Lənkəranda 4 nəfərin öldüyü küçənin sakinləri aksiya keçirib
26.03.2016 19:29 Sosreaksiya 1041
Sakinlər avtomobillərin sürətlə hərəkət etməsindən narazıdırlar.
Lənkəranda SU-8 yaşayış massivi deyilən ərazinin 200-dək sakini etiraz aksiyası keçirib.
Report-un xəbərinə görə, aksiyaya toplaşanlar yaşadıqları ərazidə avtonəqliyyat vasitələrinin sürətlə hərəkət etməsi səbəbindən tez-tez yolda qəza hadisələrinin baş verdiyini bildiriblər.
Belə ki, “Şəhidlər Xiyabanı” küçəsində son 10 gün ərzində bir neçə yol qəzasında azı 4 nəfər ağır xəsarət alıb. Bu ərazidən təxminən 200 metr aralıda martın 23-də baş verən sonuncu yol qəza hadisəsində vurularaq dünyalarını dəyişən 4 nəfərin hamısı SU-8 massivinin sakinləri olub.
Bu küçə avtomobillərin sürətlə idarə olunduğu əsas yoldur. Bu ərazidə uşaq baxçası, iki məktəb və şadlıq sarayının olması, şəhərlərarası avtovağzala çıxışın da bu yolun üstündə olması gün ərzində hərəkətin intensivliyini artıran səbəblərdir.
Zərərçəkənlərin qohumlarının da iştirak etdiyi aksiyada, əsas tələblər işıqforların quraşdırılması, piyada keçidinin tikilməsi, yolda sürətin azalmasına xidmət edən maneələrin qoyulması olub.
Rəsmi şəxslər tərəfindən aksiya iştirakçılarının fikirləri dinlənilib. Zəruri tədbirlərin görüləcəyi bildirilib.
Şərhlər