Dollar kreditləri ləğv olunur
24.03.2016 22:20 Sosreaksiya 1439
Son bir ildə Azərbaycanda istehlak məqsədi ilə alınmış dollar kreditlərinin içində problemlilərin ümumi məbləği 3,4 dəfədən çox artıb.
Reaksiya.info anspress-ə istinadən bildirir ki, bu müddət ərzində manatla verilmiş istehlak kreditlərinin içində problemli kreditlərin ümumi məbləği isə iki dəfəyə qədər azalıb.
İstehlak məqsədi ilə alınmış dollar kreditlərinin içində problemlilərin ümumi məbləği 3,4 dəfədən çox artıb, analoji manat kreditlərində isə problemlilər 2 dəfə azalıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) statistikasına görə, 2015-ci ilin yanvar ayında xarici valyutada verilmiş qısamüddətli kreditlərin yalnız 84,9 milyon manatı vaxtı keçmiş, yəni problemli sayılırdısa, 2016-cı ilin yanvar ayında bu rəqəm 281,5 milyon manata bərabər olub. Manatla verilmiş kreditlərdə isə əks mənzərə müşahidə edilib. Əgər 2015-ci ilin yanvar ayında manatla verilmiş qısamüddətli kreditlərin 322,7 milyon manatı problemli sayılırdısa, 2016-cı ilin yanvar ayında bu rəqəm 174,7 milyon manata düşüb. Yəni azalma iki dəfə olub.
Əhali vaxtı ilə anlamadan xarici valyutada götürdüyü kreditləri indi necə verəəcyini anlaya bilmir və buna görə də hətta krediti ödəməkdən belə imtina edir. Məsələn, ANS PRESS-ə müraciət etmiş Şirvan sakini Rasim Canəliyev bir-iki il öncə götürdüyü 12 min manat kreditə görə indiyə kimi 8 min manat ödədiyini, amma borcunun azalmadığını, əksinə artaraq 23 min manat qalxdığını bildirir: "Sən demə, mənim borcumu 15 min dollar kimi rəsmiləşdiriblərmiş. O vaxt maaşım krediti ödəməyə imkan verirdi. İndi bütün maaşımı versəm belə, aylıq ödənişi təmin edə bilmirəm".
2015-ci ilin sonuna xarici valyutada olan kreditlərin 3 milyard manatı istehlak kreditlərinin payına düşür. Bu vəsaitin hansı hissəsinin banka qayıda biləcəyi artıq sual doğurur.
İndi bankların yalnız dollarla kredit verməsi də vəziyyəti bir qədər ağırlaşdırır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin aparıcı mütəxəssisi, "İqtisadi forum" curnalının baş redaktoru Samir Əliyev yaranmış problemin Azərbaycanda xarici valyutada kreditin verilməsinə qadağa məsələsini gündəmə gətirdiyini bildirir: "Ölkədə 2015-ci ilin sonuna xarici valyutada olan kreditlərin həcmi 10,7 milyard manat olub ki, bunun da 3 milyard manatı istehlak kreditlərinin payına düşür. Bu qədər vəsaitin hansı hissəsinin banka qayıda biləcəyi artıq sual doğurur. Həmin vəsaitin müəyyən hissəsi indidən ümidsiz borc sayıla bilər. Vacib olaraq vurğulamaq istəyirəm ki, valyuta kreditlərinin ödənməməsi problemi çox ciddi məsələdir və həllini tapmalıdır".
Şərhlər