Qarabağda ilaxır çərşənbə: Qızların ayaqlarına çubuqla vururdular ki...
15.03.2016 16:30 Sosreaksiya 953
Mart ayının bu günləri olardı. Səhər tezdən durub kimi evini təmizləyir, kimi buğdasını qovurur, kimi də bayram plovunu hazırlayırdı. Uşaqlar bayram tonqalının odununu hazırlayarkən, nənələr axşam atılacaq torbaların bəzəyinə, naxışlarına son dəfə göz gəzdirirdilər.
İndi bu danışdıqlarım onlar üçün keçmiş zamanda qalıb. Bu gün yaşayırlar, bayram da keçirirlər, amma heç nə əvvəlki kimi deyil. İllər həyatlarında çox şeyi dəyişib, elə bayramlarını da.
Amma bayram günündə kədərli notlara toxunmayacağıq. Üzərindən illər keçsə də, 23-24 il əvvələ qayıdıb Qarabağda ilaxır çərşənbə adətlərini qarabağlıların öz dilindən eşidəcəyik.
Qırmızı paltar, qırmızı torba
Ağdam rayonundan məcburi köçkün düşmüş 57 yaşlı Əsmayə Sarıyeva bizə uşaqlığında nənəsindən görüb götürdüyü adətlərdən danışır:
“16 yaşıma qədər Hadrut rayonu Salakətin kəndində nənəmin yanında qalmışam. Hər il Novruz bayramını səbirsizliklə gözləyərdim. Çünki nənəm mənə ayrıca paltar alırdı. Paltar qırmızı olmalı idi. Həmin rəngdə də torba tikərdi. Çərşənbə günü qovurğa, noxud qovurardıq. Çərşənbədə südlü aş bişirirdik.
Çərşənbənin səhəri günü hamı bulaq üstünə getməli idi. Həmin gün bulaqdan gələn su təzə, təmiz su hesab edilirdi. Onunla əl-üzümüzü yumalı, həmin sudan içib, çay qoymalı idik. Deyilənə görə, çərşənbənin səhəri böyürtkən kolunun gövdəsi yerə doğru əyilir. Nənəm bizi onun altından keçirirdi. Düzünü desəm, səbəbini heç vaxt soruşmamışdım. Amma çətinliklə də olsa, onun altından keçirdik. Gənc qızlar bayram axşamı axar suyun yanına yumurta, qırmızı, karandaş qoyurdu. Səhər duranda yumurta qırmızı rənglə yazılmışdısa, demək arzu çin olacaq. Bir də duzlu kökə yeyib yatanda "ağ atlı oğlan yuxuna gələcək" deyirdilər. Bir dəfə çətinliklə duzlu kökə yeyib yatmışdım, amma yuxuda heç kimi görmədim, əziyyətim özümə qaldı”.
Əsmayə xanım Ağdamda da bayramın çox maraqlı keçdiyini deyir:
“Ağdamda əsas ilaxır çərşənbəni yaxşı keçirirdik. Bayram ərəfəsində ev, həyət təmizlənirdi. Qovurduğumuz buğdaya çətənə, küncüt vurardıq. Əvvəllər şəkərbura, paxlava çox da bişirilmirdi. Ən çox təndirə fətir yapılırdı. Un, süd, şəkər tozu ilə hazırlanan fətir elə ləzzətli olurdu ki, dadı hələ də damağımda qalıb. Qapılara torba atırdıq. Qonşulara mütləq pay verirdik. Qohum-əqrəbaya baş çəkirdik. Bayramda lobyalı aş bişirirdik.
Indi o adətlərdən heç nə qalmayıb. Ancaq qovurğa qovururuq, anamdan öyrəndiyim kimi içinə küncüt, çətənə də vururam. Gəlinim şəkərbura, paxlava bişirir. Axır çərşənbədə yataqxanada qızlar suya üzük sallayır, qapı falına çıxır.
O vaxtlar ayaqqabını başımızın üstündən atırdıq, qapıya doğru düşürsə, demək bəxtin açılacaq. Üzük falı da düz çıxırdı. Bəzən kişilər qadın paltarı geyinib qapıları gəzirdi. Hündür tonqallar qalanırdı. Cavan oğlanlar budağın başına parça sarıyıb yandırırdılar. Bir təpəyə çıxıb oradan həmin odlu çubuqları atırdılar. Kimin çubuğu uzağa düşsə, o, qalib olurdu. Oğlanlar dirədöymə oynayırdı. Yerə bir əşya atırdılar, oğlanlardan biri onu götürmək istəyəndə digərləri toqqa ilə onu döyürdü, götürməyinə icazə vermirdilər. Bir sözlə, bayramda böyüklü-kiçikli hamımız əylənirdik”.
Həmin gün qonaq getmək olmazdı
Füzuli rayonunun Horadiz kəndindən olan 70 yaşlı Nabat İsmayılova bayram gününü xatırlayarkən həm gözləri dolurdu, həm də üzündə bir uşaq sevinci yaranırdı:
“Bayrama hazırlıq bir neçə həftə əvvəldən başlayırdı. Əvvəl həyəti, sonra evi səliqəyə salırdıq, süpürüb təmizləyirdik. Hasarlar, ağacların dibi ağardılırdı. Bayrama bir neçə gün qalmış qonşular hər gün birinin evində toplanır, bayram şirniyyatları bişirirdilər. Bütün Qarabağda olduğu kimi bizdə də ilaxır çərşənbə çox təmtəraqlı olurdu. Səhər tezdən bulaqdan su gətirib çay qoyurduq. Sonra sac asırdıq. Gün batana qədər qovurğa hazır olmalı idi. Heyvanlar kəsilir, yeməklər bişirilirdi. Bayram süfrəsi açılırdı.
Məhəllə qızları bir yerə toplaşıb kəndi gəzir, qulaq falına çıxırdıq. Axırda da bir evdə toplaşıb fala baxır, söhbət edirdik.
Bayramda yumurta qırmızıya boyanırdı. Papaq payı əvvəldən hazırlanırdı. Hər il papaq atanlar üçün ayrıca bir ləyənə bayram şirniyyatı, qoz, fındıq, konfet, noxud, qovurğa tökürdük. Bəzən gecəyə qədər papaq atmaq davam edirdi.
Çərşənbə gecəsi heç kim evindən çıxmaz, qonaq getməzdi. Həmin gecəni evdə keçirmək adət idi. Səhəri günü qonaqlıqlar başlayırdı. Hamı bir-birinə pay aparır, qohumlara baş çəkirdi. Füzulidə bayram 10 gün davam edirdi”.
Nabat nənə deyir ki, bayramı əziz edən həm də oyunlar olub:
“Çərşənbə günü yelləncək asırdıq, həmyaşıd qız və oğlanlar da əlinə çubuq alır, yellənən qızı çubuqla vura-vura ondan sevdiyi oğlanın adını soruşurdu. Elə möhkəm vururdular ki, bəzən ayağımızdan qan çıxırdı. Amma heç kim küsmürdü. Ağrıya dözə bilməyənlər sevdiyi oğlanın adını deyib canlarını qurtarırdılar.
Ömrümdə bir dəfə qapı falına getmişəm. Onda da yanımdakı qız bir qapıdan pis söz eşitdi, yarımçıq geri qayıtdıq. Bir kasaya su töküb iki iynə qoyurduq, arzu tuturduq. İynələr baş-başa gəlirdisə, demək arzuna çatacaqsan.
İndi sac asırıq, qovurğa qovururuq, deyib-gülürük, keçmiş günləri xatırlayırıq. İndi də yeyib içirik e, amma o günlərin yerini verməz”.
Hansı fal düz çıxırdı?
Ağdamın mərkəzində bayramın möhtəşəm qeyd edildiyini deyən Şücaət Baxşəliyevanın sözlərinə görə, bayram tonqalı ayrı-ayrı həyətlərdə deyil, meydanda qurulurdu.
“Rayon mərkəzində bayram bir başqa cür keçirilirdi. Cavanlar, qocalar hamı meydana toplaşırdı. Meydanda musiqiçilər ansambllar canlı konsert verirdi. Meydanda qovurğa, şabalıd qovururduq, lavaş bişirirdik. Bayram şənliklərinin bütün xərclərini İcra Hakimiyyəti çəkirdi. Meydanda hündür tonqal qurulurdu. Hamı tonqalın ətrafında toplaşırdı.
Evlərdə aş bişirilir, qapılara torba atılırdı. Qonşular xonça bəzəyib bir-birinə pay aparırdı. Pay olan qab həmin gün geri qaytarılmırdı. Gələn pay evdəki xonçaya boşaldılırdı. Səhəri günü qab evdəki şirniyyatlarla bəzənib qonşuya geri qaytarılırdı.
Qızlar bir evə toplanıb fala baxır, qızlı-oğlanlı hamı papaq atır, qulaq falına çıxırdı.
Çərşənbələrdə lobya plovu, Bahar bayramı günü Qarabağ plovu bişirirdik. Bayram axşamlarında qonşular növbə ilə bir-birinə qonaq gedirdi.
Martın 22-də Bahar bayramı keçirilirdi. Rayon mərkəzində “İmarət” deyilən yer var idi. Bahar qızının ora gəlişini hamı gözləyirdi. O vaxtın tanınmış xalq artistləri Amalya Pənahova, Zeynəb Xanlarova, Arif Babayev, İlhamə Quliyeva, Rəmiş - hamısı “İmarət”ə toplaşırdı. Bahar qızı tonqalları alışdırır, baharın gəlişini bəyan edirdi.
Ağdamda oğlanlar papaq, qızlar torba atırdı. Torbalar da hər il tikilərdi, üstünə xüsusi bəzək vurulardı”.
Ş.Baxşəliyeva deyir ki, qulaq falına isə inam çox idi. Bu fal çox zaman düz çıxırdı.
“Mən institututa hazırlaşırdım. Həmin ili bayramda qulaq falına çıxdım, pis söz eşitdim, ağlayaraq evə gəldim ki, instituta girməyəcəm. Anam güclə sakitləşdirdi. Imtahan verdim, hamısından yaxşı qiymət aldım, amma konkursdan kəsildim. Gələn il yenidən hazırlaşdım, amma qorxduğum üçün bir də qulaq falına çıxmadım”.
Şəkərbura, paxlava bişirmirdik
Laçın rayonunda 74 yaşlı Gülnisə nənə deyir ki, bayrama hazırlıq qoz-fındıq yığılandan başlayırdı. Həmin vaxt bayram payı ayrıca saxlanılırdı:
“Bizdə su çərşənbəsi axrıncı olurdu, həmin gün hamımız çimməli, qab-qaçağı yumalıydıq. Axırıncı çərşənbədə hamı buğda qovursa da, mütləq bir-birinə pay verirdi. Bayramda isə aş bişirirdik, eynən buğda kimi qonşumuza, əzizlərimizə pay göndərirdik. Oğlanlar axır çərşənbədə damdan torba sallayırdılar, bəzən biz də zarafat üçün içinə pişik balası qoyurduq. Bəxtimiz necə olacaq deyə bulağın üzərinə yumurta, yanına da kömür və qırmızı karandaş qoyurduq. Səhər gəlib baxırdıq, üzərinə qara çəkilsə, kor-peşman qayıdırdıq ki, bəxtimiz qara olacaq, qırmızı olsa, sevinirdik. Amma bəzən oğlanlar özləri bulaq başına gedib yumurtaları boyayırdılar. Bunu sonradan öyrənmişdik.
Bizim rayonda şəkərbura, paxlava, qoğal bişirmirdilər. Xıdır İlyasa mütləq xəşıl bişirilirdi. Çərşənbədə su gətirirdik, içinə daş atırdıq, söyüd ağacından budaq qırıb qapının üstündən asırdıq. Əlimizdə toxuduğumuz, tikdiyimiz yarımçıq iş qalıbsa, axır çərşənbə aparıb sudan və oddan keçirirdik”.
Cəbrayıl rayonundan olan 83 yaşlı Mənzər Cəfərova kənd yerində bayramın dadının bir başqa olduğunu deyir:
“Bayram günü səhər tezdən ev, həyət təmizlənərdi. Sonra qonşu qızlar evlərindən buğda, plova lazım olan ərzaqları götürüb bağa gedirdik. Hissə-hissə toplaşıb bayram plovu dəmləyirdik, yaz göyərtilərindən kətə bişirirdik, bir-birimizə qonaq gedirdik. Sonra da qalan yeməkləri evimizə aparırdıq. Bayram günü topladığımız bənövşələri çaya atırdıq. Axşam vaxtı həyətlərdə yelləncək asılırdı. Hər məhəllənin uşaqları, gəncləri, bəzən yaşlıları da o yelləncəkdən yellənirdi. Amma bu yelləncəyin başqa bir ləzzəti var idi. Yelləncəyə minən mütləq sevdiyi şəxsin adını deməli idi. Bunun üçün iki nəfər əlinə zoğal çubuğu alıb sevdiyinin adını deyənə qədər yellənənin ayaqlarına döyürdü. Sevdiyinin adını demək istəməyənlər
“Çay daşı, çaylaq daşı,
Adın deyə bilmirəm,
Həsən bəyin qardaşı” deyərək canlarını çubuqdan qurtarırdılar.
Mənzər nənə deyir ki, toylarda olduğu kimi, bayramda da şah bəzəyirmişlər. Ağacın budağına konfetlər, şirnilər bağlanırdı, bir nəfər onunla bütün kəndi gəzirdi.
“Qızların papaq atması adət deyildi. Amma bəzi qızlar qardaşlarının papağını, bəziləri də torba atırdılar.Gecə gənc qızlar, oğlanlar bağlara gəzməyə çıxırdı, bəzən qızlar gecə bir-birinin evində qalırdı. Bəlkə də başqa vaxt ailələr razı olmazdı, amma bayram günü heç kim buna etiraz etmirdi. Belə bir inam var idi ki, ilaxır çərşənbədə söyüdlər başını çaya əyir, oradan su içir, bulaqların, çayların suyu bir anlıq axmır, donub qalır. Bunları görmək üçün saatlarla su başında gözləyirdik. Kimi bunun doğru olduğunu deyir, kimi də uydurma bir şey olduğunu düşünürdü.
Bayram səhəri isə qız-gəlinlər su başına gedərdi. Mütləq axar bulaqdan səhəngi doldurardılar. Axırda çaydan daş götürüb səhəngə atırdıq. Evdə suyu boşaldanda bəxtimizə ağ daş çıxmışdısa, demək arzumuz çin olacaq”.
(Publika.az)
Şərhlər