Bazarlarda çərəzin qiyməti - VİDEO
17.03.2016 14:48 Sosreaksiya 1820
Novruz bayramı yaxınlaşdıqca bazarlarda çərəzlərə olan tələbat artır. Satış mərkəzlərində artıq bu məhsulların bolluğu müşahidə edilir. Bununla belə qiymətlər alıcıların ürəyincə deyil.
Novruz bayramında süfrədə əsas yer tutan nemətlərdən biri də çərəzlərdir. Artıq bir müddətdir bazarlardakı piştaxtalarda müxtəlif növdə olan çərəzlər təklif edilir. Bununla belə qiymətlər alıcıların ürəyincə deyil. Məhsul çox, alansa azdır. Elə Tovuz bazarında apardığımız müşahidələr də bunları sübut etdi. Alıcılar ötən illərlə müqayisədə bahalaşmanın olduğunu deyirlər. Elə satıcılar da qiymətlərdəki artımı etiraf etdilər. Tovuzdan fərqli olaraq Gəncə bazarlarında satıcılar qiymətlərdə nəzərəçarpacaq artımın müşahidə edilmədiyini dedilər. Cənub bölgəsindəki bazarlarda apardığımız müşahidələr də çərəzlərin qiymətinin ürəkaçan olmadığını göstərdi. Ən baha qiymətə satılan isə badamdır. Ötən il 11-12 manata satılan bu çərəzin qiyməti bu il 20-24 manata təklif olunur. Şimal bölgəsində də alıcı və satıcılar qiymətlərdən şikayətlənirlər. Quba və Xaçmaz bazarlarında əsasən İran, Özbəkistan, Türkiyə və Rusiyadan gətirilən quru meyvələr piştaxtalarda əsas yer tutur. Qiymətlərə gəlincə, burada da ən bahalı çərəz badamdır - 1 kq-ı 21 manat. Kişmiş - 4-5, qoz ləpəsi - 12-13, xurma - 5, innab isə 4-5 manata təklif olunur. Bununla belə, Kənd Təsərrüfatı Nazirliyi faktı təkzib edir. Nazirlikdən bildirilib ki, qiymət məhsulun keyfiyyət göstəricisindən asılı olaraq dəyişir. Bayram ərəfəsində paytaxt və regionlarda kənd təsərrüfatı məhsullarının satış yarmarkaları keçiriləcək. Nazirlik məhz bu yarmarkalarda qiymətlərə nəzarət ediləcəyini bildirir. Beləliklə, müşahidələrimiz zamanı məlum oldu ki, ölkə üzrə çərəzlərin və quru meyvələrin təxmini qiymətləri belədir. Qoz ləpəsinin 1 kiloqramı 14-15 manata, fındıq - 12-14 manata, innab - 2 manat 50 qəpik, ərik qurusu - 8 manat 50 qəpiyə, kişmiş - 6 manata, alça - 6 manata, meyvə qurusu - 6 manat 50 qəpiyə, püstə - 17-20 manata, şabalıd - 5-6 manata, xurma 6 manata təklif olunur.
(Region tv)
Şərhlər