Taleh Ziyadov hesabat verdi
18.03.2016 17:39 Sosreaksiya 834
Heydər Əliyev Mərkəzində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyətinin yaradılmasının bir illiyinə həsr olunmuş “Bakı Limanının dünəni, bu günü və sabahı: Hesabat” adlı tədbir keçirilib.
Reaksiya.info AzVision.az-a istinadən xəbər verir ki, AzVision.az “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2015-ci il 18 mart tarixli 1121 saylı Sərəncamı ilə yaradılıb və həmin tarixdən yeni hüquqi statusda fəaliyyətə başlayıb. Bu münasibətlə təşkil olunmuş hesabat xarakterli tədbirdə Cəmiyyətin son bir il ərzində gördüyü işlər, əldə etdiyi nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumatlar ictimaiyyətin diqqətinə çatdırılıb.
Tədbiri salamlama nitqi ilə açan Nəqliyyat naziri Ziya Məmmədov prezident İlham Əliyevin şəxsi diqqəti sayəsində bu gün iqtisadiyyatımızın bütün sahələri kimi nəqliyyat sektorunun da sürətlə inkişaf etdiyini vurğulayıb. “Bakı Limanının yenidən qurulması Azərbaycanın müasir tarixinin əlamətdar hadisələrindən biridir,” deyə cənab nazir bildirib.
Xarici İşlər Nazirinin müavini, “ADA” Universitetinin Rektoru, səfir Hafiz Paşayev vurğulayıb ki, dünya bazarlarına etibarlı nəqliyyat çıxışlarının mövcudluğu Azərbaycan da daxil olmaqla, bölgəmizdə yerləşən bütün ölkələrin iqtisadi inkişafı üçün əhəmiyyət kəsb edir. Bunu nəzərə alaraq “ADA” Universiteti mövzu ilə bağlı geniş elmi tədqiqat aparıb nəticələrini, “Azərbaycan Mərkəzi Asiyanın regional mərkəzi kimi” kitabına nəşr edib. “Bu sahədə davamlı elmi tədqiqat və kadr hazırlığına olan ehtiyacı nəzərə alaraq “ADA” Universitetin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ilə birgə Logistika sahəsində magistr proqramına başlayır,” deyə səfir Paşayev bildirib.
Daha sonra Bakı Limanının Baş Direktoru Taleh Ziyadov Bakı Limanının fəaliyyətinin və uğurlarının əsasında ölkə başçısının siyasi iradəsi, eləcə də, cənab Prezidentin onların fəaliyyətlərinə göstərdiyi yüksək etimad durduğunu qeyd edib. “Limanın gələcək inkişafı “HUB” konsepsiyamızın dolğunluğunu, iqtisadi, siyasi, sosial və praktiki əhəmiyyətini, faydalılığını bir daha sübut edəcək,” deyə Baş Direktor qeyd edib.
Tədbirdə o da vurğulanıb ki, görülən bütün bu işlərin nəticəsi olaraq 2015-ci ildə ümumi liman üzrə konteyner sayı TEU ekvivalentində 13307 ədəd olmuş, bu isə 2013-cü illə müqayisədə 118 faiz artım deməkdir. 2015-ci ildə Bakı limanının xidmətlərindən istifadə edən sərnişinlərin sayı ötən illərə nisbətən 10% artaraq 10707 nəfər təşkil edib; 2015-ci ildə Əsas Yük Terminalında tranzit yüklərin həcmi artaraq ümumi yük dövriyyəsinin 46 faizini təşkil edib.
Müqayisə üçün bildirilib ki, 2014-cü ildə tranzit yükləri ümumi yük dövriyyəsinin cəmi 2 faizini təşkil etmişdi, hazırda Bakı Limanında aşırılan yüklərin 85 faizi tranzit yüklərdir; 2015-ci ildə ümumi liman üzrə 3 milyon tondan çox yük aşırılmışdısa, 2016-cı ildə bu rəqəmin 6 milyon tondan çox olacağı proqnozlaşdırılır. Görülən bu işlərin nəticəsi olaraq Bakı Limanı 2015-ci ildə Azərbaycan büdcəsinə 4, 146, 599 AZN vergi ödəyib ki, bu da Limanın Azərbaycanın qeyri-neft sektoruna verdiyi töhvənin ən bariz nümunələrindən biridir.
Şərhlər