Şəhid leytenantın apreldə toyu olmalı imiş
28.03.2016 13:53 Sosreaksiya 1516
Erməni təxribatı zamanı şəhid olan zabit toyuna görə bir neçə günə evlərinə qayıtmalı idi.
Erməni təxribatının qarşısını alan zaman şəhid olan hərbçi dəfn edildi. ANS PRESS-in məlumatına görə, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmənlə baş verən döyüş toqquşmasında həlak olan Silahlı Qüvvələrimizin zabiti Qalib Zülfüqarlının cənazəsi bu gün Lənkəranda ailəsinə təhvil verilib. Şəhid zabit doğulduğu Vilvan kəndində torpağa tapşırılıb.
Hərbi akademiyanın məzunu olan 24 yaşlı Qalib Zülfüqarlı Qazax rayonunda xidməti vəzifəsini yerinə yetirərkən düşmən tərəfdən mövqelərimizə açılan atəş nəticəsində həyatını itirib. Şəhid zabitin dəfn mərasimində doğmaları ilə yanaşı rayon rəsmiləri, kənd ictimaiyyəti, xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti iştirak edib. Vətən uğrunda canından keçən şəhid zabit yaylım atəşi ilə torpağa tapşırılıb.
Şəhid zabit dəfn edildikdən sonra Azərbaycan bayrağı əmanət kimi atasına təqdim edilib. Yaxınlarının verdiyi məlumata görə, Zülfüqarlılar ailəsinin ilk övladı olan Qalib yaxın günlərdə evə dönməli, aprel ayında toyu olmalı imiş. Qalibin atası Laim kişi ehtiyatda olan hərbi qulluqçudur.
Şərhlər