Ermənistan “Qarabağ” separatçı rejimi rəsmilərinin hərəkətlərinə görə məsul tutula bilər

23.03.2016 16:17     Sosreaksiya     751

Avropa İnsan Hüquqları Məhkəməsi Zalyan və başqaları Ermənistana qarşı (Zalyan and Others v. Armenia, nos. 36894/04 and 3521/07) iş üzrə qərarını elan edib.
 
İşin mahiyyəti ondan ibarətdir ki, Ermənistan vətəndaşları olan Zalyan və digər iki şəxs 2004-cü ildə qondarma “Dağlıq Qarabağ Respublikasının” nəzarəti altında olan ərazidə (Ağdərə) hərbi xidmət keçərkən digər iki əsgərin qətli ilə bağlı dindirilmiş, bu zaman işgəncəyə, qeyri-insani və ya ləyaqəti alçaldan rəftara məruz qalmış, sonradan həbs edilmiş və müvafiq iddiham ilə təqsirli bilinərək məhkum edilmişdirlər. Şikayət üzrə məhkəmə ərizəçilərin xeyrinə pozuntunun təsdiq edilməsi barədə qərar qəbul etmiş, ümumilikdə 50000 avro təzminat ödənilməli olmasını təsbit etmişdir.
 
Hüquqşünas Oktay Məhərrəmov qərarı şərh edərkən Oxu.Az-a bildirmişdir ki, bu qərarın diqqətəlayiq tərəfi ondan ibarətdir ki, bu iş üzrə əsas hadisələr Ermənistan sərhədləri hüdudunda deyil, dünya birliyi tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınan Dağlıq Qarabağ ərazisində baş vermişdir.
 
Məhkəmə bu məsələyə münasibət bildirərkən artıq özünün əvvəl baxdığı Çıraqov və başqaları Ermənistana qarşı işinə istinad etmiş və xülasə şəklində qərarın 215-ci paraqrafında xüsusilə qeyd etmişdir ki, “Bu o deməkdir ki, Ermənistan Konvensiya baxımından bu ərazidə baş verən hadisələrə görə və bu ərazidə həm Ermənistan həm də Qarabağ rəsmilərinin hərəkətlərinə görə yurisdiksiyaya malikdir”.
 
Beləliklə Avropa Məhkəməsi Ermənistanın Dağlıq Qarabağ və ətrafındakı ərazilər üzərində effektiv nəzarəti həyata keçirməsini və bu ərazidə Konvensiyanın pozulması halına görə məhz Ermənistanın cavabdeh olması qənaətini təkrarlamaqla yanaşı, həmçinin həmin ərazidə yalnız Ermənistan rəsmilərinin hərəkətlərinə görə deyil həm də qondarma “Dağlı Qarabağ Respublikasının” rəsmilərinin hərəkətlərinə görə də məsuliyyətin Ermənistana aid ola bilməsini xüsusi vurğulayıb. Belə mövqe artıq Avropa Məhkəməsinin oturuşmuş presedent hüququna çevrilməyə başlamışdır.
 
Görünür bu səbəbdən ümumilikdə qərarın lehinə səs vermiş erməni hakim Siranuş Sahakyan məhz yurisdiksiya məsələləri ilə bağlı ayrıca xüsusi rəydə qalmış və yuxarıda istinad edilmiş əsaslandırma ilə razı olmamasını xüsusi olaraq vurğulamışdır.

Şərhlər

Çox oxunanlar