Xaçmazda “Kütləvi çıxarış” kampaniyası - FOTO
18.03.2016 15:01 Sosreaksiya 881
Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) birbaşa yerlərdə keçirdiyi “Kütləvi çıxarış” kampaniyası martın 18-də Xaçmaz rayonunda baş tutub.
Teleqraf.com Komitənin mətbuat xidmətinə istinadən bildirir ki, kampaniya zamanı 250-yə yaxın vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Rayonun 150-dək sakininə onların fərdi həyət evi və torpaq sahələrinə, o cümlədən pay torpaqları, vaxtilə kolxoz və sovxozlar tərəfindən verilmiş torpaqlara dair dövlət reyestrindən çıxarışlar və texniki pasportlar təqdim olunub. Eyni zamanda bundan sonra kampaniya çərçivəsində texniki pasportlar da komitə tərəfindən hazırlanaraq ünvanlarda vətəndaşlara çatdırılacaq. Bu kampaniya zamanı 100-ə yaxın sakindən isə ilkin mülkiyyət sənədləri çıxarışlarla əvəz olunması məqsədilə qəbul edilib.
“Kütləvi çıxarış” kampaniyası zamanı paylanan çıxarışlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğun olaraq ilkin hüquqi sənədlər əsasında verilib. Bu sənədlərə əmlaka dair orderlər, aktlar, mülkiyyət barədə qeydiyyat vəsiqələri, torpaq sahəsinə dair sovet dövründə sovxoz və kolxozlar tərəfindən verilmiş əmrlər və Qanunda əksini tapan digər hüquqi sənədlər daxildir.
Xaçmazda keçirilən kampaniya çərçivəsində torpaq uçotu ilə bağlı da geniş maarifləndirmə işləri aparılıb. Bundan əlavə, Komitə tərəfindən Torpaqların Elektron Uçotu İnformasiya Sisteminin qurulması istiqamətində işlər aparılır. Sistemdə torpaqların həndəsi ölçüləri, sərhədləri, təyinatı, konfiqurasiyası, torpaqların kəmiyyət və keyfiyyət göstəriciləri, iqtisadi qiymətləndirməsi və digər zəruri məlumatlar əksini tapıb. Bu işlərin görülməsi nəticəsində torpaqların elmi əsaslarla daha səmərli idarə olunması və istifadəsi təmin olunacaq. Dəqiq məlumatlar əsasında rəqəmsal xəritələrin və torpaq balansının tərtibi mümkün olacaq.
Eyni zamanda ƏMDK əmlak sahibləri üçün hüquqi məsləhət xidmətinə start verib. Bu gündən etibarən Komitənin vətəndaşlara pulsuz hüquqi məsləhətlər xidməti fəaliyyət göstərəcək. Vətəndaşların əksəriyyəti əmlak qanunvericiliyi, daşınmaz əmlakın qeydiyyatı prosedurları və bunun üçün tələb olunan sənədlər barədə lazımi məlumata sahib deyillər. Xidmət çərçivəsində istənilən şəxs komitənin ərazi qeydiyyat idarələrinə müraciət edərək öz əmlakı, onunla aparmaq istədiyi əməliyyat, əmlakın qeydiyyatı və s. xidmətlərlə bağlı suallar verə bilər. Komitənin əməkdaşları vətəndaşlara bütün bu məsələlərin həllində yardım edəcəklər.
Qeyd edək ki, bugünədək artıq 7000-dən çox vətəndaş kampaniyadan faydalana bilib. Ümumilikdə mobil ofis xidmətləri vasitəsilə isə 88 mindən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Şərhlər