Jurnalistin ölkədən çıxışına qadağa qoyulub
21.03.2016 16:01 Sosreaksiya 1488
"Bunun səbəbini izah etmədilər".
Jurnalist Gülər Mehdizadənin ölkədən çıxışına qadağa qoyulub. O, martın 19-da Türkiyəyə gedərkən sərhəddən buraxılmayıb.
Agentliyin yazdığına görə, jurnalistə bunun səbəbini izah etməyiblər. ANS PRESS-in məlumatına görə, o, meydan tv-yə açıqlamasında çıxışına hansı səbəbdən qadağa qoyulduğunu bilmədiyini deyib. "Bir müddət öncə də Gürcüstana gedərkən sərhəddən geri qaytarmışdılar. Sonra vergi fəaliyyətimi yoxlamağa başladılar. Əsasən Meydan TV ilə əməkdaşlıq etməyimlə, oradan aldığım pulla maraqlandılar. Bildirdim ki, mən Meydan TV ilə əməkdaşlıq etməmişəm. Yalnız başqa media orqanlarına, şəxsi bloquma yazdığım bir neçə yazı istinadla orada dərc olunub. Bundan başqa, məni heç meydan tv ilə bağlı istintaqa da çağırmayıblar. Belə olan halda hansı əsasla ölkədən çıxışıma qadağa qoyulub?".
Jurnalist səfərə çıxmazdan öncə Respublika Prokurorluğu ilə əlaqə saxlayıb. Ona "məsələni vergi müfəttişinə deyin, problem olmayacaq" cavabı verilib. Ancaq yenə də sərhəddən buraxılmayıb.
Gülər Mehdizadə əlaqədar qurumlara sorğu göndərdiyini, əgər problemi həll olunmazsa, məhkəməyə üz tutacağını deyir.
Yeri gəlmişkən, bir müddət öncə onu Gürcüstana gedərkən də sərhəddən geri qaytarmışdılar.
Agentlik onu da qeyd edir ki, Gülər Mehdizadə sosial mövzularda yazdığı məqalələri və araşdırma yazıları ilə tanınır.
Şərhlər