Ayağını itirən əsgərə “seçicim deyilsən...” deyən deputatdan açıqlama

11.03.2016 12:46     Sosreaksiya     871

73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat seçilən Rüfət Quliyev 2014-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə yaralanaraq hər iki ayağını itirən SərxanTahirzadənin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.
 
Reaksiya.info xəbər verir ki, R.Quliyev Modern.az saytına açıqlamasında məsələyə belə münasibət bildirib:
 
“Qənirə Paşayevanın xahişi ilə onu qəbul etdim. Qəbul zamanı azı 25 dəqiqə söhbət etdik, problemlərini bildirdi, hətta həmin an ona maddi yardım da etdim. Şəxsən qucaqlaşıb görüşmüşük.
 
Məndə olan məlumata görə, ona dükan da veriblər. Hətta dükanda nəsə çatışmazlıq varsa, kömək etməyə hazır olduğumu bildirdim. İcra başçısı, deputatlar Qənirə Paşayeva, Hadi Rəcəbli də ona köməklik edib. Bunu etməyə də borcluyuq. Edilənləri sadalamaqla nəyisə göstərmək fikrim yoxdur. Sadəcə, hamının əlindən gələni etdiyini bildirirəm.
 
Mən başa düşürəm gəncdir, ayaqlarını itirib. Bunu dərk edəcək qədər şüurluyam və insanam. Bəli, mən ona dedim ki, seçicim olmadığına baxmayaraq, sənə kömək etməyə hazıram və etdim də. İş axtardığını dedi. Bildiyim qədəriylə anasına da iş verilib”.
 
S.Tahirzadəni ayaqları olmadığı halda “yanıma gəl” deyə yanına çağırtdırmasına gəlincə, deputat həmin tərbiyə sahibi olmadığını vurğulayıb:
 
“Mən böyük bir nəslin nümayəndəsiyəm. Bizim nəsli isə bütün Lənkəran tanıyır. Mən elə bir tərbiyə almamışam ki, ayaqlarını itirmiş bir insana qarşı elə qeyri-insani hərəkət edim. O, vətən uğrunda sağlamlığını itirib. Mən qəbul keçirən zaman otaqda ən azı 30-35 nəfər insan olur. Bir tərəfdə ağsaqqallar, digər tərəfdə köməkçim oturur.
 
Onu da dinlədim, problemlərilə maraqlandım. İşlə təmin edilməsi üçün də köməklik edəcəyimi, hətta Novruz bayramında bayram sovqatı da göndərəcəyimi bildirdim. Görüş zamanı dövlət tərəfindən yardım alıb-almadığı ilə də maraqlandım. Dedi ki, qanun çərçivəsində nə lazımdırsa olunur. Bildirdi ki, kompüter kursunu bitirib, daimi iş yeri istəyir. Mən də maraqlanacağıma söz verdim”.
 
Sərxan Tahirzadə 2014-cü ilin avqustunda cəbhədə - Ağdam istiqamətində gedən döyüşlərdə hər iki ayağını itirib. Əsgər TİKA-nın dəstəyilə Türkiyədə müalicə alaraq, vətənə qayıdıb. Keçmiş əsgər koresspondent.az saytına açıqlamasında deputat Rüfət Quliyevin “seçicim deyilsən” deyərək onunla maraqlanmadığını bildirib.

Şərhlər

Çox oxunanlar