Bayram günlərində ictimai nəqliyyatın iş qrafiki açıqlandı
17.03.2016 11:09 Sosreaksiya 776
Martın 19-da Novruz bayramı münasibətilə dənizkənarı milli parkda keçiriləcək atəşfəşanlıqla əlaqədar Bakıda ictimai nəqliyyatın hərəkətində hər hansı bir dəyişiklik gözlənilmir.
Nazirlər Kabineti yanında Nəqliyyat Agentliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) İctimaiyyətlə əlaqələr şöbəsinin mütəxəssisi Rauf Mirqulamov "Report"a bildirib ki, sərnişinlərə xidmət göstərən ictimai nəqliyyat vasitələri gündəlik olaraq qrafik üzrə 16-18 saat çalışırlar: "Gündəlik olaraq saat 21.00, 22.00 və 23.00-dək işləyən az sayda marşrutlar da var, lakin ümumilikdə iş rejmləri eynidir. Avtobuslar hər zaman qrafik üzrə xəttdə saat 06.00-dan axşam 12.00-dək hərəkət edirlər. Bu, bayram günlərində də davam edəcək".
R. Mirqulamov qeyd edib ki, Novruz bayramı ilə əlaqədar şəhərin müxtəlif yerlərində yollar bağlı olarsa və bu, marşurt xətlərinin işinə təsir edərsə, bu barədə NİİM-in "Facebook" səhifəsində də məlumat yerləşdiriləcək.
Bakı Metropoliteni də Novruz bayramında saat 24.00-dək işləyəcək. Həmçinin bayram günlərində qatarların sayı da azaldıla bilər. Bunu "Report"a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib.
Onun sözlərinə görə, həmin günlərdə metroda saatda 30 qatar xəttə buraxılırsa, bayram günlərində qatarların sayı 24-ə endirilə bilər: "Çünki bayram tətili ilə əlaqədar qeyri-iş günlərində sərnişinlərin sayı az olur. Bundan başqa, qatarlar arasında interval da uzadıla bilər".
Şərhlər