"Məmurlar məni intihar həddinə çatdırıb" - Qarabağ əlili
12.03.2016 17:06 Sosreaksiya 987
Qarabağ əlili, Xocalıdan məcburi köçkün İlham Türbəndəyev prezident İlham Əliyevə müraciət edib. Qaynar.info xəbər verir ki, Bərdə rayonunda məskunlaşmış müharibə əlili məmurların ona və ailəsinə qarşı biganəliyindən şikayətlənib.
Özü, həyat yoldaşı və iki uşağı əlil olan İlham Türbəndəyev ailəsini dolandıra bilmir. Maddi vəziyyətini yaxşılaşdırmaq üçün kiçik bir çayxana açmaq istəyir. Amma ona bunun üçün 25-30 kvadrat metr yer verən tapılmır.
"Cənab Prezident! Mən 2-ci qrup Qarabağ əlili, Xocalı rayonundan məcburi köçkünəm. Bərdə rayonunda məcburi köçkünlər üçün salınmış qəsəbədə məskunlaşmışam. Ailəm 5 nəfərdən ibarətdi. Özüm, həyat yoldaşım və üç övladımdan ikisi əlildir. Maddi vəziyyətim ağır olduğu üçün çətinliklə dolanırıq. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən və Bərdə rayon İcra Hakimiyyətindən ailəmi dolandırmaq üçün yaşadığım qəsəbənin ərazisində balaca bir çayxana tikmək məqsədi ilə mənə 25-30 kvadrat metr torpaq sahəsi ayırmalarını xahiş etdim. Amma bu günə qədər ərizəmə cavab verməyiblər. Mənə kiçik bir ərazini verməsələr də, imkanlı və pullu adamlara həmin ərazilərdə böyük torpaq sahələri paylanıb. Bu məmurları nə Qarabağ əlili, nə də şəhid ailələri maraqlandırır. Bunları ancaq pul maraqlandırır.
Cənab Prezident! Siz bütün müşavirələrdə məmurlara xalqın xidmətçiləri olduqlarını xatırlatsanız da, onlar hələ də bizə yuxarıdan aşağı baxırlar, qəbullarına düşə bilmirik. Ümumiyyətlə, vəzifəli şəxslərin qəbuluna düşmək qeyri-mümkündür.
Cənab Prezident, sağlamlığını vətən yolunda itirmiş Qarabağ əlilinə 25-30 kvadrat metr torpağı çox görürlər. Baş nazirin müavini, "Qaçqınkom"un sədri Əli Həsənov və Bərdə İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Qarabağ əlilinə laqeyid münasibət göstərir.
Artıq məni intihar həddinə çatdırıblar. Çünki ailəmin üzünə baxa bilmirəm. İntihar etsəm, bütün məsuliyyət Əli Həsənovla Vidadi İsayevin üzərinə düşür".
Şərhlər