Bakıda yol qəzasında 10 uşaq yaralandı

28.03.2016 13:45     Sosreaksiya     894

Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.

Bakının Sabunçu rayonu ərazisində uşaqları daşıyan mikroavtobus qəzaya uğrayıb. Hüquq-mühafizə orqanlarından ANS PRESS-ə verilən məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsi ərazisində qeydə alınıb. Qəza zamanı 10-u uşaq olmaqla 12 nəfər yaralanıb. Yaralılar 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Uşaqları daşıyan "Ford" markalı mikroavtobusun  "Niva" ilə toqquşduğu bildirilir. 

Xəsarət alanlardan 10 nəfər 10-12 yaşlı məktəb şagirdi olub.

3 saylı Şəhər Klinik Xəstəxanasından ANS PRESS-ə verilən məlumata görə, xəstəxanaya müxtəlif xəsarətlərlə  10-12 yaş arası 10 məktəbli və iki nəfər böyük  gətirilib. Gətirilən şəxlərin hamısına tibbi yardım göstərilib və evə buraxılıblar. 

"Gətirilən şəxslərin heç birinin vəziyyəti ağır deyildi. Hamısına ilkin tibbi yardım göstərildi və ambulator müayinə üçün evə buraxıldı. Onların heç birində ciddi xəsarətlər  qeydə almadıq", - deyə xəstəxanadan bildirildi.

Bakı şəhəri üzrə Təhsil İdarəsi bu gün məktəblilərin qəzaya düşməsi ilə bağlı məlumat yayıb. Təhsil İdarəsindən  bildirilir ki, 71 nömrəli məktəbin uzaq məsafədə yaşayan şagirdləri məktəbə gətirilib-aparılmaları üçün özəl avtobus xidmətindən istifadə edirlər. Bu gün səhər saatlarında məktəbə gələrkən qəza baş verib, 10-a yaxın şagird xəstəxanaya aparılıb, yüngül xəsarət alması səbəbindən hazırda hamısı evə buraxılıb.

 

Şərhlər

Çox oxunanlar