Azərbaycanda elektron cihazlarda avtomatik olaraq yay vaxtı tətbiq olunub
27.03.2016 13:19 Sosreaksiya 1025
Yay vaxtına avtomatik keçid əhali arasında çaşqınlığa səbəb olub.
Mart ayının 17-də Nazirlər Kabinetinin yay vaxtına keçidin ləğvi ilə bağlı qərar qəbul etməsinə baxmayaraq martın 27-də Azərbaycanda saatlar çəkildi. Amma saatlarımızı irəli yox, geriyə çəkmək məcburiyyətində qaldıq.
ANS PRESS-in məlumatına görə, əhalinin böyük hissəsinin istifadə etdiyi elektron qurğularda saat avtomatik olaraq yay vaxtına çəkilib, nəticədə paytaxt sakinləri, iri şəhərlər və rayonlar, kənd əhalisi səhər saatlarında anlaşılmazlıqla qarşılaşıb. Saatın təyin oluması məsələsində demək olar ki, hamı əziyyət çəkib. Məsələ sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilib.
Qayıdaq keçmişə... Nazirlər Kabinetinin məlum qərarından bir gün sonraRabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) əhaliyə tövsiyələr verdi və bildirdi ki, kompyuter, mobil telefon, server və digər informasiya-kommunikasiya texnologiyaları avadanlığında yay və qış vaxtlarına keçid avtomatik baş verir. Bununla əlaqədar, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkədə fəaliyyət göstərən operatorlar (o cümlədən mobil), provayderlər yay vaxtına keçidin ləğv olunması barədə xəbərdar olunduğunu, onlara informasiya sistemləri və şəbəkələrinin UTC+4:00 ilə sinxronlaşdırılması üçün qabaqlayıcı tədbirlər görülməsi tövsiyə edildiyini elan edib. Həmçinin ölkəmizdə fəaliyyət göstərən tanınmış xarici şirkətlərin (Microsoft və s.) yerli nümayəndəlikləri də yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılıb.
Ancaq görünən odur ki, nazirliyin ölkədə fəaliyyət göstərən operatorları, provayderləri yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırması bir o qədər də nəticə verməyib.
Bu da əhali arasında çaşbaşlığa səbəb olub. Bu anlaşılmazlıq heç şübhəsiz ki, Bakı Metropoliteninin fəaliyyətinə də təsir edib. Martın 27-si saat 08:10-da metronun Koroğlu stansiyasında qatarların hərəkət istiqamətini göstərən lövhənin yanında quraşdırılan saat 07:43-ü, digər saat 08:27-ni, müvafiq olaraq stansiyada olan digər saatlar da fəqrli rəqəmləri göstərirdi və bu hal, təkcə "Koroğlu"stansiyasında müşahidə edilmirdi. Bənzər mənzərə ilə metronun digər stansiyalarında da qarşılaşmaq mümkün idi. Hətta Elmlər Akademiyası stansiyasında eskalatorla yuxarı doğru hərəkət edərkən görünən saat hər kəsin təbəssümünə səbəb olurdu. Çünki eskalatorun istiqaməti üzərində quraşdırılan saatlarında biri 17:34-ü, digəri 20:56-nı göstərirdi.
Təbii ki belə olan halda əhalinin də “başını itirməsi” təbii haldır. Kimisi düzgün işləməyən bir saata baxaraq işə gecikdiyini, digəri isə saatı düzgün göstərən cihaza baxaraq işə çatmaq üçün kifayət qədər vaxtının olduğunu düşünürdü.
Belə olan halda ortaya iki sual çıxır:
1) Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən ölkədə fəaliyyət göstərən operatorları (o cümlədən mobil), provayderləri yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırmasına baxmayaraq niyə saatlar irəli çəkildi?
2) Bakı Metropolitenda quraşdırılan saatlar niyə fərqli rəqəmlər göstərir. Əgər saatlar avtomatik olaraq çəkilibsə, metropolitendə də fəqrlilik özünü bir saat göstərməli idi. Niyə bəzi saatlar bir neçə dəqiqə geri qaldığı halda, digərləri irəli, bəziləri isə hətta bir neçə saat irəli və geri işləyirdi?
Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən ANS PRESS-ə məzmunu məqalənin əvvəlində gətirilən tövsiyyələri xatırlatdılar və artıq əsas məsuliyyətinin əhalinin üzərinə düşdüyünü bildirdilər: “Nazirliyin əsas tövsiyyətləri vətəndaşlaradır. Onlar avtomatik olaraq irəli çəkilən saatlarını yenidən əvvəlki vaxta qaytarsınlar”.
Bakı Metropolitenində baş verən anlaşılmazlıq barədə isə yer altı nəqliyyatın mətbuat katibi Nəsimi Paşayev bildirdi ki, qatarların istiqamətini göstərən tabloların yanındakı lövhələrdə saatların irəli və ya geri işləməsində bir neçə dəqiqə yalnışlıq ola bilər: “Bu mərkəzi serverdən idarə edilir. Ancaq doğrudan da belə bir hal varsa, araşdırılacaq və problem aradan qaldırılacaq. Vətəndaşlara çıxış istiqaməti göstərən elektron tablolarda isə belə fərqlilik ola bilər. Hazırda həmin sistemlərdə yenilənmə gedir”.
Bununla da Azərbaycanda yay vaxtının ləğv olunduğu il xoşaqəlməz halla yadda qaldı. Lakin bir sıra təşkilat və şirkətlər, o cümlədən Azərbaycanda nümayəndəliyini olan beynəlxalq şirkətlər bu işə daha məsuliyyətli yanaşsaydı bəlkə də bu anlaşılmazlığın qarşısını almaq olardı. Xoşbəxtlikdən hadisə bazar günü baş verib, əks halda bu texniki məsələ daha neqativ nəticələrə səbəb ola bilərdi
Şərhlər