Böhran “Gül bayramı”ndan yan keçdi... - Abutalıbovdan göstəriş
11.03.2016 16:25 Sosreaksiya 1019
Bu il mayın 10-da Bakıda növbəti “Gül bayramı” təşkil olunacaq. Qarşıdakı günlərdə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) bununla bağlı hazırlıqlara başlayacaq. Bu barədə Qaynar.info-ya BŞİH-dəki mənbədən məlum olub.
Xatırladaq ki, bir neçə ildir Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin doğum günündə onun xatirəsinə həsr edilən Gül bayramı təşkil olunur.
“İqtisadi böhranla əlaqədar bu il Gül bayramının keçirilməyəcəyinə dair deyilənlər həqiqəti əks etdirmir. BŞİH başçısı Hacıbala Abutalıbov bununla bağlı göstəriş verib və Gül bayramı ənənəvi qaydada təşkil olunacaq” deyə paytaxt meriyasındakı qaynaq bildirib.
Qeyd edək ki, ötən il müxtəlif kompoziosiyaların hazırlanması üçün 2 milyondan çox təbii güldən istifadə edilib. Güllər müxtəlif ölkələrdən, qitələrdən gətirilib. Bunların içərisində Cənubi və Şimali Amerika, Afrika qitələri, müxtəlif Şərq ölkələri də var. Onu da bildirək ki, gətirilən güllərdən kompozisiya hazırlamaq üçün məhz güllərin aid olduğu ölkərlərin mütəxəssisləri dəvət olunublar və kompozisiyaları da həmin mütəxəssislər hazırlayıblar.
Bütün bunlar üçün nə qədər vəsait xərcləndiyinə dair rəsmi açıqlama verilməyib. Amma müstəqil hesablamalar Gül bayramının ən azı 10 milyon manata başa gəldiyini söyləməyə əsas verir.
2007-ci ildə BŞİH həmin il təşkil olunan Gül bayramının 15 milyon dollara başa gəldiyini açıqlamışdı. 2009-cu ildə isə o vaxtki deputat Gülər Əhmədova Milli Məclisin iclasında Gül bayramına 14-15 milyon dollar xərcləndiyini söyləmişdi. Sonrakı illərdə Hacıbala Abutalıbov bayramın keçirilməsinə xərclənən vəsaitin məbləğini açıqlamaqdan imtina edir.
Azərbaycanın neft gəlirlərinin ciddi şəkildə azalması və manatın kəskin devalvasiyasından sonra getdikcə dərinləşən iqtisadi böhranla əlaqədar bu il Gül bayramının təşkil edilib-edilməyəcəyi maraq doğururdu. Görünən odur ki, yaranmış maliyyə çətinliklərinə baxmayaraq, Hacıbala müəllim ənənəsinə sadiq qalacaq.
Qeyd edək ki, Bakıda Gül bayramı ilk illərdə (2000-2003) mayın 11-də, Heydər Əliyevin ad günündən bir gün sonra, dənizkənarı parkda qeyd edilirdi. 2004-cü ildən etibarən bayram isə mərhum prezidentin ad günündə keçirilir. Son vaxtlar tədbir Bakının mərkəzindəki Heydər Əliyev parkında təşkil olunur.
Şərhlər