun kimliyini Türkiyədə çalışan dənizçi Zaur Ağalıyevin sayəsində öyrənmək mümkün olub.
 
Bu gün F. Əliyevin ailəsi gəmidə kapitan olan Namiq Salamovun ailəsi ilə birlikdə Xarici İşlər Nazirliyinə gedərək ailə üzvlərinin tapılmasında köməklik göstərilməsini istəyiblər: “Namiq Salamovun ailəsinin axtarışlarımızdan yalnız dünən xəbəri olub. Digər şəxs barədə isə bu gün bilmişik”.
 
Xatırladaq ki, 3 azərbaycanlı “Gebze Denizçilik” şirkətində işləmək üçün Türkiyəyə gedib. Z. Əliyevin sözlərinə görə, onlar şirkətə məxsus gəmini Liviyaya aparmaq üçün yola çıxıblar. Onlarla birlikdə gəmidə Türkiyə vətəndaşı olub. Ailəsi F. Əliyevlə sonuncu dəfə fevralın 21-də əlaqə qura bilib. Həmin vaxt dənizçi Yunanıstan sahillərində ciddi qəza keçirdiklərini, hər şeyin yaxşı olduğunu və Liviyaya 3 gündən sonra çatacaqlarını deyib. “Onlar dənizçidir, bəzən uzun müddət səsləri çıxmaya bilər, zəng çatmır. Lakin bizi şübhələndirən o oldu ki, kapitan Namiq Salamov fevralın 27-də Azərbaycana gəlməli idi. Onun gəlməməsi şübhə yaradıb. Biz şirkət rəhbərliyi ilə əlaqə saxladıq. Şirkətin rəhbəri Ərcan Dəliürək bildirib ki, hazırda xaricdədir, Namiqlə əlaqə saxlayır, hər şey qaydasındadır. Deyib ki, motor xarabdır, tezliklə əlaqə saxlamaq mümkün olacaq. Lakin bu məlumatları bizə telefonla deyirlər, canlı sübut yoxdur. Səsi yazıb göndərsinlər, biz də inanaq”, - deyə F. Əliyevin qardaşı bildirib.  
 
Əlavə edək ki, yaxınları dənizçilərlə fevralın 21-dən əlaqə qura bilmirlər. Məsələni Azərbaycanın Türkiyədəki səfirliyi diqqətdə saxlayır. AzərbaycanXarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, XİN işləmək üçün Türkiyəyə gedən və yaxınları tərəfindən itdiyi iddia edilən 3 nəfər Azərbaycan vətəndaşının taleyi ilə bağlı araşdırmalara başlayıb.

Şərhlər

Çox oxunanlar