“İnsaf baxımdan gərək qiymətlər aşağı salınsın...” - Baş nazirin müavini

16.03.2016 18:48     Sosreaksiya     811

Bu gün baş nazirin müavini Əli Əhmədov paytaxtda kənd təsərrüfatı yarmarkası, kənd təsərrüfatı məhsullarının ənənəvi satış bazarı "Yaşıl Bazar" və "Grandmart" marketinə baxış keçirib, satılan məhsulların qiymətləri ilə maraqlanıb.

Reaksiya.info-nun Trend-ə istinadən məlumatına görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında bildirib ki, hər üç satış mərkəzində məhsulların çeşidləri demək olar ki, eynidir, keyfiyyətlərində elə bir fərq yoxdur, lakin qiymətlərdə fərqlər ciddidir:

“Hesab edirəm ki, bundan müvafiq nəticələr çıxarılmalıdır. Əlbəttə, qiymətlərin fərqli olması qeyri-adi hal deyil. Amma bir şərtlə ki, qiymətlərdəki fərqlər həddindən artıq böyük olmasın. Burada qeyri-adilik ondan ibarətdir ki, qiymətlərdəki fərqlər çoxdur. Gördüyünüz kimi, yarmarkalarda alıcıların sayı çox idi. İnsanlar oradan mallar alırlar. Ənənəvi bazarda isə satıcılar çox, amma alıcılar azdır. Əlbəttə, bizim məqsədimiz ondan ibarətdir ki, qiymətlərdəki fərq az olsun”.

Ə.Əhmədov qeyd edib ki, yarmarkalarda xidmətin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var, bazar və marketlərdə isə qiymətlərin süni sürətdə artırılması ilə əlaqədar ciddi işlər görülməlidir:

“Yarmarkalardakı qiymətlər ənənəvi bazar və marketlərdəkindən xeyli aşağıdır. Buna görə də insanlar yarmarkalara axışırlar. Bayram günlərində həm insaf, ədalət baxımından, həm də bazar prinsipləri baxımından gərək qiymətlər aşağı salınsın. Təəssüf ki, bizdə bəzən nə satıcılar, nə də sahibkarlar biznes qaydalarına, bayram adət-ənənələrinə əməl etmirlər. Çox yaxşıdır ki, Prezidentin tapşırığı ilə yarmarkalar yaradılıb, burada insanlara xidmət göstərilir, qiymətlər qaldırılmır. Hesab edirəm ki, bundan sonra yarmarkaların sayı artırılmalıdır ki, bazarlarda da qiymətlər yarmarkalardakı qiymətlərin təsiri altında ucuzlaşsın”.

Şərhlər

Çox oxunanlar