Prezident bu sahədə 8 ilə 9 sərəncam imzalayıb
22.03.2016 23:36 Sosreaksiya 761
Prezident İlham Əliyevin təsdiq etdiyi “2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı”na uyğun həyata keçirilən islahatlar nəticəsində “Əmək pensiyaları haqqında” qanuna mühüm dəyişikliklər edilib.
Bu dəyişikliklərə uyğun olaraq, 1 iyul 2011-ci ildən etibarən pensiya təminatında vahid prinsipin tətbiqinə başlanılıb. Bundan başqa, ölkə pensiyaçıların rifahını yaxşılaşdırmaq, aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirmək məqsədilə dövlət başçısının müvafiq fərman və sərəncamları ilə hər il yaşa görə əmək pensiyasının baza hissəsi və sosial müavinətlərin məbləği artırılır, pensiyanın sığorta hissəsi ilə istehlak səbəti indeksləşdirilir.
Bir faktı qeyd edək: yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2007-ci ildən bu günədək pensiyaların baza və sığorta hissələrinin artırılması ilə bağlı 9 sərəncam imzalanıb.
Ölkədə aparılan sosial islahatların mərkəzində pensiyaların davamlı artırılması durur. 2003-2015-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 176 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatıb.
Ölkə üzrə pensiyaların orta aylıq məbləği 1 yanvar 2006-cı il tarixə 29,8 manat olduğu halda, 1 yanvar 2007-ci il tarixə 41,1, 1 yanvar 2008-ci il tarixə 62,9, 1 yanvar 2009-cu il tarixə 95,8, 1 yanvar 2010-cu il tarixə 100,4, 1 yanvar 2011-ci il tarixə 112,9, 1 yanvar 2012-ci il tarixə 145,1, 1 yanvar 2013-cü il tarixə 152, 1 yanvar 2014-cü il tarixə isə 170,5 manat təşkil edib. 2015-ci ildə bu rəqəm 176 manata, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 194,6 manata çatıb.
Dövlət başçısının əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə imzaladığı sərəncamlara əsasən, müvafiq şəxslərin əmək pensiyalarının sığorta hissəsinə ölkədə baş vermiş inflyasiyaya uyğun olaraq 2007-ci ilin yanvarın 1-dən 8,3, 2008-ci ilin yanvarın 1-dən 16,7, 2009-cu ilin yanvarın 1-dən 20,8, 2010-cu il yanvarın 1-dən 1,5, 2011-ci il yanvarın 1-dən 5,7, 2012-ci il yanvarın 1-dən 7,9, 2013-cü il yanvarın 1-dən 1,1, 2014-cü il yanvarın 1-dən 2,4, 2015-ci il yanvarın 1-dən isə 1,4 faizlik artım tətbiq edilib.
Pensiyaçı istehlak səbətinin bazara uyğunlaşdırılması, daxilolmaların sosial proqramlara yönəldilməsi sahəsində DSMF-nin fəaliyyəti təqdirəlayiqdir.
Ötən il Fondun gəlirləri 2912,4 mln. manat təşkil edib. Halbuki 2014-cü ildə bu rəqəm 15,6 mln. manat az idi. Sosial sığorta haqları üzrə daxilolmalar isə 1805,7 mln. manata çatıb.
2015-ci ildə DSMF-nin xərcləri 2934,2 mln. manat təşkil edib. Bu məbləğin 2872,0 mln. manatı, yəni 97,9 faizi əhaliyə ödənişlərə yönəldilib. Əmək pensiyaları ilə bağlı xərclər 2797,3 mln. manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 74,7 mln. manat təşkil edib.
Son 9 ildə Prezident İlham Əliyev tərəfindən əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi ilə bağlı 10 sərəncam verilib. Prezidentin müvafiq sərəncamına əsasən, 2015-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsi istehlak qiymətlərinin dəyişməsinə uyğun indeksləşdirilərək 1,4 faizlik artım tətbiq olunub. Əmək pensiyalarının orta aylıq məbləği 2015-ci ilin əvvəlinə nisbətən 1,5 faiz artaraq 176,0 manat olub, o cümlədən yaşa görə əmək pensiyasının orta aylıq məbləği 196,1 manat təşkil edib.
Əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün Fondun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsi olduqca vacibdir. Dürüstləşdirilmiş büdcə layihəsində Fondun gəlir və xərcləri 3307,4 mln. manat proqnozlaşdırılıb ki, bu da 2016-cı ilin təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 mln. manat və ya 7,4 faiz çoxdur. Gəlirlərin gözlənilən artımının 82,8 mln. manatı və ya 36,2 faizi məcburi dövlət sosial sığorta haqları, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayırmalar hesabına təmin ediləcək.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov yeni dövlət büdcəsində sosial siyasətin əsas götürüldüyünü bildirib: “Dövlət büdcəsi təsdiqlənəndə neftin qiyməti 50 dollar idi. Ancaq hazırda 30 dollar ətrafındadır. Ona görə də büdcə dəyişikliklərində neftin qiymətini 25 dollardan götürdük. Dövlət büdcəsinin gəlir və xərclər hissəsinə 2,3 milyard manat əlavə vəsait daxil olacaq. Bunun 1,6 milyardı Dövlət Neft Fondundan transfer, 700 milyonu isə əlavə dəyər, fiziki və hüquqi şəxslərdən gəlir vergisi və digər vergilər hesabına formalaşacaq.
Xərc hissəsində sözügedən vəsaitin 800 milyonu sosial müdafiə xərcləridir. Bura əsasən əmək haqqı, pensiya, sosial müavinət və yardımlar daxildir. İndidən deyə bilərik ki, 2016-cı ildə bütün sosial proqramlar yerinə yetiriləcək. Dövlət büdcəsində üç əsas məsələ çox ciddi şəkildə qarşıya əsas prioritet olaraq qoyulub. Bunlar kənd təsərrüfatı, tikinti sektoru, kiçik və orta sahibkarlığın inkişaf etdirilməsidir”.
Pensiyaçı Akif Həsənov isə qeyd edib ki, son illərdə ölkədə aparılan islahatlar əhalinin sosial durumuna müsbət təsir edib: “Son 15 ildə pensiyaların artırılması mütəmadi xarakter alıb. Bunu öz təcrübəmdə görürəm. Hər il ölkənin iqtisadi inkişafı ilə paralel şəkildə aparılan bu islahatlar biz təqaüdçüləri sevindirir. Prezident İlham Əliyev hər çıxışında bu sahəyə toxunur, mütəmadi tapşırıqlarını verir. Pensiyaların hər il artırılması hesabına özümüzün tələbatımızı ödəyə bilirik. Bunun üçün ölkə Prezidenti İlham Əliyevə minnətdarıq. İnanırıq ki, dövlət başçısının rəhbərliyi ilə pensiyaçıların sosial müdafiəsi bundan sonra da xeyli güclənəcək”.
Yazı Dövlət Sosial Müdafiə Fondunun “Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqət mərkəzindədir” mövzusunda elan etdiyi müsabiqəyə təqdim olunur.
Axar.az
Şərhlər