Azərbaycan məscidlərində terror təbliğatı aparanlar kimlərdir?
22.03.2016 23:59 Sosreaksiya 1407
“Suriya cihadı” Bakıda necə təbliğ olunur?
Ölkələrdə siyasi hakimiyyətin devrilməsi planı ən sonuncu mərhələdir və hücrələrin əksəriyyəti güclü olduğu zaman baş verir. Təəssüf ki, Azərbaycanda da bu radikal düşüncələr ayaq açıb yürüməkdədir.
Bu gün Avropa növbəti terror ilə sarsıldı. ABŞ-ın etdiyi xəbərdarlıq özünü doğrultdu və Brüssel ard-arda partlayan bombalara əsir düşdü. “Suriya cihadı” getdikcə, bütün dünyanın problemi halına gəlməkdədir. Təəssüf ki, televizorlarımızdan izlədiyimiz bu terror heç də bizə uzaq deyil.
Bu “Suriya cihadı” təbliğatını aparanların iki məqsədi var:
1. Suriyaya döyüşçü göndərmək;
2.Təbliğatın aparıldığı ölkələrdə cihad ideologiyasını mənimsəyən hücrələr yaratmaq.
Həmin ideologiyanın da müxtəlif mərhələləri var. Məsələn, cihad fikrinə tərəfdar olmaqla siyasi hakimiyyətə iddialı olmaq və bu yöndə mübarizə aparmaqdan tutmuş silahlı terrora qədər gedib çıxır. Təbliğat aparanlar yaratdıqları hücrələri bu yöndə yetişdirirlər və zamanla onlara istədikləri təbliğatı təlqin edirlər. Ölkələrdə siyasi hakimiyyətin devrilməsi planı ən sonuncu mərhələdir və hücrələrin əksəriyyəti güclü olduğu zaman baş verir.
Təəssüf ki, Azərbaycanda da bu radikal düşüncələr ayaq açıb yürüməkdədir. Bakıdakı məscidlərdə, xüsusilə Qaraçuxur və İlahiyyat məscidlərində apardığımız müşahidələr, dindarlarla söhbətlərimiz “Suriya cihadı”nın Azərbaycanda da ciddi təbliğ olunduğu qənaətini bizdə yaratdı. Maraqlıdır ki, dindarların bəzi “başçıları” açıq xütbələrində bu mövzuya toxunmasalar da, əl altından ölkədə “Suriya cihadı” adlanan terrorçu fəaliyyətlər təbliğ olunmaqdadır.
Qaraçuxur məscidində görüşdüyümüz bir dindarın sözlərinə görə, Ağali Şirvanlı və Adil Rəcəbov Misirdə yaşayan Əbu Zeydin fikirlərini onlara təbliğ edirlər. Əbu Zeydin əlaqədə olduğu ərəb alimləri isə Suriyada cihad olduğunun alovlu təbliğatçısıdırlar: “Onlar açıq şəkildə “gedin Suriyaya” demirlər. Bizə istiqamət verirlər, Əbu Zeydi dinləməyimizi məsləhət görürlər”.
İlahiyyat məscidində isə Veysəl Orucov, Ömər Cumanov və Əlixan Musayevin adı ön plana çıxdı. Suriyada yaşananların cihad olduğunu deyən və bizimlə mübahisə edən dindar gənc bu şəxslərin bu barədə onlara Türkiyədən Abdullah Yolçu, İordaniyadan Əli Hələbi, Suriyadan Adnan Arurun fikirlərini oxumağı məsləhət gördüyünü dedi. Araşdırdıqda isə hər üçünün “Suriyada cihad olduğunu” iddia edənlər olduğunun şahidi olduq.
Yəni, açıq şəkildə bu yöndə təbliğat aparmaqdan çəkindikləri üçün Ağali Şirvanlı, Adil Rəcəbov, Ömər Cumanov və Əlixan Musayev tərəfdarlarını Misir, Suriya, İordaniya və Türkiyədən olan radikal islamçılara yönləndirir, onların fikilərini oxumalarını və təsirlənmələrini təşkil edirlər.
Maraqlıdır ki, üzdə bir-birləri ilə “düşmən” olan bu şəxslər Suriyada yaşananları cihad adlandırmaq, güclü olduqları zaman dövlətə qarşı olmaqdan çəkinməmək məsələlərində həmfikirdirlər. Hətta ilkin qruplaşmaların yarandığını iddia edənlər də az deyil.
Ümumi müşahidələrimiz deməyə əsas verir ki, məscidlərdə bu ideyaları dəstəkləyən gənclər kifayət qədər çoxdur. Bu isə ölkənin ciddi bir bəla ilə üz-üzə qaldığını göstərməkdədir. (azmedia.info)
Şərhlər